Vaxt.Az

Əməkdar artisti israrlıdır


 

Müğənninin həbs etdirmək istədiyi baş redaktor: «Əvvəl barışığa razılaşdı, sonra kimsə ona təsir etdi»

Əməkdar artisti israrlıdır Müğənni Mətanət İsgəndərlinin aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam Valehoğlunu məhkəməyə verməsi barədə yazmışdıq. Nərimanov Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında müğənninin özü də iştirak edib.


Hazırlıq iclasında iddianın qəbul olunmaması ilə bağlı vəsatət verdiklərini xatırladan baş redaktor vəsatətin rədd olunduğunu vurğuladı. Müsahibimizin dediyinə görə, iş artıq icraata qəbul olunub. E.Zahiroğlu məhkəməyə qədərki mərhələdə bir neçə dəfə M.İsgəndərli ilə danışdıqlarını xatırlatdı:

«İzah etməyə çalışdıq ki, ona qarşı hər hansı qərəzimiz olmayıb. Sadəcə, alınan informasiyalar əsasında belə bir məsələnin olduğunu ictimai müzakirəyə çıxarmışıq. O özü bu informasiyanı təkzib edib. Biz isə onun bütüm təkziblərini, hətta bizə yönəlik təhqirlərini də saytımızda dərc etmişik. Və onun təkzibindən sonra bir də bu məsələyə qayıtmamışıq. Özü də danışanda bildirdi ki, onun adının narkoman müğənnilər siyahısında çəkilməsi əsəblərinə ciddi təsir edib, bundan pis olub. İctimai qınaqdan çəkindiyi hiss edilirdi. Biz də düşündük ki, əslində hədəfimiz Mətanət İsgəndərli olmayıb. Onun məhkəmədəki çıxışları və telefon danışıqlarımız məndə belə qənaət yaratdı ki, o, narkoman olsa belə, ictimai təhlükəsi olan şəxslərdən deyil. Çünki o, ictimai qınaqdan qorxur... Bunu nəzərə alıb, bildirdik ki, bir yanlışlıq olub, aradan qaldırarıq, bunu məhkəməyə daşımayaq. Əvvəl razılaşmışdı. Sonra hiss etdim ki, kimsə ona təsir edib, davam etmək lazım gəldiyini deyib. Bu işdə kimsə maraqlıdır. Ona görə də Mətanət İsgəndərli məhkəmə məsələsində israrını davam etdirdi». Baş redaktor etiraf edir ki, sözügedən məqalə qeyri-peşəkar hazırlanıb. «Peşəkar adamlar o cür yazını sayta verməməlidilər» deyən E.Zahiroğlunun sözlərinə görə, yazı sayta gedəndən sonra onu düzəltmək imkanları da olmayıb: «Çünki yazı sayta gedəndən sonrakı 5 dəqiqə ərzində əksər saytlar da onu yaydılar.

Təəssüf ki, yazının son variantına baxa bilməmişdim. Bir məqamı da deyim ki, həmin yazı da jurnalistin müxtəlif şəxslərdən aldığı informasiyalar və informasiyalardan çıxan qənaət əsasında hazırlanmışdı. Amma yenə də bunu sübut etmək çətindir. Çünki əksər tanınmış şəxslər narkoloji dispanserdə qeydiyyatda olmurlar. Hakim əvvəlcədən bəyan etdi ki, vəsatət qaldırsaq ki, qanından analiz versin, bu vəsatəti də qəbul etməyəcək. Belə olduğu halda bu sayaq informasiyaları təsdiqləmək müşkülə çevrilir. Gərək adam o maddədən istifadə edən zaman çəkilmiş foto, videogörüntülər olsun. Bu isə absurddur». E.Zahiroğlunun dediyinə görə, hazırlıq iclasında, eləcə də ondan əvvəl müğənninin davranışlarında bir arxayınlıq hiss edilirmiş: «Sonuncu danışıqlarda birbaşa həbsdən danışırdı. Bilirsiz ki, həm məqalə müəllifindən və sayt rəhbərindən 500 min manat təzminat, həm də hər ikimizin həbsini tələb edir. Mənə dedi ki, sizdən alacağım pulu uşaq evlərinə, kimsəsizlərə bağışlayacam». İş icraata verilib. Müsahibimiz hesab edir ki, növbəti prosesdə artıq qərar verilə bilər.

Xatırladaq ki, tanınmış müğənni Mətanət İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Aznews.az saytında müğənninin narkoman olması ilə bağlı xəbər yayılmışdı. (musavat.com)

 





21.06.2014    çap et  çap et