R. Kirakosyan bunları yazıb: «Seminarda iştirak üçün parlamentarilərin Bakı səfəri Rusiya xarici işlər naziri Sergey Lavrovun səfəri ilə üst-üstə düşdü. Rusiya Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəyir. Moskva və Bakının hərəkətləri Ermənistana dərs olmalıdır, çünki Moskva yalnız gücə hörmət edir, tabeçiliyə yox».
Ermənistan Qafqaz Universitetinin rektor müavini, politoloq Sergey Minosyan görə, rəsmi İrəvanın Azərbaycan kimi iqtisadi cəhətdən imkanlı və regionda siyasi manevrlər edərək öz maraqlarını təmin edən rəqibi olduğunu bildirib:
«Rəsmi Bakı hazırda öz maraqlarından çıxış edərək Qərb və Avrasiya ittifaqı arasında manevr etməkdədir. Azərbaycan uzun müddətdir ki, bu siyasəti aparır. Rəsmi Bakının NATO-ya üzv olmaq planları olmasa da, biz görürük ki, onlar Şimal Atlantik Alyansı ilə sıx münasibətlər qurublar. Azərbaycan öz nefti və pul resursları hesabına güclü dövlətə çevrilib, onlar hər hansısa qurum və dövlətdən asılı deyillər».
***
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, deputat Zahid Oruc seminarın yekunları və bu tədbirdə iştirak edən Ermənistan nümayəndə heyəti üzvünün təəssüratları ilə bağlı yazılanları şərh etdi. Deputatın sözlərinə görə, bu xarakterli seminarlar əhəmiyyətlidir: «Belə seminarlar yuxarı strukturlar üçün əsas prinsipləri, önəm daşıyan ideyaları, aktual baxışları ifadə etmək üçün vacibdir.
Bu, sadəcə dinləmə, adi seminar statusunda qəbul edilməməlidir. Seminarın yekunlarını Azərbaycan üçün uğurlu qiymətləndirirəm. Bölgənin problemlərinin açılması, Azərbaycanın mövqeyinin güclü, koordinasiyalı və komanda şəklində ifadə olunması, arqumentlərimizin tutarlılığı qeyd edilməlidir».
Z.Oruc qeyd etdi ki, seminarda Rusiya-Ukrayna hadisələri, İranın regionda təhlükəsizlik məsələsi də diskussiya mövzusu olub. Deputatın fikrincə, erməni parlamentinin üzvlərinin seminarda iştirakı tədbirə gərginlik, ajiotaj qatırdı:
«Onlar Bakıya pozuculuq niyyəti ilə gəlmişdi. Guya diskriminasiyaya məruz qaldıqlarını sübut etmək istəyirdilər. Onların Azərbaycanı qeyri-tolerant ölkə kimi təqdim etmək arzuları da baş tutmadı. Erməni deputatlardan fərqli olaraq Azərbaycan eyforiyadan, populizmdən uzaq fikirlərlə öz mövqeyini ifadə etdi».
Rusiya-Azərbaycan arasında gizli anlaşma olması iddiasına münasibət bildirən deputat əlavə etdi ki, ermənilərin bu sözü deməyə mənəvi haqqı yoxdur. Ermənilərin Kremlin hazırladığı çıxışlardan kənara çıxa bilmədiyini söyləyən Z.Oruc bildirdi ki, Qərb dövlətləri Azərbaycan üçün həll edə bilmədikləri problemləri «Rusiya güclənir», «ortada gizli anlaşma var» adı ilə təqdim edirlər.
Z.Orucun ermənilərin Bakıya gəlməsinin birmənalı qarşılanmaması mövqeyi belə oldu: «Zəhərli bir ilan hissələrə parçalansa da, ziyanlılıq mahiyyətini daşıyır. İclasın sonuna doğru ermənilər qeyd etdilər ki, növbəti seminar Ermənistanda keçiriləcək və Azərbaycan gələ bilər. Guya onlar bizə demokratik erməni cəmiyyəti göstərəcəklər.
Bu, taftaloji yanaşmadır. Biz cavab verdik ki, belə demokratik və cəsarətlidirlərsə Xocalı soyqırımı abidəsini ziyarət etsinlər. Təbii, onların ruhu ermənilərin abidə önünə gəlməsini istəməz. Ancaq unutmasınlar ki, Holokost hadisəsi ən qəddar cinayətdir. Alman nəsli bu hadisədən üzr diləmək mənasında abidəni ziyarət edir. Almanlar ermənilərdən fərqli olduğunu göstərir».
***
Siyasi şərhçi Natiq Miri təsdiqləyir ki, Azərbaycan və Rusiya arasında bir yaxınlaşma var. Onun sözlərinə görə, bu yaxınlaşma heç də gizli anlaşmanın olduğuna dəlalət etmir. Politoloqun fikrincə, süni bir ajiotaj yaradılıb və ictimai rəydə çaşqınlıq yaratmaq istəyirlər: »Ukrayna itkisindən sonra boş yeri kompensasiya etmək üçün Azərbaycan Rusiyaya gərəklidir. Avrasiya İttifaqına Ukraynanı cəlb edə bilməmək, Azərbaycanın da quruma üzv olmaması bu layihəni kölgədə qoyur. Qarabağa gəlincə, süni ajiotaj hazırlanıb. Bir qrup tərəfindən mediaya ortaya atılmış blefdir.
Guya Qarabağ məsələsində Rusiya ilə gizli anlaşma var. Qərb-Rusiya qarşıdurması aydınlaşmadan belə bir sövdələşmə mümkün deyil. Moskva Qarabağ kimi təsir imkanını heç vəchlə itirmək istəməz. Nəhayət, Lavrovun Bakı səfərində bu müzakirələrə nöqtə qoyuldu. Lavrov qeyd etdi ki, Avrasiya İttifaqının Qarabağ münaqişəsinə qətiyyən aidiyyəti yoxdur. Bu həm Ermənistanı sakitləşdirməyə hesablanmışdı, həm də Rusiyanın mövqeyi idi. Çünki Rusiya istəsə belə Qarabağ problemini irəliyə daşıya bilməz. Buna Amerikanın razılığı olmalıdır».
N.Miri Qarabağın açarının təkcə Rusiyada olmadığını hesab edir: «Dünyanın digər güclərinin iradəsi daxilindədir. Amerika Azərbaycanın Rusiyanın orbitinə gedəcəyini bildiyi halda Qarabağın həllinə razılıq verə bilməz. Qərb istəməz ki, Azərbaycan Avrasiya İttifaqına girsin, suveren hüquqlarını təslim etsin. Rusiya isə Azərbaycanı bu ittifaqa cəlb etmədən Qarabağın həllində güzəşt edə bilməz. Odur ki, heç bir gizli anlaşma yoxdur. Cəmiyyət süni ajiotaja uymamalıdır. Ruspərəst şəbəkənin yaratdığı oyundur».
Analitik NATO PA-nın Bakıdakı tədbirlərini belə qiymətləndirdi: «Ermənistan və Azərbaycan NATO ilə bağlı qərar verəcək gücdə deyil. NATO inteqrasiyanı gücləndirmək və bu ölkələri özündən uzaqlaşdırmamaq üçün belə proqramlar həyata keçirir.
Azərbaycan Avropa Birliyi rəhbərliyi ilə görüşdə verdiyi bəyanatı Rusiya rəhbərliyi qarşısında da səsləndirdi Bu, balanslaşdırılmış siyasətdir. Azərbaycan nə Avrasiya İttifaqına girir, nə də Avrointeqrasiyanı sürətləndirir».