Vaxt.Az

Deputatın «Hesab vaxtı»


 

Qənirə Paşayevanın kitabı çapdan çıxıb

Deputatın «Hesab vaxtı» Millət vəkili, AYB üzvü Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb. «Hesab vaxtı» adlanan kitab bugünlərdə respublikamızda qonaq olan, «Azərbaycandan Türk Dünyasına könül kör­püsü» Şeir Şölənin nümayəndələrinin iştirakı ilə «Park INN» otelində ədəbi ictimaiyyətə təqdim edilib.


Türkiyədən və İraqdan gəlmiş ədəbiyyatçıları və bütün qonaqları salamlayan xanım Paşayeva, «Hesab vaxtı» adlanan bir nəşrin yazılmasına səbəb olan duyğu və düşüncələrdən söz açaraq, hər kəsin, hər şeyin bir hesab vaxtı olduğunu, heç kimin və heç nəyin o hesab günündən qıraqda qala bilməyəcəyini və bu ilahi məsuliyyətin insana bəxş etdiyi hissləri bu kitab vasitəsi ilə bölüşməyə çalışdığını dedi.

Millət vəkili ilk imzalı kitabını tədbirdə iştirak edən Türkiyənin nüfuzlu şairi, şeirləri və şeirlərinə yazılmış mahnıları Azərbaycanda, digər türksoylu ölkələrdə yaxşı tanınan Camal Safiyə təqdim edib. Sonra tədbirdə iştirak edən digər qonaq yazarlara, ədəbiyyatşünaslara, habelə Azərbaycan QHT və KİV-lərini təmsil edən onlarla kitabsevərə, yazarlara imzalı kitablar təqdim olunub. Tədbirdə Türkiyənin Azərbaycan Böyükelçiliyinin Kültür-Tanıtma Müşaviri Seyitahmet Arslan, canlı klassik Camal Safi, doktor Şəmsəddin Kuzəçi, şairə Ayşə Paslanmaz və başqaları müəllifə uğurlar diləyib, yeni yaradıcılıq üfüqləri arzulayıblar. Qeyd edək ki, «Hesab vaxtı» insan, toplum, dünya və Yaradan haqqında; insanlıq, həyat tərzi, münasibətlər sistemi, ilahi eşq, yaradana gedən yol və s. mövzularda iqtibas və örnəklər, ədəbi-fəlsəfi düşüncələr, elmi-ictimai motivli fikirlərlə süslənmiş publisist yazılardan ibarətdir. Nəfis tərtibatla çıxan kitab, geniş oxucu kütləsi üçün nəzərdə tutulub və oxucular artıq kitab mağazalarından əldə edə bilərlər.

 





21.06.2014    çap et  çap et