Yazıçı AYB-nin onun istefası ilə bağlı verdiyi bəyanata cavab olaraq qeyd edib:
«Bu müddət ərzində maddi məsələlərlə əlaqədar qapı döyməmişəm. 2003-2004-cü illərdə «Ulduz» jurnalının nəsr və publisistika şöbəsinin yarımştat müdiri işləmişəm. Amma bu illər ərzində tam ştata keçirilmək bir yana, oturub işləmək üçün yer verilmədiyindən redaksiyadan getməli olmuşam. 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsəm də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsilə İH-nin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmamışam» - deyə, N.Əbdülrəhmanlı əlavə edib.
Qeyd edək ki, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza N.Əbdülrəhmanlının istefası ilə bağlı açıqlama verib və bildirib ki, onlar heç kimi quruma məcbur üzv etmirlər: « Biz heç kimi məcbur üzv etmirik. Kim istəyir üzv olur, kim istəyir istefa verir. Biz heç kəsi nə dəvət edirik, nə də çıxarırıq. Əgər Nəriman Əbdülrəhmanlı bu cür çıxmağı lazım bilirsə, xoş gəldi, lap yaxşı».