Vaxt.Az
Altı üstünə çevrilmiş şəhər
Tovuzun küçələri 2 ildir qazılıb, sakinlər palçıqlı yollarda əziyyət çəkir
Bir neçə gün əvvəl yaxın qohumumuzun dünyasını dəyişməsi ilə bağlı Tovuz şəhərinə getmişdim. Tovuz dəmiryol vağzalında qatardan düşəndə məəttəl qaldıq. Şəhər sanki bataqlığa çevrilmişdi. Evimiz vağzala yaxın olmasına baxmayaraq bu palçıq «çaylarını» keçib piyada getməyin mümkün olmadığını gördükdə taksiyə əyləşdim. Şəhərin keçilməz küçələri ilə evə üz tutduq. Sürücü ilə söhbətdə dedi ki, 2 ildir şəhərin su-kanalizasiya sisteminin təmir və yenidənqurma işləri gedir. Lakin iş çox ləng və sistemsiz aparıldığından sakinlər çox əziyyət çəkirlər.Məlum olduğu kimi, ölkənin əksər şəhərlərinin su-kanalizasiya sistemləri keçən əsrin ortalarında istifadəyə verildiyindən onların bəzilərinin istismar müddəti artıq bitib, bəziləri isə baxımsızlıqdan sıradan çıxıb. Bundan başqa, şəhərlərin böyüməsi su-kanalizasiya sisteminin genişləndirilməsini zəruri edir. Uzun müddətdir istifadədə olan bu sistemlər şəhərlərin getdikcə artan yaşayış obyektlərinin və əhalisinin tələbatına uyğun gəlmir.
Bunu nəzərə alaraq son illərdə «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində respublikanın əksər şəhərlərinin su-kanalizasiya sistemlərinin genişləndirilməsinə və təmirinə başlanılıb.
Aydın məsələdir ki, bu sistemin yenidən qurulması kanalizasiya və su təchizatının keyfiyyətinin daha da yüksəldilməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, küçə və yolların eyni vaxtda qazılıb tökülməsi və yol təhlükəsizliyi nəzərə alınmaması şəhər sakinlərinə xeyli problem yaradıb.
İstisnasız olaraq bütün küçələr darmadağındır - asfalt qazılıb-tökülüb, dərələr, təpələr əmələ gəlib. Adama elə gəlir ki, sanki zəlzələ baş verib. Son günlərdə yağan yağışlardan sonra isə vəziyyət faciəvidir. Küçələrdəki palçıq bataqlıqlarından, kiçik çay və gölməçələrdən avtomaşınlar belə zorla hərəkət edir.
Bu vəziyyətdə maşınların hissələri sıradan çıxır. Məhz bu səbəbdən taksilər eyni məsafəyə gedişhaqqını 2 dəfə artırıblar. Sakinlər isə hər yerə taksi ilə getməyə məcburdurlar.
Biz rayonda olduğumuz günlərdə narın yağış fasilələrlə davam etdi. Tovuz şəhəri palçıq bataqlığında «üzməyə başladı». Taksilər bir çox ərazilərə aparmaqdan imtina edirlər ki, bu zaman da sakinlər dizədək palçığa bata-bata min bir işgəncə ilə getməyə məcbur olurlar. Şəhərin mərkəzi hissəsində də eyni vəziyyətdir, palçıq əlindən yerimək olmur. Mərkəzi bazarda isə vəziyyət kritikdir.
Kanalizasiya və su borularını çəkən işçilər üçün də təhlükəsizlik tədbirləri görülməyib. Çəkilən şəkillərə diqqət yetirsəniz görərsiniz ki, nəinki işçilərin lazımi təhlükəsizlik geyimləri, uniformaları, heç yollarda təhlükəsizliyi bildirən yol işarələri də yoxdur.
Bəzi sakinlər hesab edir ki, şəhərin su-kanalizasiya sistemlərini mərhələli şəkildə yeniləmək olardı. Halbuki artıq 2 ildən çoxdur ki, Tovuz şəhərinin bütün küçələri və magistral yollar eyni vaxtda qazılıb tökülüb. Bakı-Qazax avtomagistralının şəhərin içərisindən keçən hissəsində isə əməlli-başlı çay axırdı.
Artıq yağışlı, qarlı qış fəsli başlayıb. Belə havalarda səkilər və yollar su içində olan zaman piyadalar və sərnişinlər daha çox əzab-əziyyət çəkəcəklər. Yas məclisində deyilənlərə görə, qadınların palçığa batmış paltar, ayaqqabı yumaqdan əllərinin dərisi gedib, mağazalarda paraşok, sabun yaxşı satılır.
Son 2 ildə Tovuzda bu vəziyyətin yaranması sakinlərin müxtəlif tənəffüs orqanları xəstəliklərinə tutulmasına səbəb olub. Əldə etdiyimiz məlumatlara görə, son 1 ildə Tovuz şəhərindən ağciyər və tənəffüs orqanları xəstəliklərinin sayı 3 dəfə artıb. Bu da quru havalarda avtomobillərin hərəkəti zamanı şəhərin toza bürünməsi ilə bağlıdır.
Tovuzda müşahidə etdiyim ən maraqlı hallardan biri də şəhər dəmiryol stansiyasının 1-ci mərtəbəsinin qapılarının qıfılla bağlanması və bu mərtəbənin çayxana kimi istifadə edilməsi oldu. Bunun dünya tarixində analoqu yoxdur.
16.12.2012 çap et