Ancaq hələlik görünən odur ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına nail ola bilmirlər. Hakimiyyət təmsilçilərinin bəyanatlarından da görünür ki, rəsmi Bakı Avrasiya İttifaqına qoşulmaq istəmir. Beləliklə, Kremlin cəhdlərinin nəticəsizliyi ortadadır.
Bəs, Rusiya rəsmi Bakıdan müsbət cavab ala bilməməsinin əvəzini Azərbaycanı cəzalandırmaqla çıxmaq yolunu seçə bilərmi? Azərbaycana cəza kimi ermənilərin işğalı altında olan Dağlıq Qarabağı Ermənistanla birlikdə Avrasiya İttifaqına daxil edə bilərmi?
Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin sədri Natiq Miri öncə bildirdi ki, Ukrayna məsələsi Rusiya üçün bu gün prioritet məsələdir.
Bu problem Rusiya üçün hələ həllini tapmayıb. Hələ də Ukraynaya təzyiqlər davam edir və görünür ki, Putin hakimiyyəti Ukraynadan asanlıqla vaz keçməyəcək. Hətta iyunun 27-də Ukraynanın Avropa Birliyi ilə assosiativ müqavilə imzalamasını pozmaq üçün Kreml əlindən gələni edir. Yəni Rusiya sonadək çalışacaq ki, həm Ukraynanı, həm də Azərbaycanı Avrasiya İttifaqına cəlb etsin: «Lakin mən düşünürəm ki, istədiyinə nail ola bilməyəcək. Rusiya hakimiyyəti də bilməmiş deyil ki, güclü təzyiqlərlə, təhdidlə artıq ölkələri istənilən güzəştə məcbur etmək, geri çəkilməsinə nail olmaq mümkün deyil. Kəskin təzyiq dövlətlərin Rusiyadan daha da uzaq düşməsinə, Rusiyanın qarşısında olan Qərblə daha çox yaxınlaşmasına gətirib çıxarır. Kreml anlayır ki, konkret olaraq Azərbaycana həddindən artıq təzyiq elədikdə, Azərbaycan üzünü birmənalı şəkildə Qərbə doğru çevirə bilər. Azərbaycana hansısa böyük təzyiqlər olduğu təqdirdə, Dağlıq Qarabağ kartından təzyiq vasitəsi kimi istifadə ediləcəyi halda Azərbaycan ciddi qlobal təhlükəsizlik sisteminə daxil olmalıdır ki, bu təzyiqlərdən qorunsun. Rusiya bunu anlayır və Azərbaycanı buna vadar etməyin Rusiyanın zərərinə olacağını bilir. Ona görə də Moskva yayı bir həddə qədər sıxacaq».
Ekspertin sözlərinə görə, Rusiya düşünür ki, Azərbaycanı Avrasiya İttifaqı, Gömrük İttifaqı kimi ittifaqlara qoşa bilmədiyi halda, heç olmasa Azərbaycan Qərbin təklif etdiyi birliklərə də üzv olmasın. Azərbaycan da məhz bu yolu tutub. Avropa Birliyinin nümayəndələrinə verilən cavablar eynilə Rusiyaya da verilib: «Azərbaycanın xarici işlər nazirinin Sergey Lavrovla görüşdə «artıq adında ittifaq olan sözlərdən bezmişik, biz heç bir ittifaqa girmək fikrində deyilik» bəyanatı da Azərbaycan dövlətinin siyasətinin necə olduğunu bəlirləmiş oldu. Ona görə də mən inanmıram ki, Rusiya Azərbaycanı Qarabağı hansısa formada Avrasiya İttifaqına qoşmaqla cəzalandırmaq, sıxmaq kimi addıma getsin. Çünki bu addım dərhal Azərbaycanın açıq şəkildə Qərbə üz tutmasını stimullaşdıracaq».
N.Miri onu da vurğuladı ki, BMT tərəfindən Azərbaycan ərazisi olaraq tanınan Dağlıq Qarabağın Ermənistanın tərkibində və ya ayrıca Avrasiya İttifaqına qəbul edilməsi mümkün deyil: «Bunu Avrasiya İttifaqının üç təsisçisindən ikisi-Qazaxıstan və Belarus da qəbul etməz. Qazaxıstan prezidentinin Ermənistan qarşısında şərt qoyduğu və İrəvandan rəsmi izahat istədiyi dediklərimi təsdiqləyən faktdır. Qazaxıstan prezidenti Nazarbayev açıq mövqe ortaya qoydu ki, Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağla birlikdə daxil olması mümkün deyil. Qazaxıstan və Belarus Rusiyanın və Ermənistanın ürəyindən keçən istəyin reallaşmasının qarşısını ilk andaca aldılar. Bu ölkələr beynəlxalq hüquqdan istifadə edərək Dağlıq Qarabağ kimi separat qurumların Avrasiya İttifaqına daxil olmasının qarşısını aldılar. Rusiya da bütövlükdə Avrasiya İttifaqı layihəsinin pozulmaması üçün Qazaxıstanın və Belarusun qarşısında dura bilmədi, beynəlxalq hüquqa müəyyən mənada baş əymiş oldu. Ona görə də inanmıram ki, bundan sonra Rusiya Dağlıq Qarabağı Avrasiya İttifaqına gətirmək istəyinə düşsün». (musavat.com)