İyunun 21-i rəsmi Kremldən gələn açıqlamalara əsasən, Putinin Poroşenkonun sülh planına inanmamasının əsas səbəbi kimi bu planın daha çox üsyançılara sanki bir ultimatum olaraq xarakterizə olunmasıdır.
Putin həmçinin sülh planında Ukrayna tərəfi ilə Rusiya yönümlü separatçılar arasında sülh danışıqlarının başlanması üçün heç bir bəndin olmamasnı da qeyd edib. Onun sözlərinə görə, təklif edilən planda tərəflər arasında dialoqun başlanması ilə bağlı konkret müddəalar yoxdursa, o zaman planın uğurlu ola bilmə ehtimalı azalır.
Eyni zamanda Putin hər iki tərəfin silahları yerə qoyması çağırışını alqışlayıb. Rəsmi Kremlın verdiyi açıqlamada «Rusiya prezidenti Ukrayna hərbi qüvvələri və üsyançıların tərk-silah olaraq, müzakirə masası ətrafında əyləşmələrini ən doğru addım hesab edir», - deyə qeyd edilib.
15 bəndlik plan
Poroşenkonun 15 bəndlik planında ölkə ərazisində 1 həftəlik atəşkəsin elan olunması qeyd edilib. Planda həmçinin «ağır cinayətlərdə» iştirakçı olmayan separatçıların əfv olunacağı və rus dilinin qorunması məqsədi ilə konstitusional islahatların keçirilməsi öz əksini tapıb.
Lakin Kiyev tərəfinin təklif etdiyi barışığa baxmayaraq, iyunun 21-i ölkənin şərqində hələ də hərbi toqquşmaların baş verdiyi və bu toqquşmalar nəticəsində yaralananların olduğu qeyd edilir. İyunun 20-si etdiyi atəşkəs çağırışında Poroşenko separatçılar tərəfindən hərbi hücum olduğu təqdirdə Ukrayna ordusunun da müdafiə xarakterli cavablar verməsini söyləyib.
Qərb liderlərinin Putindən fərqli olaraq təklif olunan plana müsbət yanaşdıqları iddia edilir. Belə ki, alman kansleri Angela Merkelin sözçüsü iyunun 21-də verdiyi açıqlamalarda «İndi sülh əldə etmək üçün siyasi həll yolu tapmaq vaxtıdır. Ukrayna prezidentinin sülh planı bu məqsəd üçün qoyulan çox yaxşı təməldir», - deyə bildirib.
ABŞ prezidenti Barak Obama və onun fransalı həmkarı Fransua Olland da sülh planına qarşı müsbət fikirdədirlər
Rusiya əsgərləri döyüşə tam hazır vəziyyətdədirlər
Rəsmi Kremlin verdiyi son açıqlama Putinin Rusiya ordusunun döyüşə tam hazır vəziyyətdə mərkəz bölgələrə gətirilməsi xəbərindən bir neçə saat sonra gəldi.
Müdafiə naziri Sergey Şoyqu «Putinin əmrinə əsasən, Moskva vaxtı ilə səhər saat 11 radələrindən etibarən ölkənin mərkəzi hissələrində hərbi qüvvələrimiz döyüşə hazır vəziyyətə gətirilmişdir», - deyə Rusiya mətbuatına açıqlamalarında bildirib. Bir həftə davam edəcək hərbi çağırış zamanı 65.000-dən çox siravi əsgər, həmçinin Volqa və Ural regionları hərbi hava qüvvələri iştirak edəcək.