Vaxt.Az

TQDK 40535 şagirdi sınağa çəkir


 

Sabah növbəti buraxılış imtahanı keçiriləcək

TQDK 40535 şagirdi sınağa çəkir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarının, həmçinin Gəncə və Mingəçevir şəhərinin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.


TQDK-dan AN SPRESS-ə verilən məlumata görə, qeyd olunan şəhər və rayonlarda imtahanların keçirilməsi üçün 51 imtahan mərkəzi ayrılıb.

Şagirdlər imtahana «İmtahana buraxılış vərəqəsi», şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Bu imtahanlarda ümumilikdə 40535 şagirdin iştirakı gözlənilir. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələrini və təqdim ediləcək yazı işlərinin mövzularını Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

 





23.06.2014    çap et  çap et