Vaxt.Az

Ramiz Mehdiyev narkobiznesin təhlükələrindən danışıb


 

Ermənistanın işğal etdiyi ərazilərdə «boş ərazilər» yaranıb

Ramiz Mehdiyev narkobiznesin təhlükələrindən danışıb İyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilib.


Vaxt.az AzərTAc-a istinadən xəbər verir ki, 61 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşün açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç çıxış ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT baş katibinin müavini Yuriy Fedotov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciətlərini oxuyublar.

Görüşdə əsas müzakirə mövzuları narkotiklərin doğurduğu qlobal təhlükə ilə mübarizə və transmilli cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan istifadənin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq olub.

Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq edib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda qlobal səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli meyllər qeyd olunub. Xüsusilə vurğulanıb ki, hərbi münaqişə zonalarında və «boz zonalar» adlanan - milli və beynəlxalq nəzarətin həyata keçirilmədiyi ərazilərdə narkotik istehsalının genişləndirilməsi narkobiznesin və beynəlxalq terrorçuluğun çiçəklənməsi üçün əlavə əlverişli şərait yaradır.

Qeyd olunub ki, belə «boz zonalar»dan biri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində və ona bitişik yeddi rayonda yaranmışdır. Bunun nəticəsində Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə güclü narkotik axını həyata keçirilir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında görülmüş hərtərəfli tədbirlər və bu sahədə əldə olunmuş uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün geniş Dövlət Proqramı» barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov, Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçirib.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında sıx dostluq münasibətlərinin olduğu vurğulanıb.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə bağlı dəvətini Prezident Minnixanova təqdim edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tədbirin qlobal narkotik təhlükə və qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsində rolunu yüksək qiymətləndirilib.

 





23.06.2014    çap et  çap et