Vaxt.Az

Oliqarxların bank hesabları gizli qalacaq


 

ABŞ-da bank hesabı olan hər bir azərbaycanlı hüquqi və fiziki şəxs Vergilər Nazirliyinə məlumat verəcək

Oliqarxların bank hesabları gizli qalacaq «Banklar haqqında» Qanuna edilən dəyişikliyə görə, ABŞ-da bank hesabı olan hüquqi və fizikilər barədə məlumat açıq olacaq. Yəni, ABŞ və Azərbaycan hökumətlər arasında bank məlumatları şəffaflaşacaq.


Qanunun banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına sanksiyaları hissəsinə 60.1.4 -cü maddə əlavə edilib. Həmin maddəyə əsasən, Vergi Məcəlləsinin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə - aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq. Məcəlləyə yazılmış xüsusi qeyddə göstərilir ki, bu, ABŞ-da qüvvədə olan FATCA ilə bağlıdır. Həmin qanun ABŞ vətəndaşlarının xarici hesabları barədə banklar arasında məlumat mübadiləsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan Respublikasının qanunlarına xarici rezidentlərin hesabları barədə məlumat mübadiləsinə dair müddəalar əlavə edilir.

Xatırladaq ki, FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilib və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minib. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

ABŞ-ın vergi qanunvericiliyinə əsasən, xarici ölkələrdə yaşayan bütün vətəndaşları şəxsi gəlirlərinə görə sözügedən dövlət qarşısında vergi öhdəliyi daşıyır və bütün növ gəlirləri üzrə bəyannamə verməyə borcludur.

Aparılan hesablamalara əsasən, ABŞ xəzinəsi hər il vergidən yayındırılaraq, ofşor zonalar da daxil olmaqla, xaricə köçürülən və ya ABŞ-a, ümumiyyətlə, gətirilmədən əldə edildiyi xarici dövlətdə saxlanan məbləğlər üzrə 100 milyard dollara qədər vergi itirir.

ABŞ vergi mükəlləfinin vergidən yayındıraraq xarici dövlətdə gizlətdiyi vəsaitlərin yerləşdirildiyi maliyyə institutlarını vergidən yayınan şəxslə əlbir hesab edərək, həmin maliyyə institutunun da məsuliyyətə cəlb edilməsini nəzərdə tutan yeni qanun - FATCA qəbul edib.

İqtisadçı-ekspert Samir Əliyevin «Bizim Yol»a şərhində bildirdi ki, bu istiqamətdə iki model mövcuddur: «Yəni hesabatlılıq iki formada baş verir. Birincisi, maliyyə institutunun özü bəyannaməni təqdim edir. Yəni hüquqi və fiziki şəxs üçüncü tərəfin iştirakı olmadan özü verir. İkincisi, hökumətlər arası sazişə əsasən, müvafiq qurumlar məlumatı toplayaraq mərkəzləşdirilmiş qaydada ABŞ-ın Daxili Gəlirlər İdarəsinə göndərilir. Azərbaycan məlumatların mərkəzləşdirilməsi ilə bağlı modelə qoşulub. Bunun özü də iki yerə ayrılır. Birincisi, məlumatlar ikitərəfli verilir, digəri bəyannamələrin birtərəfli-yəni bir dövlətin verməsidir. Azərbaycan hökuməti mərkəzləşdirilmiş modeldə, məhz məlumatların ikitərəfli palyaşılmasına qoşulub».

Yəni ABŞ-da bank hesabı olan hər bir azərbaycanlı hüquqi və fiziki şəxsi barədə Azərbaycanın Vergilər Nazirliyinə, eləcə də buradan İRS-a məlumat veriləcək.

S.Əliyev əlavə etdi ki, illik dövriyyəsi fiziki şəxslər üçün ən aşağısı 50 min dollar, hüquqi şəxslər üçün isə 250 min dollar olanlar haqqında bəyannamə veriləcək: «Burada məqsəd vergi yayınmalarının, çirkli pulların və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaqdır. Qanunvericiliyə görə, hər bir Amerika vətəndaşı öz gəlirlərindən vergi ödəməlidir. Hazırda 5 ölkə birinci modelə, 29 ölkə isə ikinci modelə qoşulması üçün ABŞ-la saziş imzalayıb».

O ki qaldı, azərbaycanlı oliqarxlara məxsus bank hesablarının təqdim edilməsində şəffaflığın yaradılmasına və məlumatların açıqlığına, S.Əliyev vurğuladı ki, bu məlumatlar Vergilər Nazirliyində toplanacaq: «Həmin məlumatları dövlətlər əldə edə biləcək, amma ictimaiyyət yox. Burada əsas məram şəffaflığın təmin edilməsidir. Elə insanlar var ki, böyük hesabları var və bu haqda məlumatlar açıqlanmır. Amerikanın məqsədi dünyada maliyyə axını ilə bağlı prosesi öz üzərinə götürməkdir. Əgər hər hansı bir şirkət bu sistemə qoşulmazsa, Azərbaycanın Vergilər Nazirliyinin tam səlahiyyəti var ki, dövriyyədən 30 faiz tutaraq ABŞ-ın Daxili Gəlirlər İdarəsinə göndərsin. Bundan əlavə, Azərbaycan banklarının müxbir hesablarının çoxu Avropa və Amerikada yerləşir. Əgər ölkəmiz bu sistemə qoşulmazsa onlara sankisyalar tətbiq edilə bilər. Necə ki, bu təcrübə Rusiyada özünü göstərdi».

 





24.06.2014    çap et  çap et