Dünya çempionatında Hollandiyanın İspaniyanı 5:1 məğlub etdiyi oyundan sonra FİFA-nın normal proseduruna görə, 6 hollandiyalı futbolçu dopinq testinə çağırılıb.
Virtualaz.org saytı Qərb nəşrlərinə istinadən xəbər verir ki, FİFA-nın həkimi Georgi Bertolucci məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında Belçikadan 1, Hollandiyadan 6 futbolçunu dopinq testinə çağırdıqlarını və müayinə nəticəsində həmin futbolçuların dopinqdən istifadə etmələrinin müəyyən edildiyini deyib.
Həkim futbolçuların adlarını açıqlamayacaqlarını, lakin bunun dünya futbolu adına ləkə olduğunu söyləyib.
G.Bertolucci futbolçuların dopinqdən istifadə etməsi ilə bağlı FİFA-ya məlumat verdiklərini deyib: «Ancaq FİFA onlara cəza vermədi. Hollandiya kubok yarışlarına davam edəcək və bu, heç də ədalətli deyil. Bu an yalnız FİFA bu oyunçuları matçlarda yaxından təqib edəcək».
Futbolçulara bu icazənin verilməsinin səbəbləri haqda isə heç bir məlumat verilmir. FİFA da bu şok açıqlama ilə bağlı hələ ki, susur.
İspan mətbuatına danışan İspaniyanın baş məşqçisi Visente Del Boske bu xəbərlərin təsdiqlənəcəyi təqdirdə çirkin bir vəziyyətlə qarşı-qarşıya qalacaqlarını söyləyib.
«Bu iddialar çox çirkindir. Deməyə söz tapa bilmirəm. Həyat hər zaman ədalətli deyil. Amma bu, fərqli bir vəziyyətdir. Bu, doğrudursa, FİFA utanmalıdır» - deyə ispaniyalı baş məşqçi bildirib.
Xatırladaq ki, Hollandiya DÇ-2014-ün ilk matçında ispanları 5:1 hesabı ilə məğlub edib. İkinci turda isə Avstraliya üzərində 3:2 hesablı qələbə qazanaraq adını 1/8 finala yazdırıb.