ARDNŞ qərarını belə açıqlayır
Bununla bağlı ARDNŞ-ın rəsmi saytında bildirilir: Respublikada və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyi (ABTM) yaradılıb. Verilən məlumata əsasən aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb.
Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən «Araz Kursları» MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib».
ARDNŞ prezidenti Rövnəq Abdullayev dövlətin imkanlarının geniş olduğunu və Təhsil Nazirliyinin bu sahədə böyük işlər gördüyünü deyib. «Biz düşünürük ki, ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır», - deyə R. Abdullayev bildirib.
TQDK-nın göstəriciləri nə deyir?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəbələrə keçirdiyi qəbul imtahanlarının statistik təhlilinə nəzərə yetirsək, bütün fənlər üzrə ən yüksək bal toplayan abituriyentlər sıransında türk liseyləri liderdir. 600-dan yuxarı bal toplayan abituriyentlərin 70 faizə yaxını da bu məktəblərin adına yazılıb.
TQDK-nın 20132014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili göstərir ki, türk liseylərinin 766 məzunundan 656 nəfəri (85.75 faiz) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən liseylərin 537 məzunu (imtahanda iştirak edənlərin 81.98 faizi)
tələbə adını qazanıb. Bütün imtahan fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Liseylərin məzunlarının 286 nəfəri 500-dən, o cümlədən 143 nəfəri 600-dən yuxarı bal toplayıb. Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 445.5-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 99.6 faiz yuxarıdır.
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:
0-100 intervalında 1.53 faizi (10 nəfəri), 100-200 intervalında 7.48 faizi (49 nəfəri), 200-300 intervalında
12.98 faizi (85 nəfəri), 300-500 intervalında 34.35 faizi (225 nəfəri), 500-dən yuxarı 43.66 faizi (286 nəfəri).
Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 80.38 faizdir.
Statistik təhlildə göstərilir ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Naxçıvan türk liseyi, Şərur türk liseyi, Gəncə Azərbaycan-Türkiyə özəl liseyi, Bakı Özəl türk liseyinin Lənkəran filialı, Bakı Özəl türk liseyinin Mingəçevir filialı, Sumqayıt Özəl türk liseyi, Bakı Özəl türk liseyinin Ağdaş filialı, Bakı Türk Anadolu liseyi, Bakı Özəl türk liseyi, Bakı Özəl türk liseyinin Şirvan filialı, «Dədə Qorqud» Türk Liseyi filialı, Bakı Özəl türk liseyinin Quba filialı, Atatürk liseyi (Türk Dünyası araşdırmaları vəqfi), Şəki Azərbaycan-Türkiyə özəl liseyi, «Qafqaz» Azərbaycan-Türkiyə özəl gimnaziyası daxil olub.
Beləliklə ən yüksək göstəriciyə malik olan 16 türk liseyinin 11-i məhz Beynəlxalq Təhsil Kompleksinə daxil olan təhsil müəssisələrinə məxsusdur.
Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bu tip hazırlıq kurslarının fəaliyyətini, orada oxuyan tələbələrin topladıqları yüksək nəticələrə belə aydınlıq gətirmişdi: «Fəxr etmişik ki, beynəlxalq olimpiadalarda qızıl, gümüş medal qazanırlar, fəallıq göstərirlər. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, bu tip təhsil müəssisələri gəlib bizim orta ümumtəhsil məktəblərində oxuyan ən yaxşı şagirdləri, ən yaxşı dərs dəyən müəllimləri öz ətrafına toplayır və onların hesabına belə göstəricilərə nail olurlar».
ABTM-nin yaydığı məlumata əsasən, Birliyin ümumi yığıncağında qərarara alınıb ki, «Araz Kursları» MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək. Və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcəkdir.