Vaxt.Az

Moskva Bakını dollardan imtinaya çağırdı


 

Dmitri Savelyev: «Azərbaycan hökumətinin iqtisadi siyasəti çox savadlı qurulub»

Moskva Bakını dollardan imtinaya çağırdı «Qərbin heç bir sanksiyası Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilməz». Vaxt.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Maliyyə məsələləri komissiyasının sədr müavini, deputat Dmitri Savelyev deyib.


«Rusiya qüdrətli və güclü ölkədir. Belə üsullarla, hansısa sanksiyalarla onu sarsıdıb sındırmaq olmaz. Ələlxüsus da ona görə ki, biz Qərbin bir vaxtlar SSRİ-yə hansı üsullarla iqtisadi təzyiqlər göstərməsi faktlarını nəzərə alırıq. Bizim immunitet güclüdür və Rusiya istənilən sanksiyaların tətbiq ediləcəyi təqdirdə ayaq üstə qala bilər», - deyə Dövlət Dumasının deputatı bildirib.

D.Savelyev həmçinin ABŞ-a xitabən deyib ki, bu ölkə hansısa sanksiyalar məsələsi ilə özünü aldatmasın. Deputat ABŞ-a hədələyici tonda mesaj da göndərib. Deyib ki, əgər dünyanın quru hissəsinin 1/6-i dollardan imtina etsə, bundan sonra dollardan imtina zəncirvarı prosesə çevrilə bilər.

«Rusiya ilə Azərbaycan qarşılıqlı hesablaşmalar zamanı manata və rubla keçmək barədə razılaşmaqdadır. Əgər biz özümüz öz aramızda milli valyutaya keçə, bununla da milli iqtisadiyyatımızın inkişafına güclü təkan verə biləriksə, onda başqa ölkələrin iqtisadiyyatını niyə gücləndirməliyik?! Azərbaycanın qızıl kimi manatı və bu valyutanın sabit kursu var. Bu isə Azərbaycan hökumətinin iqtisadi siyasətinin çox savadlı qurulduğunu və savadlı şəkildə də idarə olunduğunu göstərir», - deyə D.Savelyev bildirib.

Dövlət Dumasının deputatı Rusiyadan 100 milyard dollara yaxın sərmayənin geri çıxarılması barədəki suala cavab verərkən deyib ki, bu, müvəqqəti və keçici haldır: «Qərb mətbuatı Rusiya haqda mənfi rəy formalaşdırır ki, bu da qərbli sərmayədarları qorxudur. Ukrayna ətrafında vəziyyət sabitləşən kimi bütün investorlar geri qayıdacaqlar. Rusiya Şimali Koreya deyil, özü-özünü dolandıra bilən qüdrətli nüvə dövlətidir. Bütün dünya Rusiya ilə münasibətləri gücləndirməkdə maraqlıdır. ABŞ bir vaxtlar Səudiyyə Ərəbistanı ilə sövdələşməyə girib neftin dünya bazarındakı qiymətini öldürdü. Bununla da SSRİ iqtisadiyyatını çökdürdü. İndi isə Rusiya ilə belə oyunlar keçməz».

 





24.06.2014    çap et  çap et