Vaxt.Az

Rusiyaya qarşı iddia Avropa Məhkəməsində


 

Rəsmi Moskva 2006-cı il hadisələrinə görə cavab verəcək

Rusiyaya qarşı iddia Avropa Məhkəməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası iyulun 3-də Strasburqda keçiriləcək dinləmədə Gürcüstanın Rusiyaya qarşı iddiası ilə bağlı qərar çıxaracaq.


Qeyd edək ki, məhkəmə işi 2006-cı ilin payızında Gürcüstan vətəndaşlarının həbs olunması, saxlanması və Rusiya Federasiyasından kütləvi qovulması üzrə inzibati təcrübə iddiası ilə bağlıdır.

 

Əsas fakt və şikayətlər

 

2007-ci ilin mart ayının 26-da Gürcüstan hakimiyyət orqanları İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 33-cü maddəsinə (dövlətlətarası məhkəmə işləri) uyğun olaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət veriblər.

Şikayətdə konvensiyanın 3-сü maddəsi (işgəncə, qeyri-insani və təhqiramiz rəftarın yolverilməzliyi), 5-ci maddəsi (azadlıq və təhlükəsizlik hüququ), 8-ci maddəsi (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 13-cü maddəsi (effektiv hüquq müdafiəsi vasitələrindən istifadə), 18-ci maddəsi (hüquqların məhdudlaşdırılmasına məhdudiyyət),  1 saylı protokolun 1 və 2-ci maddələri (mülkiyyətin qorunması və təhsil hüququ), 4 saylı protokolun 4-cü maddəsi (əcnəbilərin kütləvi qovulmasının qadağan olunması), eləcə də 7 saylı protokolun 1-ci maddəsi (kütləvi qovulma zamanı prosessual təminat) üzrə iddia qaldırılıb.

 

İşin gedişi

 

2009-cu il 16 aprel dinləmələrindən sonra, həmin ilin iyunun 30-da Məhkəmə Palatası iddia ərizəsinin məqbul olduğunu təsdiqləyib. Palata işin hallarını ilkin mühakimə etmədən iddia ərizəsini 2009-cu ilin15 dekabrında Böyük Palataya təqdim edib. 2011-ci il yanvar ayının 31-dən fevralın 4-dək Strasburqda şahid dinləmələri keçirilib. Böyük Palatanın dinləmələri isə 2012-ci il iyun ayının 13-də Strasburqda, «İnsan Hüquqları binası»nda aparılıb.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan Hüquqları üzrə 1950-ci il Avropa Konvensiyasının pozulmasının qarşısını almaq üçün Avropa Şurasının üzv ölkələri tərəfindən 1959-cu ildə yaradılıb.

 





25.06.2014    çap et  çap et