O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni əlaqələrin mərkəzində dayanıb: «Ölkə başçısının AŞ PA-da çıxışı ərəfəsində Lavrovun Bakıya ardınca Ermənistana səfər etməsi və Putinin İlham Əliyevə telefon zəngi açması öz nəticəsini göstərib. Ola bilər ki, bu hadisələr Rusiyaya doğru aldadıcı manevrdir. Rəsmi Bakı demək istəyir ki, Qərblə də münasibətlərimiz Rusiyanın düşündüyü qədər yaxşı deyil. Ya da Azərbaycan Rusiyaya yönəlməyə çalışır».
Politoloq bildirib ki, Lavrovun Bakıya və İrəvana səfərləri zamanı fərqli çıxışları Rusiyanın ənənəvi siyasətinin davamıdır:
«Lavrov Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq güclərin həll edə biləcəyi məsələ olduğunu söylədi. Ermənistana səfəri zamanı isə bildirib ki, Moskva, Qarabağ məsələsinin nizamlanmasında maraqlıdır. Rusiya başqa mövqe ortaya qoya bilməzdi. Çünki Azərbaycanda əks fikir söyləsəydi açıq şəkildə etiraf etmiş olurdu ki, münaqişənin həllinə illərdir Rusiya mane olur. Görünür, Bakıdakı danışıqlar müsbət nəticə vermədiyi üçün Rusiya rəsmisi Ermənistanda başqa fikir söyləyib. Bu da faktiki olaraq o deməkdir ki, münaqişənin həlli birbaşa Rusiyadan asılıdır. Eyni zamanda, prezidentin AŞ PA-dakı çıxışında Qarabağ məsələsi ilə bağlı Qərbə qarşı söylədiyi fikirlər mövqeləri aydınlaşdırır. Hesab edirəm ki, hazırkı vəziyyətdə rəsmi Bakı Qərbdən də və eləcə də Rusiyadan məsafə saxlamağa çalışır. Lakin hər iki tərəfdən faktiki olaraq təzyiqlərə məruz qalır. Rusiya Azərbaycanı strateji tərəfdaş adlandırmaqla bunu qapalı şəkildə həyata keçirir, qərblilər isə AŞ PA-da da göründüyü kimi açıq şəkildə sərt suallarını verirdilər. Azərbaycan iki tərəfdən birini seçməli olacaq. Əks təqdirdə, bu cür təzyiqlərə Azərbaycanın davam gətirməsi inandırıcı görünmür».
Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın iclasında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə plan artıq hazırdır. Lakin bu planda Qərbin, yoxsa Rusiyanın əsas rol oynayacağı hələ bəlli deyil.