Qeyd edək ki, NATO baş qərargahında Rasmussen iyunun 25-də açıqladığı əməkdaşlıq üzrə «mühüm paket» və Gürcüstan üçün üzvlük üzrə fəaliyyət planı haqqında sualları cavablandırıb. «Uels sammiti üzvlük üzrə fəaliyyət planına deyil, Gürcüstanın NATO-ya yaxınlaşdırılmasına həsr olunacaq», - o deyib.
«Bu, mühüm bir paket olacaq. Biz Gürcüstanla birlikdə sammitə qədər bu təkliflər paketi üzərində işləyəcəyik. Təəssüf ki, mən indi sizə paket haqqında dəqiq məlumat verə bilməyəcəyəm. Sammitə qədər bunun üzərində işləmək lazımdır», - Rasmussen deyib.
«Onu deyim ki, 2008-ci il Buxarest qərarı hələ qüvvədədir. Yadınızdadırsa, biz Gürcüstanın vacib tələbləri yerinə yetirməsi şərti ilə, NATO üzvü ola biləcəyinə qərar vermişdik. Sammitə qədər hazırladığımız təkliflər paketi Gürcüstanı NATO-ya daha da yaxınlaşdıracaq», - o əlavə edib.
Xatırladaq ki, 2008-ci il Buxarest sammitində NATO liderləri Gürcüstanın NATO-ya qoşulması üçün üzvlük üzrə fəaliyyət planından (MAP) imtina etmişdilər. Buna baxmayaraq, liderlər Gürcüstanın gələcəkdə nə vaxtsa NATO-ya qoşula biləcəyinə söz verdilər. Buxarest sammitində verilən qərarda həmçinin bildirilir ki, MAP (üzvlük üzrə fəaliyyət planı) Gürcüstanın «birbaşa üzvlüyü yolunda» ilk addım olmalıdır. NATO-nun Gürcüstanla bağlı əlavə qərarlarında da alyansa qoşulmaq üçün əvvəl «MAP mərhələsi»ni keçməli olduğu bildirilir.
İyunun 2-də Almaniya kansleri Angela Merkel Berlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Kansler görüşdən sonra bildirib ki, Uels sammitində Gürcüstan üçün «üzvlük üzrə fəaliyyət planı»nın gündəlikdə olmayacağını düşünür. O həmçinin bildirib ki, Gürcüstanın NATO-ya yaxınlaşması üçün MAP-dan başqa yolların da olması sammitin qərarları ilə təsdiqlənə bilər.