Vaxt.Az

Siyasi böhran səngiyir


 

Donald Tusk parlamentin etimad rəyini qazanıb

Siyasi böhran səngiyir Vəzifəli şəxslərin səs yazılarının yayılması ilə yaranan qalmaqaldan sonra Polşa koalisiya hökuməti parlamentin etimad rəyini qazanıb. Polşanın baş naziri Donald Tusk parlamentə bildirmişdi ki, əksəriyyətin dəstəyi olmadan Polşanı Avropa İttifaqında effektiv təmsil edə bilməyəcək. Bu barədə «BBC» xəbər verir.


Qeyd edək ki, iyunun 25-də keçirilən səsvermədə Donald Tuskun mərkəz-sağ ikipartiyalı koalisiyası 237 parlamentarinin dəstəyini qazanıb. Parlamentin 460 üzvündən 203-ü koalisiyanın xeyrinə səs verib. Baş nazirin etimad rəyini qazanmaq üçün 231 səsə ehtiyacı var idi. Donald Tusk bu həftə Brüsseldə keçiriləcək sammitdən əvvəl səsvermə keçirilməsini təklif etmişdi.

Gizli səs yazılarını isə «Wprost» jurnalı yayıb. Bunların birində xarici işlər naziri Radoslav Sikorski ABŞ-Polşa ittifaqının mənasız olduğundan danışır. Başqa bir səs yazısında Mərkəzi Bankın sədri Marek Belka və daxili işlər naziri Bartlomey Siyenkiyeviç hakim partiyanın 2015-ci ildə qalib gəlməsi üçün bankın necə kömək göstərə biləcəyini müzakirə edirlər. Bu isə bankın öz müstəqilliyindən sui-istifadəsi deməkdir.

Vəzifəli şəxslər danışıqların başqa kontekstə yozulduğunu və qəbahət bir iş görmədiklərini bildiriblər. «Wprost»  jurnalı səs yazılarını bir iş adamından əldə etdiyini bildirib.

Gizli səs yazıları bir neçə ay ərzində Varşavanın bahalı restoranlarında qeydə alınıb. Çərşənbə günü Tusk parlamentə müraciətində səs yazılarının arxasında cinayətkar dəstənin dayandığını bildirib. İttihamçılar danışıqların qanunsuz yazılması ilə bağlı 2 şəxsin təqsirləndirildiyini, daha 2 nəfərin istintaqa cəlb olunacağını deyiblər.

 





27.06.2014    çap et  çap et