Vaxt.Az

Rəisiniz qorxaq deyil ki? Yoxlayın!


 

«O, qərarları örtülü qapılar arxasında qəbul edir»

Rəisiniz qorxaq deyil ki? Yoxlayın! İxtilaf, mübahisə, problemlər. Heç kəs iş yerində belə şeylərə qarışmaq istəmir. Bəs rəisinizin mətinliyinə ehtiyacınız olsa, necə? Yaxud siz özünüz işdə savaşa cəlb olunmuş olsanız?


Bu halda sizin üçün ən istənilməz rəhbərinizin cəsarətsiz yaxud yöndəmsiz reaksiyası olardı. Belə hallarla LinkedIn sosial şəbəkəsinin ekspertləri də üzləşiblər.

Ötən həftə bir neçə ekspert iradəsiz rəhbəri necə aşkar etmək və ofis ehtirasları girdabına düşəndə necə narahat olmamaq haqqında öz fikirlərini dərc ediblər.

 

Qorxaqlıq testi

 

Siz öz rəisinizi sevməyə də bilərsiniz, lakin o qorxaqdırmı? Mürəkkəb idarəçilik vəzifələrə, açığını desək, girişməkdən qacınmaq istəyib onları başqalarının boynuna atırmı?

Capital Content şirkətinin idarə müdiri Rob Vays (Rob Wyse) öz «Rəisinizin qorxaq olmasının altı əlaməti» sərlövhəli yazısında bir neçə faydalı məsləhət verir.

«O, öz işçilərini başqaların vasitəsilə qovdurur. Bu, yəqin ki, qorxaq rəhbərin ən qorxaq hərəkətidir, - Vays yazır. – Rəhbəriniz belə edirsə, deməli, onun xoşuna gələn vəzifə məsuliyyəti deyil, vəzifənin özüdür».

«O, bağlı qapılar arxasında qərar qəbul edir. Nə isə düz getməyəndə isə öz işçilərini müdafiə etmir. Bu, səhv etməkdən qorxan və özünə arxayın olmayan insana xas davranışdır, - Vays ehtimal edir. – Belə adama etibar etmək olmaz».

«O, istənilən söhbət zamanı həmkarlarınızın ünvanına mənfi rəy söyləməyi özünə eyib bilmir. Sizə elə gələ bilər ki, beləliklə rəhbəriniz sizə öz etimadını bildirir, lakin başqaları ilə sizin barədə danışanda da o, yəqin belə edir», - Vays deyir.

«O, ixtilafı üzbəüz həll etməyə çalışmır. Təkbətək görüş insana yalnız onun üçün nəzərdə tutulan informasiyanı çatdırmaq üçün lazımdır, - Vays yazır. – Əgər rəis meydana gələn çətinlikləri həll etmək üçün hamını bir otağa yığırsa, o, bölmək və fəth etməyi bilmir – və niyyətlərini açıb deməyə məcburdur».

«Mən yüzlərcə rəhbərlərlə işləmiş və onların hərəkətlərini izləmişəm. Onlardan ən yaxşıları səmimidir, öz zəif yerlərini gizlətmir, ziddiyyətləri birbaşa sahmana salır və problemlərin miqyaslı münaqişəyə çevrilməsinə yol verməyərək, onları ört-basdır etmir, - Vays qeyd edir. – Ən pisləri isə ağciyər olur, onların özünə inanmamasını gizlətmək cəhdləri isə əks nəticələrə gətirir».

 

Necə sakit qalmaq

 

«Heç kəs iş yerində şiddətli mübahisələrdən sığortalanmış deyil, - Gartner şirkətinin baş partnyoru Briin Ferreyra (Brian Ferreira) «İş yerində mübahisələr zamanı sakit qalmaq» sərlövhəli məqaləsində yazır. – Göz qırpımında adi mübahisə nəzarət altından çıxa bilər».

Lakin özünü saxlamaq və vəziyyəti nəzarət altında saxlamaq üsulları vardır.

 

«Vəziyyəti real qiymətləndirin və haqqında danışdığınız mövzuya bələd olun. Sizinlə qızğın polemika aparan şəxs situasiyanın təfərrüatlarına bələd olmaya bilər. Həmsöhbətinizə situasiyanı tam dərk etmədiyini savadlı izah etmək üçün onun bilgilərində boş yerləri və ya baş verənlərə hansı nöqteyi-nəzərdən baxdığını aşkar etməyi öyrənin, - Ferreyra tövsiyə edir. – Ona informasiya çatışmazlığını tamamlamağa kömək edin. Arqumentlərinizin doğruluğunu yəqin edin».

 

«Bu, biznesdir, şəxsi heç nə. Şiddətli mübahisələrin əksəriyyəti iş problemlərinə baxışlarda ziddiyyətlərlə bağlıdır, bəzilərinə elə gəlir ki, onların fikri eşidilməyib, - Ferreyra hesab edir. – Bəli, bəzilərinin mübahisədə hakim mövqe tutmaq və digər mübahisə iştirakçılarına təzyiq etmək xoşuna gəlir, lakin siz öz mövqeyinizdə möhkəm dayanmalı və həmişə yadda saxlamalısınız ki, söhbət sizdən yox, işdən gedir. Bu fikri həmişə yadınızda saxlasanız, ixtilaflara ehtirasla cəlb olunmaqdan çəkinə bilərsiniz».


«Haqlı olsanız da, nə vaxt güzəşt etməyin lazım olduğunu hiss edin. Mübahisənin nə dərəcədə gərginləşə biləcəyini müəyyən etməyi öyrənin, - Ferreyra təklif edir. – Gərginlik artırsa və problemin həlli olmadığı aydın olursa, ixtilaf iştirakçıları isə uşaq kimi bir-birini söyüb suçlayır və şəxsi təhqirlərə keçirlər, siz sadəcə «döyüş meydanını» tərk etməlisiniz».

 





27.06.2014    çap et  çap et