Vaxt.Az

Aİ Şotlandiyaya racon kəsdi


 

Müstəqillik istəyən hər il 500 milyon funt sterlinq ödəməlidir

Aİ Şotlandiyaya racon kəsdi Birləşmiş Krallığın sabiq baş naziri Qordon Braun parlamentarilərə bildirib ki, müstəqil Şotlandiya Avropa İttifaqında (Aİ) qalmaq üçün hər il əlavə 500 milyon funt sterlinq ödəməli olacaq. Məlumatı «EUobserver» yayıb.


«Şotlandiya vergi ödəyiciləri Böyük Britaniyanın tərkibində qalanda Aİ büdcəsinə 2014-20-ci illər üzrə təxminən 8.5 milyard funt sterlinq ödəyəcəklər. Hesablamalara görə, Şotlandiya müstəqil olsa, eyni dövr üzrə Aİ büdcəsinə 11 milyard funt sterlinq ödəməli olacaq», - iyunun 26-da Avropa Parlamentindəki ümumi yığıncaqda Braun bildirib.

Aİ-nin ümumi kənd təsərrüfatı siyasətinə görə, şotland fermerlərinə yardımın və struktur fondların azalması da Şotlandiyaya 1 milyard funt sterlinqə başa gələcək. Ümumilikdə Şotlandiya hər ilə əlavə 500 milyon funt sterlinq ziyana düşəcək.

Qeyd edək ki, Braun siyasətçiləri may ayı Avropa seçkilərində rekord sayda yer tutan milliyyətçi və avroskeptik hərəkata qarşı mübarizə aparmağa çağırıb.

«Milliyyətçiliyə ən yaxşı cavab internasionalizmdir. Yaxşı internasionalizm və Aİ-nin qlobal baxışları ekstremizmə qarşı ən yaxşı mübarizə üsuludur. Birmillətli dövlətlər öz problemlərini təkbaşına həll edə bilməzlər», - o deyib.

Parlamentarilər və parlament rəsmiləri qarşısında çıxış edən Braun «qloballaşmanı daha yaxşı idarə edə bilmədiklərinə görə» maliyyə böhranı illərində hakimiyyətdə olanları günahlandırıb.

Əslən şotland olan sabiq Britaniya lideri 2010-cu ildə özünün leyborist hökuməti məğlub olduqdan sonra siyasətin ön sıralarından uzaqlaşıb. Buna baxmayaraq o, referendum kampaniyalarında inanılmaz rol oynayıb.

Müstəqilliyə qarşı çıxan «YOX» kampaniyası leyborist, mühafizəkar və liberal demokratları «Better Together» («Birlikdə daha yaxşıdır») koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, «YOX» kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15-20%-i hələ tam qərarını verməyib.

İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. «Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər», - o deyib.

Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və «Şengen müqaviləsi»  üstünlüklərindən yararlanmağa çalışır.

 





28.06.2014    çap et  çap et