Məlumatda bildirilir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Avropa Azərbaycan Cəmiyyətinin sədri, «Qəbələ» futbol klubunun prezidenti Tale Heydərov və xanımı da iştirak edib.
Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilib.
«Qəbələ» İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın «Qəbələ» İdman Klubunun boksçuları ilə İngiltərənin «Repton» Həvəskar Boks Klubunun idmançıları qarşılaşıb.
Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.
Tədbir çərçivəsində qonaqlara Qarabağ münaqişəsindən, ölkəmizin 1 milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib, lakin onlar hələ də icra olunmur.
Tədbirin təşkilatçıları qonaqları AAC-nin təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş «Many Happy Returns» adlı kampaniyaya qoşulmağa çağırıb (qafqazinfo).