İclasda ABŞ-ın ATƏT PA-da təmsilçisi Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə təklif etdiyi qətnamənin müzakirəsi zamanı söz alan erməni deputatlar gözlənilmədən mövzunu dəyişiblər.
Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan qətnamədən çox Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb. O, səs tonunu qaldıraraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk Qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham edib.
ATƏT PA-nın prezidenti Ranko Kirovokapiç A.Geqamyana gündəlikdəki qətnaməni xatırlatsa da, o, yenidən bu qətnamədəki mövzuya - Ukrayna məsələsi və digər paralel münaqişələrin həllinə toxunmayaraq, xalqların öz müqəddəratını təyin etməsi məsələsini ortaya atmağa cəhd edib.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi «qumdan başı yeni çıxan kor dəvəquşuya» bənzədib. O, A.Geqamyanın əsəbi çıxışına və vaxtından tez saçının tökülməsinə işarə vuraraq deyib: «Burada bayaq ürək tutmasından danışıldı. İnsan ürək tutmasından həkimə gedir, çünki ağrı var. Amma bir də var saç tökülməsi. Bunun ağrısını hiss edən yoxdur. Bizim torpaqları işğal edənlər də bunu saç tökülməsi kimi qəbul edirlər, ağrını hiss etmirlər. 22 ildir faktiki torpaqlar işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!» (APA)