Vaxt.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının iyunun 28-də baş tutan plenar iclasının açılış mərasimindəki çıxışında deyib.
Prezident bildirib ki, bütün bu uğurlar yalnız iqtisadi islahatların aparılması ilə deyil, həm də müasirlik məqsədimizdədir. «Biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq» deyən İlham Əliyev ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklərin və apardığımız əməkdaşlığı planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacağını söyləyib.
Azərbaycanın hazırda etibarlı tərəfdaş sayıldığını bildirən Prezidentin sözlərinə görə, etimad hər gün qorunmalıdır: »Yalnız bir səhv və ya yanlış addım bu etimadı məhv edə bilər. Buna görə də beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlər bizim prioritetlərimizdən biridir. Bu sözləri həm də digər qitələrdə olan ölkələrə də şamil etmək olar».
Daha sonra Dağlıq Qarabağ probleminə toxunan Prezident BMT qətnamələrinə diqqət çəkib və kağız üzərində qalan qərarların beynəlxalq təşkilatlara olan etimadı azaltdığını vurğulayıb:
«Nəzərə almaq lazımdır ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb. ATƏT işğal edilən ərazilərə iki missiya ezam edib. Hər ikisi - fakt araşdırıcı və qiymətləndirmə missiyaları işğal edilən ərazilərdə hər şeyin tam dağıdıldığını qeyd ediblər. Bu, ölü zonadır. Şəhərlərimiz yerlə yeksan olunub, tarixi abidələrimiz dağıdılıb, məscid və qəbiristanlıqlarımız ermənilər tərəfindən məhv edilib. Bu, fakt araşdırıcı və qiymətləndirmə missiyaları tərəfindən etiraf olunur. Biz bu təşəbbüslərə görə ATƏT-ə minnətdarıq. Lakin yenə də bu hesabatlar münaqişənin həllində heç bir rol oynamır. Biz münaqişənin nizamlanmasına nail olmalıyıq. Bu, bizim ölkəmizə, xalqımıza, qaçqınlarımıza lazımdır. Region buna ehtiyac duyur. Çünki Ermənistan-Azərbaycan münaqişəsi region üçün əsas təhlükə mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması və etimad doğuran tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması ola bilər».
Problemə baxmayaraq, iqtisadi inkişaf dinamizmindən danışan İ.Əliyev son 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırıldığını vurğulayıb: «Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir».