Vaxt.Az

«Bakıya 15-ci dəfədir gəlirəm»


 

Erməni deputat: «Buna isə yol vermək olmaz»

«Bakıya 15-ci dəfədir gəlirəm» Ermənistanın hakim Respublika Partiyasından olan deputat Artaşes Geqamyan ATƏT PA-nın hazırda Bakıda keçirilən sessiyasında iştirak edir. Ermənistanın AŞ PA və ATƏT-dəki parlament nümayəndə heyətinin üzvü olan A.Geqamyan virtualaz.org saytının tədbiri işıqlandıran müxbirinin suallarını cavablandırıb.


- Özünüzü Bakıda necə hiss edirsiniz?

- Normal. Adi işgüzar atmosferdir.

 

- Yəqin Bakıya ilk dəfə gəlirsiniz. Təəssüratlarınız necədir?

- Yox, Bakıya artıq 15-ci dəfədir gəlirəm. Bakıya əvvəllər - 1988-ci ildən, Qarabağ münaqişəsi başlamazdan qabaq gəlmişdim. Mən onda İrəvanın meri idim. Azərbaycanlılar da dəfələrlə İrəvanda qonağım olub. Özüm də Bakıya tez-tez gəlib-getmişəm.

 

- Siz Bakıya bu dəfə sülhsevər ovqatda gəlmisiniz, yoxsa davakar ruhda? Bir neçə gündür Azərbaycandasınız. Necə düşünürsünüz, bu iki xalqın barışmasına az da olsa ümid varmı?

- Təəssüf ki, Helsinki Yekun Aktı mövcud siyasi reallıqlar əsas götürülmədən şərh olunur. Bu da geosiyasi konyukturanın şərtləri tərəfindən diqtə edilir. Özlərinə lazım olanda gah azərbaycanlıları dəstəkləyirlər, gah da erməniləri. Hansı prinsipin imperativ əhəmiyyət kəsb etməsi məsələsinə aydınlıq gətirilməyincə vəziyyət dəyişməyəcək. Azərbaycan öz sözünü deyəcək, Ermənistan da öz arqumentlərini gətirəcək. Burada da qeyri-adi heç nə yoxdur.

Münaqişə davam etdikcə sərhəddə günahsız insanlar ölür. Buna isə yol vermək olmaz. Moratorium qoymaq lazımdır. Azərbaycanın, Ermənistanın və Dağlıq Qarabağın anlaşma içində yaşamasını təmin edəcək prinsiplər işlənib hazırlanmalıdır. Bunun üçünsə elə vəziyyət yaradılmalıdır ki, ölkələrimizin iqtisadi maraqları üst-üstə düşüb çulğaşsın.

Bizə dinc yanaşı yaşamaq lazımdır. Bütün regionun güclü iqtisadi inkişafına nail olmaq, xalqlarımız arasında dostluq münasibətlərinin yenidən bərpa olunmasını təmin etmək lazımdır. Elə eləməliyik ki, azərbaycanlılar özlərini İrəvanda, ermənilər isə Bakıda rahat, evdəki kimi rahat hiss eləsinlər. Qabaqlar belə idi. Bu səfərimə qədər 14 dəfə Bakıda olmuşam. Hər dəfə də mehribanlıq, xeyirxahlıq görmüşəm. Mənim azərbaycanlı həmkarlarım da eyni şeyi deyir. Amma onların adını çəkməyəcəyəm. Birdən bunun onlara ziyanı dəyər. Onlar da ermənilərdən həmişə xeyirxahlıq, yaxşı münasibət görüblər. Görünür, kimlərsə bu iki xalq arasında düşmənçiliyin davam etməsində maraqlıdır, bu düşmənçilik həmin qüvvələrə sərf edir. Bu da heç kimə əsla gərək olmayan qanlı olaylara, qan tökülməsinə gətirib çıxarır. Necə olursa olsun, biz bir yerdə yaşamağa məhkumuq. Ağıllı qonşular isə bir yerdə yaşayır, ticarət edir, mədəni tədbirlər, bayramlar keçirir. Bir-birimizə niyə güllə atmalıyıq axı?! Bizim xalqların sülhə, əmin-amanlığa ciddi ehtiyacı var. Bizim prezident Serj Sərkisyan da bu yaxınlarda dedi ki, sülh üçün yaxşı zəmin yaranıb.

 

- Belə təəssürat yaranır ki, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İttifaqına daxil olmaq məsələsinə yenidən baxa bilər. Sərkisyan son qərar verməyə niyə tələsmir, məsələni niyə uzadır?

- Bizim prezident hələ ötən il sentyabrın 3-də Moskvada səfərdə olanda Ermənistanın bu ittifaqa girmək arzusunu dilə gətirib. Ermənistanın həmin ittifaqa daxil olmasının ləngiməsi obyektiv səbəblərlə bağlıdır. Lakin çox tezliklə Ermənistanın Avrasiya İttifaqına üzv olması ilə bağlı təntənəli imzalanma mərasimi olacaq. Yeri gəlmişkən, biz Azərbaycanın da bu ittifaqa daxil olmasını çox arzulayırıq. Bu, Qarabağ məsələsinin həllinə də əhəmiyyətli dərəcədə kömək edərdi.

 





29.06.2014    çap et  çap et