Qeyd edək ki, Britaniyada monarxiya hər adama 56 pensə başa gəlir. Kraliçanın rəsmi xərcləri 5 faiz, 2.4 milyon funt sterlinq artıb.
Kraliçanın rəsmi gəlirlərini əhatə edən «Krallıq üçün dotasiya» («Soverign Grant») 2015-ci ilin aprelində 40 milyon funt sterlinq olacaq.
Kraliçanın gəliri «Krallıq mülkiyyəti»dən gələn gəlirin müəyyən hissəsini təşkil edir. Bura Vindzor Park və Britaniya sahillərindəki mülkiyyətin əksəriyyəti daxildir.
2012-ci ildə qəbul olunmuş qaydaya görə, dotasiyanın məbləği 37,9 milyon funt sterlinqə çatıb. Gələn maliyyə ilində də dotasiyanın 5,7 faiz artacağı gözlənilir.
Bütün bunlar 267 milyon funt sterlinq gəliri olan «Krallıq mülkiyyəti» ilə sıx bağlıdır. Xərclərin bir hissəsi aşağıda açıqlanıb.
Bukinhem Sarayında dotasiyanın üçdə biri kral saraylarının saxlanmasına xərclənib. Bu il Kensinqton sarayındakı ofislərin şahzadə Vilyam, həyat yoldaşı Keyt və körpə şahzadə Corcun iqamətgahına çevrilməsinə 4 milyon funt sterlinqdən çox pul xərclənib.
Bunun üçün asbest dam örtükləri çıxarılıb, yeni istilik sistemi qurulub, isti və soyuq su, elektrik xidmətləri, «sadə dekorasiya» işləri görülüb.
Saray rəsmisi ev avadanlıqları və yeni mətbəxin xərclərini kral ailəsinin ödədiyini bildirib.
Çoxları Kembric hersoqu və hersoginyasının Londondakı iqamətgahlarına həddən çox pul xərclənməsini tənqid edib. Kensinqton sarayının nümayəndəsi bildirib ki, «Layihə başlamazadan əvvəl iqamətgah çox təmirsiz vəziyyətdə olub. Təmir işləri sonuncu dəfə 1963-cü ildə aparılıb».
Bukinhem sarayı bildirib ki, təhlükəsizlik xidməti istisna olmaqla, monarxiyanın saxlanması üçün Britaniyada adambaşına həftəyə 1 penni düşür.
Krallıq gəlirinin qalan hissəsi Birləşmiş Krallığın xəzinəsinə daxil olur. Krallığın xüsusi xəzinədarı Alan Reyd bildirib ki, saxlanma xərcləri azaldıqdan bəri, monarxiyanın dövlətdən maliyyələşməsi ötən 2 il ərzində əslində 8 faiz azalıb.
«Biz əməliyyatları mümkün qədər effektiv aparmağa çalışırıq. Hesab edirik ki, puldan düzgün istifadə etmək üçün əlimizdən gələn ən doğru işi görürük», - o deyib.
Monarxiyanın ləğv olunmasına çalışan respublikaçılar qrupunun rəhbəri Qraham Smit bildirib ki, «Krallığın maliyyə xərcləri haqqında hesabat vermək işini sarayın əlindən alıb, vicdanlı brokerlərə vermək lazımdır».