Vaxtilə Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzinin rəhbəri vəzifəsində çalışmış yazıçı Afaq Məsud prezident İlham Əliyevin 16 may 2014-cü il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edildi.
Afaq Məsudun AYB-də boş qalan yerinə isə AYB-nin «Dünya ədəbiyyatı» jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu gətirildi.
Aktual.az-ın əldə etdiyi məlumata görə, yeni vəzifə sahibi Afaq Məsudla onun yerinə təyin edilmiş Səlim Babullaoğlu arasında ziddiyyətli məqamlar yaranıb.
Məlumatda bildirilir ki, Afaq Məsud yeni vəzifəyə təyin olunmasına baxmayaraq, vaxtilə rəhbəri olduğu Nərimanov rayonu, Şahin Mustafayev küçəsində yerləşən Tərcümə Mərkəzindəki iş otağını tərk etmək istəmir. Bu da Tərcümə Mərkəzinin yeni rəhbəri Səlim Babullaoğlunun haqlı narazılığına səbəb olub. Dəfələrlə iş otağını tərk etməsi üçün Afaq Məsuda müraciət etməsinə baxmayaraq, yazıçı xanım şairin bu müraciətini cavabsız qoyub və nəticədə, tərəflər arasında mübahisə yaranıb.
Bildirilir ki, hətta, AYB-nin sədri Anar Rzayevin müdaxiləsi və israrı da Afaq Məsudu fikrindən döndərməyib.
Mövzu ilə əlaqədar Aktual.az-a danışan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirdi ki, binanı tərk etmək fikrində deyil: «Başa düşə bilmirəm, nəyə görə çıxmalıyam ki? Oturmuşuq öz binamızda. Qaldı narazılığı varsa, bunu Səlim müəllimin özü ilə aydınlaşdırın. Mən bu haqda ətraflı danışmaq istəmirəm».
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qısaca olaraq bildirdi ki, yaranmış problemi həll etməyə çalışırlar: «Məsələdən xəbərim var, indi görək, problemi yoluna qoymaq üçün nə edə bilirik».
Xatırladaq ki, gün ərzində bir neçə dəfə səy göstərməyimizə baxmayaraq, şair Səlim Babullaoğlu ilə əlaqə yarada bilmədik.