Vaxt.Az

«Deməli mesaj ünvanına çatıb»


 

Zakir Həsənovun «Ermənilərə on qat cavab» fikrinin nəticəsi

«Deməli mesaj ünvanına çatıb» Son zamanlar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində atəşkəs tez-tez pozulur. Belə olan halda mətbuatda yayılan xəbərə görə, müdafiə nazirimiz, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib.


Zakir Həsənovun bu tapşırığının nəticəsi necə olacaq?

Suala hafta.az-ın debatında hərbi ekspert Azad İsazadə və həmkarı Üzeyir Cəfərov cavab veriblər.

Azad İsazadəAzad İsazadə bildirib ki, nazirin bu fikri əslində Azərbaycan Ordusuna deyil, ermənilərə istiqamətlənmiş mesajdır:

«Ötən günlərdə Ermənistanın müdafiə naziri çıxışında bildirmişdi ki, Naxçıvanda öldürülən erməni əsgərlərinin qanını yerdə qoymayacağıq. O həmçinin vurğulamışdı ki,  Azərbaycana qarşı xüsusi cavab əməliyyatı hazırlayırlar.  Bunun ardınca isə məlum olduğu kimi, Naxçıvan ərazisində olan cəbhə boyunca çox ciddi atəşkəs pozuntuları qeydə alındı. Zakir Həsənovun bu müraciəti faktiki olaraq, erməni nazirə verilmiş hərbi-siyasi  cavabdır. Nazir demək istəyir ki, siz əgər bizə qarşı atəş açsanız, cavabınızı on qat alacaqsınız.  Əgər bunu istəmirsinizsə, atəşkəsi pozmayın.  Ermənistan hazırda seçim qarşısındadır. Ya atəşkəsi pozmağa davam edib böyük itki ilə üzləşəcəklər, ya da cəbhədəki gərgin vəziyyət düzəlməlidir.  Artıq hiss olunur ki, ötən günlərlə müqayisədə qarşı tərəfdən atəşkəsin pozulması halları azalıb.  Demək ki, nazirin mesajı ünvanına çatıb».

 

***

 

Üzeyir CəfərovÜzeyir Cəfərov isə hesab edir ki, müdafiə nazirinin adından yayılan bu xəbər qətiyyən yerində olmayan bir açıqlamadır və ölkəmizin ziyanına işləyəcək:

«Onsuz da məlum məsələdir ki, hərbçilər məhz nazirin göstərişinə əsasən tabeliklərində olan komandirlər tərəfindən əmr və tapşırıqları alır, yerinə yetirirlər. Ancaq hökumət postunda oturan rəsmi şəxsin belə yerində olmayan açıqlaması, əlbəttə ki, qətiyyən bizim xeyrimizə işləyə bilməz. Prinsip etibarilə cəbhədə olan indiki vəziyyətdən də ağır və çətin dönəmlər olub. Amma o vaxt biz belə göstərişlərin şahidi olmamışdıq. İndi sual yaranır ki, nə baş verib ki, Zakir Həsənov belə radikal göstəriş verib? Düşmənlərimiz onsuz da açdığı atəşlərə ikiqat artıq şəkildə cavab alırlar. Ona görə də mən çox istərdim ki, Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər belə açıqlamalarında bir qədər diqqətli olsunlar. Heç kimə imkan verməməliyik ki, ölkəmizə qarşı tutarlı faktlardan istifadə etsinlər. Hazırkı vəziyyətdə isə erməni tərəfi bu açıqlamadan bizə qarşı yetərincə həm təxribat, həm də təbliğat vasitəsi kimi istifadə edəcək».

 





01.07.2014    çap et  çap et