Vaxt.Az

Nərgiz Paşayeva akademik oldu


 

AMEA-da seçkilər keçirildi

Nərgiz Paşayeva akademik oldu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri elan edilib. Səsvermə nəticəsində AMEA-nın 26 həqiqi və 50 müxbir üzv seçilib. AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürmüşdü.


AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, akademik seçkiləri istər hüquqi, istərsə də texniki baxımdan müasir tələb­lə­rə uyğun və şəffaf aparılıb.

Yeni seçilmiş akademiklər arasında ictimai mühitdə tanınmış şəxslərdən Asəf  Hacıyev, Rasim Əliquliyev, Vaqif Abbasov, Rəfiqə Əliyeva, Adil Qəribov, Kamal Abdulla, Tofiq Hacıyev, Rəfael Hüseynov, Arif Məlikovun adı var. Müxbir üzvlər arasında isə Qurban Yetirmişli, Nuru Bayramov, Muxtar İmanlı, Nərgiz Paşayeva və Gövhər Baxşəliyeva ictimai mühitdə daha çox tanınır.

Filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva «Ədəbiyyatşünaslıq» ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə «M.Sabirin novatorluğu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə «Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki» (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin «Azərbaycan ədəbiyyatı tarixi» kafedrasında (2004-cü ildən adı «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasının professoru və müdiridir. 

1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının «Dil və ədəbiyyat» kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl «ÜNS» yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondunun İdarə heyətinin üzvü, «Azərbaycan-İrs» jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat yoldaşıdır.

 





01.07.2014    çap et  çap et