Vaxt.Az

«Hörmət edib ondan 2000 manat istədik»


 

Milli Qəhrəmanın qızını imtahana buraxmayan rektor-deputat danışdı

«Hörmət edib ondan 2000 manat istədik» «Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb». Bu sözləri AZXEBER.COM-a açıqlamasında «Odlar Yurdu»Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev söyləyib. O, Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın təhsil haqqını ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı yayımlanan məlumata münasibət bildirib.


Rektor tələbənin kəsirlərinin olduğu üçün imtahana buraxılmadığını iddia edib: »Əvvəla onu deyim ki, bizim universitetdə «Beynəlxalq münasibətlər» fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-da «köçürmə» ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbə digər imtahanlarında kəsiri varsa o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam».

Xatırladaq ki, Millət vəkili Əhməd Vəliyevin rektoru olduğu «Odlar Yurdu» Universitetində Milli Qəhrəman İsgəndər Aznaurovun qızı 2000 AZN-i ödəmədiyi üçün dövlət imtahanına buraxılmayıb.

Bu barədə Milli Qəhrəmanın qızı Adolat Aznaurova AZXEBER.COM-a məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Universiteti (ABU) bağlanandan sonra «köçürmə» yolu ilə «Odlar Yurdu» Universitetinə düşüb: »ABU bağlanmazdan öncə son kurs təhsilimi alıb, təhsil haqqımı əvvəlcədən ödəmiş və buraxılış imtahanlarımı vermişdim. Lakin ABU-nun bağlanması nəticəsində diplom almaq üçün «Odlar Yurdu» universitetinə köçürüldüm. Təhsilimi davam etdirdiyim müddətdə məndən yenidən 2000 AZN təhsil haqqı ödəməli olduğumu dedilər. Dəfələrlə universitetin rektoru Əhməd Vəliyevin qəbuluna gedib, atamın milli qəhrəman olduğunu və ən azından bunu nəzərə alıb ödənişin ödənilməsində güzəşt edilməsi barədə xahiş etmişəm. O birinci görüşdə güzəşt ediləcəyini desə də, hazırda pulu ödəmədiyim üçün məni dövlət imtahanına buraxmadılar».

 





01.07.2014    çap et  çap et