Qeyd edək ki, Ukrayna hakimiyyəti və separatçılar arasında 10 günlük atəşkəsin müddəti bazar ertəsi sona çatıb. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib. «İnterfaks-Ukrayna» xəbər agentliyinə görə, rusyönümlü separatçılar Ukrayna qüvvələrinin Kramatorsk şəhəri yaxınlığında atəşkəsi davam etdirdiklərini bildiriblər.
«Biz atəşkəsi terroristlərə, qiyamçılara və soyğunçulara cavab olaraq dayandırmışıq», - Poroşenko deyib.
Silahlı rusyönümlü qiyamçılar şəhər və qəsəbələrdə əsas binaları ələ keçirir, Kiyev hakimiyyətindən boyun qaçırırlar. Separatçıların liderləri Donetsk və Luqanskda öz müstəqilliklərini elan ediblər. Buna baxmayaraq, Ukrayna hərbi qüvvələri bəzi bölgələrdə üsyançıları susdura bilib.
Avropa liderləri və ABŞ Rusiyanı öz nüfuzundan istifadə edərək zorakılığa son qoymağa çağırıblar. Əks təqdirdə, liderlər Rusiya rəsmiləri və şirkətlərinə yeni sanksiyalar tətbiq olunacağını bildiriblər.
İyunun 30-da Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko arasında dördtərəfli danışıqlar aparılıb. Danışıqlardan sonra Fransa prezidenti bildirib ki, Rusiya və Ukrayna liderləri «Ukrayna hökuməti və separatçılar arasında ikitərəfli atəşkəs əldə etmək məqsədilə» əməkdaşlıq etməyə razılaşıblar. Onun bu sözləri atəşkəsin davam etdiriləcəyinə ümidləri artırıb.
Putin də əvvəllər atəşkəsin müddətinin uzadılmasının əhəmiyyətini vurğulamışdı. Həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) sülhün müşahidəsində «fəal rol» oynamağa çağırmışdı. ATƏT isə bu yaxınlarda Ukraynanın şərqində müşahidə əməliyyatlarını azaltdığını və bura artıq nümayəndə göndərmədiyini bildirib.