Vaxt.Az

«Bakı»nın dərdi var


 

Klubun durumu AFFA-da müzakirə edilib, «Hafka» müflis elan olunur

«Bakı»nın dərdi var İş adamı Hafiz Məmmədovun («Hafka») ətrafında yaranan qalmaqal böyüyür. Üzləşdiyi maliyyə böhranını heç cür aradan qaldıra bilməyən Məmmədovun bütün layihələri iflasa uğrayır. Mətbuat Hafiz Məmmədovun prezidenti olduğu «Bakı»da 5 aydır ki, məvaciblərin verilmədiyini bildirir. Bunu komandanın futbolçuları da etiraf edirlər. Hətta 5 aydır məvacib ala bilməyən futbolçular bahalı maşınlarını da satmalı olublar.


«Bakı» növbəti mövsümün hazırlıqlarına isə hələ də start verməyib. Azərbaycan premyer-liqasında çıxış edən klublar xaricdə təlim-məşq toplanışı keçdikləri halda «Bakı» Biləcəridən kənara çıxa bilməyib. Təbii ki, bütün bunların səbəbi Hafiz Məmmədovun biznesində çöküş yaşamasına bağlıdır.

AFFA-dakı mənbələrdən publika.az saytına verilən məlumata görə, «Bakı» bu mövsüm Azərbaycan çempionatında iştirak etməyə bilər. Belə ki, klubdan uzun müddətdir məvaciblərini ala bilməyən futbolçular AFFA-ya müraciət ediblər. Bundan əlavə, «Bakı» növbəti mövsüm Premyer-Liqada iştirak etmək üçün bank təminatını da verə bilməyib.

Artıq «Bakı»nın durumu AFFA-da müzakirə olunub. Qurumun baş katibi Elxan Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevə məsələ ilə bağlı məruzə edib. Rövnəq Abdullayev 1-2 həftə də gözləməyi məsləhət görüb. «Bakı»nın maliyyə problemləri bu müddətdə də həllini tapmasa, real addımlar atılacaq. Belə ki, «Bakı» rəsmən müflis elan olunacaq, bütün futbolçulara azad agent statusu veriləcək.  Komanda  Azərbaycan Premyer-Liqasında çıxışını dayandıracaq.

Mənbənin verdiyi məlumata görə, «Bakı»nın əvəzinə elitada «Rəvan» çıxış edə bilər. Rəsmi qərar qəbul olunandan sonra məsələ ilə bağlı «Rəvan» rəhbərliyinə müraciət olunacaq.

Ancaq bu komandanın «Bakı»nı elitada əvəz edəcəyi müəmmalıdı. «Rəvan»ın sponsoru, «Nurgün Motors» şirkətlər qrupunun sahibi Nuru Əliyevlə Hafiz Məmmədov qudadır. Məhz bu məqamı nəzərə alsaq, Nuru Əliyev mənəvi amilləri əsas gətirərək «Rəvan»ın «Bakı»nı əvəz etməsinə razılıq verməyə bilər.

Yaxın günlərdə bütün bu məsələlərlə bağlı konkret qərarların qəbul olunacağı gözlənilir.

 





01.07.2014    çap et  çap et