Məlumata görə, İstanbul 1-ci Ağır Cəza Məhkəməsi baş nazir R. T. Ərdoğanın qardaşı oğlu Mehmet Ərdoğanın da aralarında olduğu və narkotik maddələrin ticarəti ilə məşğul olmaqda ittiham edilən 11 nəfərə hökm oxuyub. Məhkəmənin qərarına əsasən Mehmet Ərdoğan 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həm də narkotik istifadəçisi olduğu nəzərə alınaraq müalicəsinə də qərar verilib.
Qeyd edək ki, baş nazir R. T. Ərdoğan bu hadisə ilə bağlı daha əvvəl verdiyi açıqlamada bildirib ki, Mehmet Ərdoğan haqqında qanunlar nəyi tələb edirsə, o addımlar atılmalıdır: «Valiyə də, polis müdirinə də açıq və konkret söylədim. Qanun nəyi tələb edirsə, onu edin dedim. Mən onu qohumluqdan çıxarmışam. Mənim prinsiplərimə və həqiqətlərimə uyğun olmayan bir adamdır». (APA)