Yarım ildən çox gedən müzakirələrdən sonra AİHM iyulun 1-də Fransada insanların üzlərini örtməsinə qadağa qoyan qanunun insan hüquqlarını pozmadığına dair qərar verib. Qərarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Şikayətçi qismində çıxış edən 24 yaşlı qadın sözügedən qanunun məxfilik, din azadlığı və ifadə azadlığını pozduğunu iddia edərək, ötən il məhkəməyə şikayət göndərmişdi. O bildirmişdi ki, niqab (üzü duvaqla örtən qadın geyimi) geyinmək qərarını özü və könüllü surətdə vermişdi. Nə həyat yoldaşı, nə də ailəsi onu buna məcbur etməmişdi.
2011-ci ildə sabiq prezident Nikola Sarkozinin təşəbbüsü və Fransua Ollandın başçılıq etdiyi sosialist hökumət tərəfindən dəstəklənən qanuna əsasən, üz örtüyü daşıyan şəxslər 150 avro məbləğində cərimə ödəməli olurlar.
Müzakirələr zamanı şikayətçinin britaniyalı vəkili Toni Muman (Tony Muman) onu «ali təhsil almış nümunəvi Fransa vətəndaşı və Fransaya qarşı vətənpərvər hisslər bəsləyən bir insan» kimi təsvir etmişdi.
Qeyd edək ki, Fransada bir çoxları bu qanunun niqab və bürqə geyinməyə məcbur edilən müsəlman qızlarını azad etdiyini bildirsələr də, müsəlman icması qadağanın ictimaiyyətin İslam haqda rəyinə pis təsir etdiyini deyib. (Reuters)