Vaxt.Az

AB Sərkisyanın ayılmasında maraqlıdır


 

Hakimiyyət zəifliyi və ya yalanların da tükənən vaxtı olur

AB Sərkisyanın ayılmasında maraqlıdır Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinin assosiativ üzvlərinə çevrildilər. Postsovet məkanının üç dövləti AB ilə assosiasiya barədə anlaşma imzaladı. Rəsmi Tbilisinin verdiyi bəyanatlara görə, Gürcüstanla Ermənistan arasındakı azad ticarət rejimi dəyişməyəcək. Avropa Birliyi də üç il əvvəl tətbiq olunan və ötən ilin sonlarında vaxtı uzadılan güzəştli gömrük rejimini ləğv etmək fikrində olmadığını bildirib.


Ukraynanın başı vətəndaş müharibəsi dərdində, Moldova da mal və məhsullarını satmağa bazar arayır.

Yəni bu ölkələr də Ermənistanla münasibətlərinin pisləşməyəcəyi ilə bağlı Yerevana vədlər veriblər.

Hələlik belədir. Amma Ermənistanın Avrasiya İttifaqına (Aİ) qoşulmasından sonra vəziyyət kəskin şəkildə dəyişə bilər.

Cənubi Qafqazda Rusiyadan tam asılı yeganə dövlət olan Ermənistan xarici siyasət, dövlətlərarası əlaqələr və ən üst düzəydəki təmaslar sahəsində müstəqil qərarlar vermək imkanlarından bilmərrə məhrum olduğundan praqmat Qərb asılı fiqurla yox, onun asıldığı ipləri dartan oyunçu ilə birbaşa danışıqlara üstünlük verir.

Ermənistanla bağlı istənilən təşəbbüs, müzakirələr və ya anlaşmaları Avropa Birliyi ilk əvvəl Moskvanın reaksiyasını öyrənmək üçün şimal müstəvisində gündəmə gətirir, zəruri sınaqlar və eksperimentlərdən sonra Yerevana tətbiq edir.

Belə durumda AB ilə Ermənistan arasında əlaqələrin fəallaşmasından bəhs etmək yalnız ermənilərin iqtidar analitiklərinin növbətçi çıxışlarının məzmunu ola bilər.

Eyni zamanda, Avropa Birliyi Yerevandakı hakimiyyətin sürəkli yalan danışmasını və verdiyi vədlərin heç birinə əməl etməməsini də əvvəlki təki bağışlamaq niyyətində deyil. Serj Sərkisyan iqtidarı avropalılarla münasibətdə əfvolunma limitini çoxdan doldurub: hər seçkidən əvvəl Avropa Birliyi, ATƏT və AŞPA rəhbərliyi ilə aparılmış müzakirələrdə rəsmi Yerevan azad, ədalətli və şəffaf səsvermə prosesini təmin edəcəyini bildirib, amma sonra bütün vədlərini uğurla «unudub».

İnsan haqlarının təminatı, demokratik təsisatların normal fəaliyyətinə nail olunması, qeyri-hökumət təşkilatlarına tətbiq edilən repressiyalara son qoyulması, vətəndaş hüquqlarının heçə sayılması praktikasının dayandırılması, iqtisadiyyatın süni inhisarların nəzarətindən çıxarılması, hakimiyyətin müxtəlif qollarının adekvat fəaliyyətinin təminatı, iqtisadi-sosial problemlərin həlli üçün vaxtı çoxdan keçmiş islahatlara başlanması, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində idiotik mövqedən əl çəkilməsi, qonşu ölkələrə qarşı ərazi iddiaları təki absurd siyasətin dayandırılması, Rusiyadan asılılıq səviyyəsinin azaldılması və s. - bütün bunlar Avropa Birliyi ilə müzakirələrdə Yerevanın boyun olduğu öhdəliklər idi.

Onların heç biri yerinə yetirilməyib.

Avropa Birliyi ilə münasibətlər şəksiz olaraq Yerevanın NATO ilə təmaslarına da təsir edib.

NATO bu ölkəni itirilmiş ərazi sayır və ona görə də proseslərin məcrasından tam çıxmasına imkan verməmək üçün Yerevanla əməkdaşlıq görüntüsü, tərəfdaşlıq illüziyası yaradır. Ermənistan rəhbərliyinin bütünlüklə Rusiyaya üz çevirərək NATO ilə əlaqələri kəsməsi, təbii ki, Şimali Atlantika Alyansının maraqlarına cavab vermədiyindən ermənilərin hakimiyyətindəki oliqopoliya bandasının zahirən dilə tutulması davam edir.

Məzhəkədir, doğrudur. Amma Cənubi Qafqazda müstəsna geosiyasi və strateji maraqları olan NATO Ermənistanda əlaqələri ifrat sərinləşmə həddinə çatdırmaq istəmir və bütün bunlar anlaşılandır.

NATO üzvü olan dövlətlərin Lüksemburqdakı nazirlər toplantısında maraqlı açıqlama səslənib. Şimali Atlantika Alyansı Tbilisi ilə əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədir.

Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasətdən narahat olan NATO-nun Gürcüstan, Moldova və Ukraynada müəyyən infrastruktur vahidləri yerləşdirəcəyi də istisna deyil.

Şimali Atlantika Alyansının baş katibi Rasmussenin «Şərqə doğru genişlənmənin sürətlənməsi, Ukraynaya qarşı yeni qaydalarla müharibə aparan Rusiya ilə bağlı siyasətin dəyişdirilməsi zərurətinin yaranması» barədə açıqlaması bu baxımdan təsadüfi sayıla bilməz.

ABŞ da Ukrayna olayları ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Göründüyü kimi, əvvəl forpost, sonra eksklav sayılan Ermənistanın ağasının vəziyyəti ağırlaşdıqca Yerevandakı iqtidarın durumu da çətinləşir.

Serj Sərkisyan rejimi çox çətin seçim qarşısındadır: ya bundan sonra da kölə asılılığında olduğu Rusiyanın bütün əmrlərini yerinə yetirərək Qərblə təmasları görüntü müstəvisində saxlamalı, ya da məcranı tədricən, azacıq dəyişərək ölkəni dünya siyasətinin buffonada subyekti sayılmasından qurtarmalıdır.

Ağrılı, amma mümkün cəhdlər ola bilər.

Avropa Birliyi də Sərkisyan rejiminin letargiya yuxusundan ayılmasında maraqlıdır. Avropa Birliyi ilə əməkdaşlıq edən heç bir ölkə üçün bu qurumla assosiativ tərəfdaşlıq Ukrayna, Moldova və Gürcüstan kimi önəmli olmamışdı. Bu anlaşma Avropanın azad ticarət zonasına qoşulmaq yox, Rusiyanın planları və təzyiqləri məkanındakı daimi təşvişdən əhəmiyyətli dərəcədə qurtulmaqdır.

Rusiya hakimiyyətinin nümayəndələrindən biri, Avrasiya komissiyasının rəhbəri Viktor Xristenkonun Ermənistanı «Rusiyanın eksklavı» adlandırması da təsadüf deyil.

Avropa Birliyi ölkələri olan Latviya, Litva və Estoniya əraziləri vasitəsilə fasiləsiz tranzit əlaqələrə malik olduğu Kalininqrad vilayətindən fərqli olaraq Rusiyanın Ermənistanla belə kommunikasiyaları yoxdur.

Təbii ki, Gürcüstan tranzit ərazi olmağa razılaşmayacaq.

Ermənistandakı siyasəti Serj Sərkisyan müəyyənləşdirmədiyindən hadisələrin hansı məcrada inkişaf edəcəyini, olayların necə olacağını Yerevan deyə bilməyəcək.

İstəsə belə...

 





02.07.2014    çap et  çap et