- Cənab səfir, öncə ölkələrimiz arasındakı münasibətlərdən söz açmağınızı istərdim. Bu gün Azərbaycan-Macarıstan əlaqələri hansı vəziyyətdədir?
- İstənilən ölkə ilə olduğu kimi, Azərbaycan-Macarıstan münasibətlərinə də bir neçə aspektdən yanaşmaq lazımdır. Bura siyasi, iqtisadi, mədəni, elmi aspektlər, habelə dövlət və hökumət rəhbərləri arasındakı şəxsi münasibətlər daxildir. Siyasi müstəvidə ölkələrimizin hər hansı problemi yoxdur. Eyni sözləri dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin şəxsi əlaqələri barəsində də söyləmək mümkündür. Humanitar sahədəki qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir. Hər il Macarıstanda Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən onlarla tədbir keçirilir. Səfirliyin mövcud olduğu on ilə yaxın müddət ərzində Budapeştdə ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 50-yə yaxın kitab çap olunub.
Hər il təşkil etdiyimiz «Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu» beynəlxalq konfransı iki ölkənin elm xadimləri arasında əməkdaşlığa böyük təkan verib. Bütün bunlar nəticə etibarı ilə son illər ölkəmizin Macarıstanda daha yaxşı tanınmasına təsirsiz ötüşməyib. Ötən ilin iyunundan Bakı ilə Budapeşti birləşdirən hava yolunun açılması da qarşılıqlı əməkdaşlıq sahəsində uğurlu addımlarından biri sayılmalıdır. İl ərzində 20 minə yaxın Macarıstan və Azərbaycan vətəndaşı bu aviaxəttin xidmətindən istifadə edib. Bu, sadə insanların timsalında iki ölkə xalqlarının biri-birini daha yaxşı tanımasına təkan verib. Nəticədə Macarıstandakı Azərbaycan dostlarının sayı daha da artıb.
İndi hər iki tərəfi maraqlandıran başlıca məsələ iqtisadi əlaqələri daha da canlandırmaq, ticarət dövriyyəsini artırmaqdır. Əlbəttə, bu istiqamətdə də müəyyən irəliləyişlər var. Həmin müsbət dinamika 2012-ci ildən etibarən daha sürətlə artmaqdadır.
Lakin eyni zamanda iqtisadi əməkdaşlıq sahəsində iki ölkənin mövcud potensialından hələ də tam səmərəli şəkildə istifadə edildiyini söyləmək çətindir.
2010-cu ildən hakimiyyətdə olan Viktor Orban hökumətinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyi «Şərqə açılım» siyasətində Azərbaycan açar ölkələrdən bir sayılır. Bu isə imkanların nə qədər geniş olduğunu göstərir. 2012-ci ildə Budapeştdə, 2014-cü ildə isə Bakıda Azərbaycan və Macarıstan iş adamlarının iştirakı ilə keçirilən biznes-forumlar qarşılıqlı marağın miqyası haqqında təsəvvür yaradır. Bunu müvafiq şəkildə hər iki ölkə səfirliklərinin verdiyi vizaların miqdarının bir neçə dəfə artması da sübut edir. Ümidvaram ki, mövcud olan qarşılıqlı inam və etimad mühiti yaxın illərdə iqtisadi əlaqələrin əhəmiyyətli artımına öz təsirini göstərəcək.
Etiraf edim ki, bir səfir kimi Macarıstan cəmiyyətində Azərbaycana artan marağı, xüsusən də sadə macarlar arasında ölkəmizin iqtisadiyyat, mədəniyyət, idman sahəsindəki uğurlarına heyranlığı izləmək mənim üçün çox xoşdur. Hətta mənə elə gəlir ki, son illərdə Macarıstanda daha geniş vətəndaşlıq hüququ qazanan türk-hun düşüncəsinə də ölkəmizin əhəmiyyətli təsiri mövcuddur.
- Macarıstanda Azərbaycan diasporu varmı? Varsa onun fəaliyyəti hansı səviyyədədir? Ümumiyyətlə, Macarıstanda azərbaycanlılar necə tanınırlar? Onların yaşayış səviyyəsi necədir?
- Səfirliyin konsulluq uçotunda cəmisi 36 nəfər həmvətənimiz dayanıb. Onların da təxminən yarısı ölkəyə təhsil almaq üçün gələn tələbələrimizdir. Artıq bu rəqəmə əsaslanıb qoyulan suala cavab tapmaq mümkündür. Amma diaspor tək say deyil. Bəlkə daha çox sanbaldır. Bəzən bir nəfər həm müsbət, həm də mənfi mənada bütöv xalqı minlərlə adamdan daha bacarıqla təmsil etməyi bacarır.
Bu baxımdan məndən əvvəlki səfirimiz Həsən Həsənovun danışdığı əhvalatı xatırlayıram. Deməli, Həsən müəllim erməni diasporunun fəallığı ilə seçilən macar əyalət şəhərlərindən birinə gedir. Merlə görüş zamanı buradakı erməni əhalinin sayı ilə maraqlanır. Mer cavab verir ki, «həm azdır, həm də çox». Həsən müəllim soruşur ki, indi bunu necə başa düşək? Mer də deyir ki, «burada cəmisi 1 nəfər erməni yaşayır, amma 100 nəfərin əvəzinə iş görür». Yəni diaspor belə özəlliklərdən məhrum deyil.
Təəssüf ki, həmvətənlərimizin bir qisminə xas olan Rusiyada ruslaşma, İranda farslaşma mərəzi Macarıstandakı soydaşlarımızdan da yan keçməyib. İngilisdilli Vikipediya-da macar parlamentinə hakim FİDES partiyasından 2006 və 2010-cu illərdə millət vəkili seçilmiş, etnik kökləri etibarı ilə azərbaycanlı olduğu göstərilən Qabor Qubadovun adına rast gəldim. Sadəcə maraq xatirinə onunla görüşmək istədim. Amma parlament üzvü olan macar tanışım məni bu fikirdən daşındırdı. «O, özünü azərbaycanlı saymır. Bu mövzuda danışmağı da xoşlamır» - dedi. Beləliklə, görüş baş tutmadı.
Macarıstandakı azsaylı azərbaycanlılar arasında səfirliklə yaxından əlaqə saxlayan, tədbirlərimizə qatılan hörmətə layiq insanlar var. Amma təəssüf ki, ictimai fəallıqları azdır. Macar cəmiyyəti ilə əlaqələri zəifdir. Əslində bu bütünlükdə Azərbaycan diasporuna xas olan qüsurdur. Macarıstanda soydaşlarımızın necə tanınmalarına gəldikdə isə deməliyəm ki, 2004-cü ilin fevralında Ramil Səfərovun Budapeştdə törətdiyi məlum qətl hadisəsindən sonra erməni təbliğatı var gücü ilə təkcə azərbaycanlı zabiti deyil, ümumən xalqımızı gözdən salmağa, ondan barbar, vəhşi, qaniçən obrazı yaratmağa çalışmış, sonda bəd niyyətinə müəyyən dərəcədə nail olmuşdu. Qəzet və jurnal səhifələrində, internet resurslarında ölkəmiz və xalqımız haqqında saya-hesaba gəlməyən şər-böhtan xarakterli materiallar yayılmışdı. Və təbii ki, belə antitəbliğat insanların müəyyən qisminin Azərbaycan və azərbaycanlılar haqqında təsəvvürlərinin formalaşmasına təsirsiz ötüşməmişdi.
Səfirliyimiz on illik fəaliyyəti dövründə macar ziyalıları, macar cəmiyyətinin sağlam qüvvələri ilə əlbir iş şəraitində bu zərərli mifi aradan qaldırmağa nail olmuşdur.
- Ermənilərin fəal olduğu Macarıstan kimi bir ölkədə Azərbaycan həqiqətlərini siyasi-ictimai arenaya çıxarmaq çətinlik törətmir ki?
- Əlbəttə, törədir. Macarıstan Konstitusiyası ölkədəki etnik qruplardan yalnız 13-nü rəsmən milli azlıq kimi tanıyır. Onların arasında ermənilər də var. Ermənilər bu torpaqlara Osmanlı türkləri ilə birlikdə gəlib və sonralar da onlara arxadan zərbə vurublar. Hər yerdə olduğu kimi Macarıstanda da erməni azlığı öz milli xüsusiyyətlərini qoruyub saxlamaq şərti ilə yerli cəmiyyətə inteqrasiya olmağı, hətta bir sıra hallarda ictimai fikrə təsir göstərməyi bacarıb. Məsələn, hakim FİDES partiyasının nüfuzlu üzvlərindən biri erməni əsillidir. Macarıstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri ana tərəfdən Bakı ermənisidir. Və bunu gizlətmir. Hətta qürur duyur. Tanışlıq görüşümüz zamanı Mihal Balla adlı həmin deputat Dağlıq Qarabağın ondan ötəri də həssas məsələ olduğunu dilə gətirdi.
İndi təsəvvür edin: biz hər hansı təşəbbüslə çıxış edəndə qarşımızda ilk növbədə macar cəmiyyətində, macar siyasi həyatında yeri, nüfuzu, əlaqələri olan belə adamları görürük. Onlar hər vasitə ilə əngəl törətməyə, maneə yaratmağa çalışırlar. Deyək ki, qəzetdə Dağlıq Qarabağ münaqişəsi, yaxud Azərbaycandakı erməni işğalı haqqında yazı çap etdirmək istəyirsən. Yenə də təşəbbüs dalana dirənir. Məlum olur ki, redaktorun erməni dostu, yaxud tanışı həmin yazının çapını məqbul saymayıb.
Bir sözlə, erməni diasporu böyük gücdür və bu gücə qarşı mübarizəni hələ uzun illər davam etdirməliyik. Konkret olaraq Macarıstanın nümunəsinə gəldikdə isə hazırda şikayətçi olmağa o qədər də əsasımız yoxdur. 2012-ci ilin sentyabrında Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra Ermənistanın Macarıstanla diplomatik münasibətləri kəsməsi həm işğalçı ölkənin həqiqi simasını üzə çıxarıb, həm də işlərimizi müəyyən dərəcədə asanlaşdırıb.
- Qarabağ problemi haqqında fikirlərinizi soruşmaq istərdim. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Hələ də hər il «İnşallah, növbəti ili Qarabağda qarşılayacağıq» deməklə kifayətlənirik.
- Açığını desəm, Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda və bizim istədiyimiz şəkildə ədalətli həllini tapması məsələsində o qədər də nikbin deyiləm. Əvvəla, indiyə qədər bu tipli münaqişələrdən heç bir sona qədər çözülməyib. O biri tərəfdən, çağdaş dünyada mövcud olan münasibətlər fonunda Qarabağ düyünün açılması yalnız Azərbaycandan asılı deyil. Nazir işlədiyim dövrdə xarici nümayəndə heyətləri ilə görüşlər zamanı dəfələrlə təkrarlanan bir epizodu xatırlayıram. Cənubi Qafqaz turunda ölkəmizə İrəvan səfərindən sonra gələn qonaqlardan bəziləri Azərbaycan-Ermənistan münaqişəsi haqqında söhbət zamanı fürsət tapıb «Heç bir resursu olmayan belə bir ölkəyə müharibəni necə uduzmağınız bizim üçün sirr qaldı» - deyirdilər.
Bizim üçün isə təbii ki, burada heç bir sirr yoxdur. Ermənistanın arxasında hansı qüvvənin dayandığı hər kəsə bəllidir. Amma torpaqlarımızın taleyi ilə bağlı heç vaxt ruhdan düşmək, ümidsizliyə qapılmaq da olmaz. Tarix təkcə bu gündən ibarət deyil. Güclü olmaq və gələcək son, qətiyyətli döyüşə hazırlaşmaq lazımdır. Ermənilər bir dəfə tarixin həlledici anında bizi qabaqladılar, vəziyyətdən yararlanmağı bacardılar. Belə halın nisbətən kiçik miqyasda bir də təkrarlanacağı istisna deyil. Biz həmin günə hazır olmalıyıq.
- Macarıstan parlamentində Azərbaycan gerçəkliyi və Xocalı soyqırımı ilə bağlı işlər aparılırmı?
- Bu fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Budapeştdəki Azərbaycan səfirliyi bəlkə də xaricdəki yeganə diplomatik nümayəndəlikdir ki, Xocalı soyqırımının 20 illiyi münasibəti ilə 2012-ci ilin fevralında beynəlxalq konfrans keçirib. Brüsseldəki Beynəlxalq Səviyyədə Soyqırımı və Kütləvi Qırğının Qarşısının Alınması Fondu ilə birlikdə təşkil olunan «Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması: Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu» adlı həmin konfransın işində 10-a yaxın xarici ölkə və beynəlxalq təşkilatın, o cümlədən keçmiş Yuqoslaviya üzrə beynəlxalq hərbi tribunalın təmsilçiləri iştirak etmişdi.
Macarıstan parlamentində həm Dağlıq Qarabağ münaqişəsi, həm də Xocalı soyqırımı haqqında bəyanat qəbul olunmasına çalışmışıq. Hətta bu məqsədlə parlament sədri Laslo Köverlə də görüşmüşəm. Amma hər iki təşəbbüs yuxarıda qeyd etdiyim səbəblər üzündən Xarici əlaqələr komissiyası səviyyəsindən o yana getməyib. Məncə, ilkin mərhələdə bu da pis nəticə deyil. Çünki, ən azı məsələ ictimailəşib, komissiya səviyyəsində müzakirə predmeti olub, mətbuata çıxıb.
- Necə düşünürsünüz, Azərbaycanı xaricdə daha yaxşı tanıtmaq üçün hansı işlər görülməlidir?
- Məncə, bu işin mayası, kökü Azərbaycanın özündən başlanmalıdır. Bu sualınıza cavab kimi ilk diplomatlarımızdan biri, 1918-1919-cu illərdə Paris Sülh konfransında Azərbaycan nümayəndə heytinin başçısı Əlimərdan bəy Topçubaçovun Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə 6-10 noyabr 1919-cu il tarixli məktubundan aşağıdakı sətirləri gətirmək istərdim:
«Paytaxt və rəhbər xadimlər - bax Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini onlar göstərməlidirlər. Ümumi borc xalqı səfərbər etmək və onu müstəqil mövcudluq ideyası ətrafında birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. Qarşımızda yalnız bir yol var - bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur. Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili təhlükəsizliyini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət etmək zəruridir. Ümumi mənafelərə qayğı və sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət maraqlarını qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə dövlət ola bilər ki, artıq heş kəsin onu tanımağına möhtac olmaz. Çünki daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır».
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...
- Dövlət başçısı Azərbaycan diplomatik nümayəndəliklərinin təmsilçiləri qarşısındakı çıxışlarının birində diaspor təşkilatları ilə səfirliklər arasında olan problemlərə toxunmuşdu. Belə problemlər Macarıstanda da yaşanırmı?
- Əvvəldə də dediyim kimi, say və sanbal baxımından Macarıstanda Azərbaycan diasporu demək olar ki, yox dərəcəsindədir. Amma buna baxmayaraq formal olaraq iki diaspor qurumu mövcuddur. Doğrudur, «Azərbaycan-macar dostluq cəmiyyəti» və «Qardaşlıq» adlanan həmin təşkilatlarda əsasən təsisçilərin özlərindən və onların bir-iki yaxınlarından başqa kimsə yoxdur. İstənilən halda, biz hər iki təşkilatla, daha doğrusu, təmsilçi şəxslərlə mümkün qədər sıx əlaqə saxlamağa çalışırıq. Onları səfirlik xətti ilə keçirilən bütün tədbirlərə dəvət edirik. Özlərinin hər hansı təşəbbüsü olsa, dəstək veririk. Bu baxımdan Azərbaycan səfirliyi ilə Macarıstandakı Azərbaycan diasporu arasında heç bir problem yoxdur. İnanıram ki, adını çəkdiyim qurumların rəhbərləri də eyni fikirdədirlər.
- Azərbaycandan kənarda yaşamağın nə kimi problemləri var? Uyğunlaşa bilirsinizmi? Macar dilini öyrənə bilmisinizmi?
- Artıq on birinci ildir ki, Azərbaycandan kənarda yaşayıram. Hansısa ciddi problemlə üzləşdiyimi deyə bilmərəm. Texniki tərəqqi dünyanın hüdudlarını o qədər daraldıb ki, indi məsafə hissinin özü aradan qalxmağa başlayıb. İnternet vasitəsi ilə vətəndə baş verən hadisə və proseslərdən anında xəbər tutmaq mümkündür. Yaxınlarının, doğmalarının üzünü görmək istəyirsənsə, «Skype» əl altındadır. Elektron məktublaşma, «Facebook», «WhatsApp» da öz qaydasında. Bəzən adamlar darıxmaqdan şikayətlənirlər. Doğrusu, bu hiss mənə həmişə yad olub. Əvvəla, darıxmağa vaxt yoxdur. İkincisi də, XVII yüzilliyin məşhur holland filosofu Barux Spinozanın sözləri ilə desəm, «Ruhən zəngin olan insanlar heç vaxt darıxmırlar». Ruhu formada saxlamaq, zənginləşdirmək üçün nə qədər vasitələr mövcuddur! O qədər oxumalı kitablar, baxmalı filmlər, səyahət etməli yerlər, təmas qurmalı insanlar var ki...
Macarıstanda daim bir Şərq ruhu, daha dəqiq desəm, türk ruhu dolaşır. Bura Avropanın mərkəzi olsa da, klassik anlamda Qərb deyil. Mentalitet, münasibətlər fərqlidir. Deyərdim ki, daha səmimi, daha istidir. Ona görə də mühitə, insanlara uyğunlaşmaqda hər hansı ciddi çətinlik yoxdur. Macar dilinə gəldikdə isə öyrənə bilməmişəm. Əslində qarşıma belə məqsəd də qoymamışam. Üstəlik son dərəcə çətin dildir. Bundan əvvəl səfir kimi çalışdığım Polşada polyak dilini ruscaya yaxınlıq səbəbindən çox tez mənimsəmişdim. Çalışdığın ölkənin, arasında yaşadığın xalqın dilini bilməyin necə böyük üstünlük olduğuna Varşavada keçirdiyim illərdə əyani təcrübədə dəfələrlə inanmışdım. Amma təəssüf ki, tarixi keçmişinə, mədəniyyətinə, insanlarına daha böyük maraq duyduğum macarların dilini öyrənmək imkanlarım xaricindədir. Yalnız zəruri söz və ifadələri bilirəm. Bu yolla da, türklər demişkən, bir təhər idarə edirik.
- Artıq bir neçə ildir ki, Macarıstandasınız. Müqayisə üçün kifayət qədər vaxtınız olub. Xalqlarımız arasında nə kimi fərqliliklər var?
- Məncə, macarlarla azərbaycanlılar arasındakı fərqlərdən daha çox oxşarlıqlardan, bənzərliklərdən danışmaq mümkündür. Macarlar mental cəhətdən bizə daha yaxın olan Avropa xalqıdır. Bu da onların soy-köklərinin, etnogenezlərinin türk dünyası ilə bağlılığından irəli gəlir. Amma eyni zamanda Avropada yaşadıqları on-on beş əsrlik zaman da macar milli mentalitetinə öz möhürünü vurmuşdur. Təbii ki, bizimlə, bütünlükdə cənub xalqları ilə müqayisədə onlar daha az emosionaldırlar. Sakit və bir az da astagəldirlər. Amma dəyişikliklərə çox həssasdırlar. İctimai cəhətdən fəaldırlar. Mədəniyyətə maraq yüksək səviyyədədir. Həm də bu yuxarıdan tapşırıqla təşkil olunan maraq deyil.
Macar, necə deyərlər, boğazından kəsib teatra, operaya getməyə, kitab almağa əsla tərəddüd etməz. Budapeştin ən möhtəşəm binalarında yerləşən kitab mağazalarını görəndə sözün yaxşı mənasında həsəd aparıram. Burada dünya mədəniyyətinin bütün nailiyyətlərini əks etdirən çap məhsullarına rast gəlmək mümkündür. Opera, yaxud operetta teatrına düşmək üçün həftələrlə əvvəldən bilet sifariş vermək lazımdır. Nəhayət, macarlar son dərəcə vətənpərvərdirlər. Bəlkə də elə bu hiss onlara qədim dövrlərdə bir tərəfdən german, o biri tərəfdən isə slavyan tayfalarının arasında olmalarına baxmayaraq öz milli dəyərlərini qoruyub-yaşatmağa imkan vermişdir.
Sovet imperiyasına ilk sarsıdıcı zərbə olan 1956-cı il macar üsyanının burada başlaması da macar xalqının sarsılmaz azadlıq ruhundan, milli dəyərlərinə hörmətindən xəbər verir.
- Siz bir neçə il xarici işlər naziri vəzifəsində çalışmısınız. Hazırda səfir kimi fəaliyyət göstərirsiniz. Keçmiş işçilərin sizə olan münasibətini bilmək maraqlı olardı.
- Şübhəsiz, Azərbaycanda vəzifə kultu böyükdür və yəqin ki, hələ uzun illər boyu da belə davam edəcək. Sualınız yadıma bir hadisəni saldı. Nazir işlədiyim dövrdə daha əvvəldən tanıdığım və yaşca məndən böyük olan səfirlərimizdən biri hər vasitə ilə özünü mənə çox yaxın adam kimi göstərməyə çalışır və tez-tez «Bizim əsl dostluğumuz siz nazir olmayanda başlayacaq» deyirdi. Amma nazir vəzifəsindən çıxarılanda mənə ilk arxa çevirən həmin adam oldu.
Əslində, burada Azərbaycan reallığı baxımından qeyri-adi bir şey yoxdur. Əksi baş versəydi, bəlkə də daha təəccüblü görünərdi. Düşünürəm ki, belə məsələlərə ümumiyyətlə bir az filosofcasına yanaşmaq lazımdır.
Ola bilsin ki, bu qənaətim təvazökarlıqdan uzaq səslənəcək. Şəxsən mənə elə ki, əgər cəmiyyətdə müəyyən nüfuz və hörmətim varsa, bunu mənə vəzifə qazandırmayıb. Digər tərəfdən, vəzifədə olduğum dövrdə də bacardığım qədər insanlara yaxşılıq etməyə çalışmışam. Ona görə də XİN-ə rəhbərliyim dövründə birlikdə çalışdığım əməkdaşların münasibətindən narazı deyiləm. Əgər böyük vəzifənin itirilməsi ilə bağlı müəyyən saymazyanalıq halları olubsa da, bunu həmin adamların daxili mədəniyyəti, mərifət və mənəviyyatı ilə bağlayıram və belə hallardan heç vaxt özümə problem düzəltmirəm. Məncə, hər bir insanın qiymətini hamıdan yaxşı özü bilir.
- Hazırda hansı səfirlərlə daha çox əlaqələriniz var?
- Mən özümü ünsiyyət üçün o qədər də açıq adam saymıram. Yəni elə insanlar var ki, gün ərzində 50-60 yerə telefon açır, hal-əhval tutur, hər məsələ ilə maraqlanırlar. Bu mənada əlaqə dairəm məhduddur. Səfir həmkarlarımdan hər hansı biri ilə əlaqə əksər hallarda işlə, ortaya çıxan və hər iki tərəfin müdaxiləsini, yaxud məsləhətini tələb edən problemlərlə bağlı olur. Deyə bilərəm ki, ən çox ünsiyyət saxladığım həmkarım Polşadakı səfirimiz Həsən Həsənovdur. Bu, təkcə ölkələrimizi «dəyişməyimizlə» bağlı deyil. Həsən müəllim son dərəcə maraqlı və müdrik adamdır. Olduqca gözəl həmsöhbətdir. Üstəlik də, bilik və təcrübə dairəsi genişdir. Bizi yalnız diplomatik fəaliyyət bağlamır. Həm də bir sıra elmi-ədəbi layihələrin gerçəkləşdirilməsində əməkdaşlıq edirik. Hazırda üzərində işlədiyimiz belə layihələrdən biri XX əsr Azərbaycan ictimai-siyasi fikrinin korifeyi Əlimərdan bəy Topçubaşovun əsərlərinin 4 cildlik külliyyatını çapa hazırlamağımızdır.
- Siz həm də tanınmış filoloq - alimsiniz. Son dövrlərdə Azərbaycan ədəbiyyatının öyrənilməsi və təbliği sahəsində hansı işlər görürsünüz?
- Gördüyüm işlər göz qabağındadır. Özünütərif kimi çıxmasın, əsas işimlə bağlı ədəbiyyat və mətbuat tariximizin öyrənilməsi sahəsində apardığım araşdırmaların miqyasına görə Bakıda universitetlərdə və elmi-tədqiqat institutlarında çalışan həmkarlarımdan geri qalmamağa çalışıram. Səfir kimi Polşada və Macarıstanda çalışdığım dövrdə «Azərbaycan» jurnalında, «525-ci qəzet»də və təəssüf ki, indi fəaliyyətini dayandıran «Zerkalo» qəzetində yüzə qədər araşdırmam çap olunub. Onların əksəriyyəti Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixinin, milli mətbuatın indiyə qədər diqqətdən kənarda qalan şəxsiyyət və problemlərindən bəhs edir.
Ötən il Varşavada «Polyaklar Azərbaycan Demokratik Respublikasında» kitabım polyak dilində nəşr olunub. Bu yaxınlarda «Rusiya şərqşünaslığında Azərbaycan məktəbi» monoqrafiyam ingilis dilində çıxacaq. Bakı nəşriyyatlarına da bir neçə kitab təqdim etmişəm. Təbii ki, əsas işim dövlət qulluğudur. Amma fikrimcə, elmi fəaliyyət də bu işin tərkib hissəsi, ayrılmaz komponenti sayıla bilər.
- Macarıstanda ömürlük həbs cəzası çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra Macarıstanla Ermənistan arasında bir sıra problemlər yaşandı. Həmin problemlər ölkələrimizin qarşılıqlı münasibətlərinə hər hansı şəkildə təsir göstərdimi?
- Ermənistanın müasir Macarıstanın siyasi, iqtisadi, mədəni həyatında elə bir rolu, yaxud əhəmiyyəti yoxdur ki, onunla münasibətlərin pozulması digər ölkələrlə əlaqələrə də hər hansı təsir göstərsin. Doğrudur, ekstradisiyadan sonra Budapeştdə mitinq oldu, sosial şəbəkədə «Üzr istəyirik, Ermənistan» hərəkatı başladıldı, qəzetlərdə və elektron mediada Azərbaycan əleyhinə bir sıra yazılar yazıldı. Xristian həmrəyliyi mövqeyindən çıxış edən kiçik bir kəsim müsəlman Azərbaycana görə xristian Ermənistanla münasibətlərin korlanmasının nə dərəcədə məqsədəuyğun olması barəsində polemika açmağa çalışdı. Lakin Macarıstandakı erməni icmasının bütün səylərinə baxmayaraq bu prosesə antiazərbaycan xarakteri vermək mümkün olmadı. Çünki aksiyaya qoşulanların böyük əksəriyyəti Viktor Orban hökumətinin siyasətindən narazı olanlar idi. Onlar sadəcə situasiyadan yararlanaraq hökumətə üzləşdikləri sosial-iqtisadi problemlərlə bağlı narazılıq və etirazlarını bildirirdilər. Əksinə, deyərdim ki, ekstradisiya güclü, vətəndaşını qiymətləndirən, hər bir vəziyyətdə onun yardımına çalışan dövlət kimi Azərbaycanın nüfuzunu daha da artırdı.
- Macarıstanda diplomatik nümayəndəliklərin və şəxslərin qorunması, onların təhlükəsizliklərinin təmin edilməsi hansı səviyyədədir?
- Bu baxımından Macarıstandakı diplomatik nümayəndəlikləri üç qrupa bölmək olar: macar dövləti tərəfindən qorunanlar, öz ölkələrinin mühafizə xidməti tərəfindən qorunanlar və ümumiyyətlə qorunmayanlar. Məsələn, ABŞ, İsrail, Türkiyə səfirliklərini macar polisi qoruyur. Rusiya, yaxud Britaniya kimi ölkələrin səfirlikləri öz təhlükəsizlik xidmətləri mühafizə edir.
Bizi isə hələlik heç kim qorumur. Doğrudur, Ramil Səfərovun ekstradisiyası zamanı həm səfirlik binası, həm də səfirin iqamətgahı təxminən altı ay ərzində macar polisi tərəfindən gün ərzində mühafizə olunurdu. Lakin, bu sadəcə mümkün hədə və risklər qarşısında müvəqqəti xarakterli tədbir idi. Həm Macarıstandakı, həm də dünyanın digər ölkələrindəki hədə və risklər aradan qalxmadığı üçün, şübhəsiz, yaxın gələcəkdə mühafizə məsələsinin dövlət səviyyəsində həllinə ehtiyac var.
- Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər gözlənilirmi?
- Səfərlər nəzərdə tutulub. Bu istiqamətdə iş gedir. Ancaq hadisələri qabaqlamaq istəməzdim. Necə deyərlər, yaşayarıq, görərik.