Onun sözlərinə, 2014-cü ilin sonunadək əlavə olaraq Bərdə, Sabirabad, Masallı, Qəbələdə də «ASAN xidmət» mərkəzləri açılacaq. Bu mərkəzlər istifadəyə verildikdən sonra vətəndaşların bu mərkəzlərə müraciət etməsində mövcud qeydiyyat problemi tam aradan götürüləcək: «Belə ki, ilin sonunadək respublika üzrə bütün «ASAN xidmət» mərkəzləri arasında vahid şəbəkə yaranacaq ki, bu da harada qeydiyyatda olmasından asılı olmayaraq, vətəndaşlara tam xidmət göstərməyimizə imkan verəcək».
«ASAN xidmət»də də guya neqativ halların baş verdiyi və bunun sadəcə cəmiyyətdən gizlədildiyi barədə səslənən bəzi fikirlərə də münasibət bildirən İ.Kərimov qeyd edib ki, bu fikirlər qətiyyən həqiqətə uyğun deyil: «Qəti şəkildə deyirəm ki, «ASAN xidmət»də hər hansı bir neqativ hal baş verməsi qeyri-mümkündür. Kim belə bir neqativ halı bilirsə, xahiş edirik, onu bizə təqdim etsinlər. Ola bilər ki, neqativ deyəndə müəyyən şikayətlər nəzərdə tutulur. Bizdə şikayətlərin araşdırılması üçün çox effektiv mexanizm mövcuddur. Əsas odur ki, vətəndaşlar nədənsə şikayət edəndə ona çox tez, operativ şəkildə cavab verilir və onun şikayət etdiyi məsələ həll olunur. Əgər hər hansı məsələ bizim səlahiyyət çərçivəmizdə deyilsə, həmin vətəndaşa bu barədə ətraflı məlumat verilir».
Sifarişli «ASAN xidmət»ə gəlincə, Agentliyin sədri qeyd edib ki, bu iş müqavilə əsasında aparılır. Vətəndaşlar «ASAN xidmət»lə müqavilə bağlayır, onun da əsasında həmin şəxslərə xidmət göstərilir: «Əlillər və hərəkət imkanı məhdud olan xəstə uşaqlar üçün bu xidmət tamamilə pulsuzdur. Məqsəd sosial həmrəyliyin təmin edilməsidir. Yəni dolayısı ilə pulu olan insanlar imkanı olmayan insanların xidmətlərini maliyyələşdirmiş olur. Bu da öz növbəsində dövlətə yük olmur».
İ.Kərimov həmçinin əlavə edib ki, artıq «ASAN 2» konsepsiyasının da tətbiqinə başlanıb: «Həmin konsepsiyaya əsasən, bir çox innovasiyaların, xüsusilə elektron xidmətlərin, elektronlaşmanın inkişafı nəzərdə tutulur. İnnovasilayar, innovasiyalar və innovasiyalar!»
Qeyd edək ki, «ASAN 2» konsepsiyasına əsasən, «ASAN xidmət» mərkəzlərindəki xidmətlərin elektronlaşdırılması və daha əlçatan olması nəzərdə tutulur. Məmur və vətəndaş arasında təmas və dialoqun minimallaşdırılması məqsədilə «ASAN xidmət» mərkəzlərindəki özünəxidmət köşkləri mühüm rol oynayacaq. Bunun üçün köşklər biometrik məlumatların götürülməsi, nağd və plastik kartlar vasitəsilə ödənişlərin aparılması imkanı ilə təmin ediləcək. Bu konsepsiyada daha bir yenilik «ASAN xidmət» binalarının müasir texnologiyaların tətbiqi sayəsində özünü enerji ilə təmin edən funksiyalara malik olmasıdır. Quraşdırılan Günəş panelləri binanı elektrik enerjisi ilə təmin edəcək.