Vaxt.Az

«Qara qızıl» çıxaranlara qara xəbər


 

ARDNŞ işçilərinin sayı 30 minədək endiriləcək

«Qara qızıl» çıxaranlara qara xəbər Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan işçilərin sayı 30 minə endiriləcək. Hasilat aşağı düşdüyündən işçilərin ixtisarına ehtiyac yaranıb. Virtualaz.org saytı xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.


Hüquq müdafiəçisinin sözlərinə görə, ötən ilin sonlarında şirkətdə çalışanların sayının 45 minə endiriləcəyi açıqlanmışdı. Amma hasilatı artırmaq mümkün olmadığından işçilərin ixtisarına qərar verilib.

M.Qəhrəmanlı deyib ki, ARDNŞ-in tabeliyində olan «Azəriqaz» İstehsalat Birliyində də ixtisarlar davam edir: «İxtisarlar davam edir. Hazırda  »Azəriqaz»ın strukturu belədir - rəis, baş mühəndis, rəis müavini, rəisin satış üzrə müavini. Rəisə 6 şöbə və 12 sayda (12 rayon üzrə) texniki istismar xidməti tabedir. Baş mühəndisə 2 şöbə, rəis müavininə 1 şöbə, satış üzrə müavinə 3 şöbə tabedir. Hazırda 12 qaz istismar sahəsi, buna uyğun olaraq 12 rəis, 12 müavin, 12 baş mühəndis, hər sahədə 6 şöbə rəisi var.  Bu sahələr ləğv olunacaq. Rəislər və müavinlər təbii ki, işsiz qalmayacaq».

M.Qəhrəmanlı söylədi ki, mühəndis və digər texniki işçilərlə bağlı narahatçılıq var, çünki onların ixtisara düşəcəyi gözlənilir: «Qaz sahəsində 200-dən çox əməkdaşın ixtisara düşdüyü təxmin edilir. Çünki hər ay ixtisarlar aparılır. Artıq ARDNŞ tərəfindən Bakı qaz istismar və satış idarəsinin strukturu təsdiq olunub. Rayon qaz istismar sahələrinin statusları isə kiçilərək rayon texniki istismar xidməti olub. Yəni Bakı şəhəri üzrə cəmi bir qaz idarəsi və 12 rayon texniki istismar xidmətləri olacaq. Bununla əlaqədar bildirişlər paylanıb. Rayon qaz istismar sahə rəisləri xidmət rəisləri səviyyəsinə düşdüklərinə görə xidmət rəisləri mühəndis səviyyəsinə enirlər. Bu halda mühəndis və texniki işçilərin işlərini itirmə təhlükəsi yaranır».

Hüquq müdafiəçisi ilin sonuna kimi neft sektorunda ixtisarların davam edəcəyini dedi: «ARDNŞ-də struktur islahatları davam edir. «Azneft» İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin (NQÇİ) bəzi sexləri sahəyə çevriləcək. Bunun nəticəsində isə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin sexlərin mühəndis-texniki işçilərinin bəziləri ixtisar oluna, yaxud aşağı vəzifəyə keçirilə bilər. «Azneft» İB-nin tərkibində 11 Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) fəaliyyət göstərir. Yenə də xatırladıram, struktur dəyişikliyinin kökündə ARDNŞ-də neft hasilatının aşağı düşməsi durur».

M.Qəhrəmanlı hesab edir ki, aparılan struktur islahatları o qədər də effektli olmayacaq. Çünki şirkətin tabeliyində hələ də lazımsız strukturlar var: «İri neft şirkətlərinin tərcübəsi öyrənilməlidir. Heç bir xarici şirkət belə struktura malik deyil. Ali Neft Məktəbi də daxil olmaqla təhsil ocaqları, Sosial İnkişaf İdarəsi, «Azərkimya», «Azəriqaz» ayrıca quruma, ARDNŞ isə biznes strukturuna çevrilməlidir».

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat katibi Araz Ağayev isə ixtisara düşən qaz işçilərinin sayının struktur islahatlarından sonra açıqlanacağını deyib.

A.Ağayev virtualaz.org saytına onu da bildirib ki, birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismar sahələrinin yenidən təşkil edilərək onların bazasında regional qaz istismar idarələrinin yaradılması, zərurət olmayan bölmələrin, ştatların ləğv edilməsi prosesi davam etdirilir. Bu islahatların həyata keçirilməsi zamanı isə müəyyən sayda işçilərin sərbəstləşməsi qaçılmazdır.

Dövlət Neft Şirkətindən isə bununla bağlı suallara cavab verilməyib.

 





02.07.2014    çap et  çap et