Vaxt.Az

Real biliyi necə qiymətləndirməli?


 

Rövşən Ağayev: «Cəmi 2 fəndən buraxılış imtahanı verməklə şagirdlərin bilik səviyyəsini tam müəyyənləşdirmək mümkün deyil»

Real biliyi necə qiymətləndirməli? «Buraxılış imtahanlarında «2» və «3» alan şagirdlərin sayının çoxluğu təhsilimizin düşdüyü bataqlığın nə qədər dərin olduğunu bilmək üçün yetərli deyil. Doğrudur, bu göstəricinin səviyyəsinə görə də təhsilimizin durumunun faciəvi olduğunu çəkinmədən söyləmək olar. TQDK-nın yaydığı məlumatlar əsasında aparılan ümumiləşdirmənin nəticələrinə görə, bu il təxminən 110,5 min şagird 9-cu sinfi, 82,5 min şagird 11-ci sinfi bitirib. 9-cu sinfi başa vuranların ən azı 30, 11-ci sinfi bitirənlərin isə 20 faizi bir fəndən «2» alıb».


Təhsil mövzusunda bir neçə səs-küylü araşdırmaların müəllifi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi İctimai Birliyinin sədr müavini Rövşən Ağayev «Həftə içi»nə açıqlamasında belə deyib. Onun sözlərinə görə, ümumilikdə buraxılış imtahanı verən 193,5 min 9 və 11-ci sinif şagirdindən 126,9 min nəfəri və ya 66 faizi buraxılış imtahanlarından «2» və «3» qiymət alıb. Üstəlik indiki qiymətləndirmə sistemini də qüsurlu sayan ekspert hesab edir ki, beynəlxalq praktikaya əsasən, ümumi imtahan suallarının ən azı 30 faizdən çoxunu cavablandıran iştirakçılar «3» ala bilir. Onun fikrincə, bu standart Azərbaycanda tətbiq edilsə, buraxılış imtahanlarında 30 sualdan 10-na cavab verən şagird «2» qiymətdən yaxa qurtara bilər: «TQDK isə hazırda 8 sualı cavablandıran şagirdə «3» almaq şansı tanıyır. Bu sistem tətbiq edilsə, böyük ehtimalla «2» alanların sayı xeyli çox ola bilər. Hətta Rusiyada Vahid Dövlət İmtahanında ana dilindən ümumi sualların ən azı 40 faizini düzgün cavablandıran şagirdlər «3» alır. Azərbaycanda həmin göstərici 25 faizdir».

Rövşən Ağayev qiymətləndirmə sistemində ikinci qüsur kimi imtahan fənlərinin sayının az olmasını söyləyir. Onun sözlərinə görə, hazırda Azərbaycanda ümumtəhsil məktəblərinin buraxılış siniflərinin şagirdləri cəmi 2 fəndən – ana dili və riyaziyyatdan imtahan verməsi onların ümumi bilik səviyyəsini müəyyənləşdirmək üçün kifayət deyil: «Cəmi 2 fəndən buraxılış imtahanı verməklə şagirdlərin bilik səviyyəsini tam müəyyənləşdirmək mümkün deyil. Bir təbiət fənni və xarici dil imtahanı da buraxılış imtahanları sırasına daxil edilsə, yəqin ki, «kəsilən» şagirdlərin sayı indikindən əhəmiyyətli dərəcədə çox olacaq. Və şagirdlərin biliyinin hərtərəfli inkişaf etdirilməsi baxımından imtahan fənlərinin sırasının genişləndirilməsi çox vacibdir. Belə olan halda ölkənin təhsil sisteminin də gerçək durumu ortaya çıxar. Məsələn, Rusiyada Vahid Dövlət İmtahanı 11 fəndən verilir. Qazaxıstan hökuməti növbəti ildən 9-cu siniflər üçün 3 fəndən - ana dili, riyaziyyat və xarici dilindən imtahan verməklə bağlı qərar qəbul edib».

 

Buraxılış imtahanı: Qazaxıstanda 5, Azərbaycanda 2 fəndən

 

Yeri gəlmişkən, test üsulu ilk dəfə 1969-cu ildə ABŞ-da orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. Keçmiş SSRİ məkanında ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsinə ilk dəfə 1992-ci ildə Azərbaycanda başlanıb. Qazaxıstanda isə test üsulunun tətbiqi 1993-cü ilə təsadüf edir. 2004-cü ildən isə Qazaxıstanda Vahid Milli Test Mərkəzi (Azərbaycanda TQDK-nın analoqu) yaradılıb və həmin ildən ümumtəhsil məktəblərinin buraxılış imtahanı olan VMT-nin nəticələri əsasında ali məktəblərə qəbul da həyata keçirilir. Hazırda Qazaxıstanda tətbiq olunan VMT-lə Rusiyadakı Vahid Dövlət İmtahanı sistemi bir-birinə oxşardır. Rusiyada 2009-cu ildən tətbiq olunan bu sistemə uyğun olaraq, ali məktəblərə tələbə qəbulu orta məktəb bitirilərkən orda verilən imtahan nəticələri əsasında həyata keçirilir. Yeni qaydaya əsasən, məzunlar mərkəzləşdirilmiş şəkildə tərtib edilmiş xüsusi Vahid Dövlət İmtahanları (VDİ) verir və onların topladığı bal ali məktəblərə qəbulda əsas götürülür. Ən əsası odur ki, Rusiyada VDİ-də iştirak məcburi deyil. Belə ki, kim orta təhsili başa çatdırdıqdan sonra kolleclərə və ya ali məktəblərə daxil olmaq istəyirsə, o halda VDİ-dən keçməlidir.

Ekspertlər Rusiya və Qazaxıstandakı vahid milli testin iki vacib üstünlüyünü xüsusi vurğulayırlar. Bunlardan birincisi odur ki, buraxılış imtahanları ilə ali məktəblərə qəbul bir imtahanda birləşir və bu, abituriyentləri əlavə imtahan yükündən azad edir. Azərbaycanda isə buraxılış siniflərdə təhsil alan şagirdlər bir neçə ay ərzində ən azı 3 dəfə imtahan verir: 1 sınaq, buraxılış və sonda isə ali məktəblərə qəbul üçün ayrıca imtahan.

Qazaxıstan və Rusiyada tətbiq olunan vahid test sisteminin ikinci üstünlüyü isə imtahan fənlərinin sayının az olmasındadır. Belə ki, Qazaxıstanda 4 məcburi (riyaziyyat, qazax dili (rus dili), Qazaxıstan tarixi və ədəbiyyat) və 1 sərbəst imtahan var. Adından da göründüyü kimi, sərbəst fənn üzrə imtahan şagirdlərin seçimindən asılı olaraq müəyyənləşir. Belə ki, texniki profilli ixtisasları seçənlər riyaziyyatı, humanitar sahəni seçənlər coğrafiyanı seçir. Hər fənn üzrə toplanan maksimum nəticə 25 bal səviyyəsində müəyyənləşdirilir. Yekunda 5 fənn üzrə imtahan vermiş məzun topladığı balın həcmindən asılı olaraq, istədiyi ali məktəbdə təhsilini davam etdirə bilər. Rusiyada isə imtahanların sayı daha çoxdur. Belə ki, VDİ-də 5-i məcburi (rus dili, riyaziyyat informatika, biologiya və ədəbiyyat) olmaqla imtahan fənlərinin sayı 6-dır. Qazaxıstanda olduğu kimi Rusiyada da seçim fənn imtahanın şagirdlərin ali məktəbə qəbul üçün seçdiyi ixtisasın profilindən asılı olaraq dəyişir. Məsələn, 2011-ci ildə Rusiyada orta məktəbləri bitirən şagirdlər arasında seçim fənni kimi fizika daha populyar olub. Belə ki, imtahanlarda iştirak edən məktəblilərin 27,2 faizi bu fəndən imtahan verib. İmtahana qatılanların 23,2 faizi tarixi, 21,6 faizi biologiyanı seçib.

 

Aralıqda «itirilən» şagirdlər

 

Rövşən Ağayev bildirir ki, indi «2» alanların sayının çoxluğu qədər təhlükəli problem 6-17 yaşlı uşaq və yeniyetmələrin xeyli hissəsinin orta təhsildən kənarda qalmasıdır. Onun fikrincə, uşaqlar, xüsusilə də 15-17 yaşlı yeniyetmələr məktəbdən divarlarından kənar düşdükdə çox təhlükəli olurlar: «Həm də o ölkədə ki, faydalı işlə məşğul olmaq üçün heç bir seçim yoxdur. Əvəzində radikal dini qruplara, cinayətkar dəstələrə qoşulmaq üçün daha əlverişli şərtlər var.

Ekspert fikrini əsaslandırmaq üçün rəsmi statistik rəqəmlərə istinad edir. Onun sözlərinə görə, bu il 11-ci sinfi bitirən şagirdlər 2003-2004-cü tədris ilində 1-ci sinfə gediblər. Həmin il ölkənin bütün orta məktəbləri üzrə 137,1 min uşaq 1-ci sinfə qəbul olub və 2012-ci ildə həmin uşaqların 117,3 min nəfəri 9-cu sinfi bitirib: «Göründüyü kimi, 20 min uşaq və ya 1-ci sinfə qəbul olanların 15 faizi hətta 9 illik təhsildən kənarda qalıb. Bəlkə bu uşaqlar ölkədən köçüb? Rəsmi statistika bunu inkar edir. Çünki rəsmən açıqlanmış məlumata görə, 2004-2012-ci illərdə cəmi 17 min nəfər başqa ölkələr köçüb. Miqrantların yaş strukturunda isə uşaqların payı 20 faizi ötmür. Hətta emiqrasiya ehtimalı nəzərə alındıqda, yenə də 15 minədək uşaq 9-cu sinfi bitirmədən orta təhsildən ayrı düşüb. Ölüm əmsalını nəzərə almıram, çünki rəsmi məlumata görə, 6-17 yaşlı uşaqlar arasında ölüm faizi 0,3-0,4 faizdən çox deyil».

Ekspertin hesablamalarına görə, 2012-ci ildə 9-cu sinfi bitirən 117,3 min şagird bu il tam orta təhsil sistemini başa vurmalı idilər. Amma rəsmi məlumata görə, 11-ci sinfi 82,5 min şagird bitirib: «Cəmi 2 ildə 35 min yeniyetmə orta məktəb divarlarından hara buxarlandı? Bəlkə ölkədən köçüb gediblər? Rəsmi məlumata görə, son bir il yarımda başqa ölkələrə köçüb gedənlərin sayı heç 1000 nəfər də deyil. Həmin uşaqlardan təxminən 12,5 min nəfəri 9 illik təhsil bazasından peşə məktəblərə və kolleclərə daxil olublar. Yerdə qalan 22,5 min nəfər sadəcə orta məktəbi buraxıb, nə işlə məşğul olduqları bəlli deyil».

Beləliklə, 2003-ci ildə məktəbə qəbul olan uşaqlarımızın təxminən 38 min nəfəri və ya 30 faizi tam orta təhsildən uzaq düşüb. Rövşən Ağayev bildirir ki, UNESCO-nun 2013/2014-cü illər üzrə «Hamı üçün Təhsil Qlobal Monitorinq Hesabat»ına görə, inkişaf etmiş ölkələrdə tam orta təhsillə əhatə əmsalı 100 faizə yaxındır. Bu ölkələrdə 17-18 yaşlı uşaqların 85-90 faizi ənənəvi orta məktəbləri, yerdə qalan hissəsi isə peşə təhsili məktəblərini bitirirlər: «Lakin rəsmi rəqəmlərdən göründüyü kimi, Azərbaycanda bu yaşda uşaqların ən azı 30 faizi tam orta təhsil ala bilmir».

 





02.07.2014    çap et  çap et