Vaxt.Az

Ziya Məmmədovdan analoqu olmayan - QƏRAR


 

Rayonlardan Bakıya gələn avtomobillər şəhərə buraxılmayacaq!

Ziya Məmmədovdan analoqu olmayan - QƏRAR Bakıda tıxacları aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi maraqlı qərar qəbul edib. Vaxt.az «ANS Press»ə istinadən xəbər verir ki, bundan sonra rayonlardan Bakıya gələn avtomobillər şəhərə buraxılmayacaq. Nazirlik bunu rayonlardan gələn sürücülərin bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də şəhərdə qəzalar törətməlirilə izah edirlər. Nəqliyyat Nazirliyindən bildirirlər ki, problemin həlli istiqamətində artıq layihələr də var.


Belə ki, Bakıda rayondan gələn avtomobillərin park edilməsi üçün xüsusi dayanacaqlar yaradılacaq. Yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq.

Rayondan gələn sürücü maşını burada qoyacaq və istədiyi yerə ictimai nəqliyyat, yaxud taksilə gedəcək. Nazirlikdən bildirilir ki, bu paytaxtda tıxacların azalmasına səbəb olacaq. Nazirliyn mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, hələlik bu addım məcburi yox, könüllü xarakter daşıyır.

«Hələlik bu məcburi deyil, könüllüdür. Lakin belə davam edərsə, bunu məcburi şəkildə edəcəyik», - deyə N.Həsənov bildirib.

Ekspertlər isə bunu məcburi tətbiq etməyi uğursuz addım hesab edirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənovun verdiyi məlumata görə, ümumiyyətlə bu addım insanlara xeyirdən çox zərər verəcək.

«Rayondan Bakıya gələnlərin məqsədləri müxtəlif olur. Bəziləri şəhərə xəstə, bəziləri kənd təsərrüfatı məhsulları gətirir. Onlar öz avtomobillərilə Bakıya gələndə, çəkdikləri xərc də az olur. Lakin onlar şəhərə buraxılmadıqda məcbur olacaqlar ki, əlavə xərc çəksinlər», - deyə Azər Allahverənov vurğulayıb.

Ekspertin fikrincə, belə bir ideya varsa, bu könüllü olmalıdır. Bundan başqa, bu layihə hazırlanarkən kiçik nüanslar nəzərdən qaçmamalıdır.

«Həmin dayanacaqlardan şəhərin istənilən nöqtəsinə ictimai nəqliyyat işləməlidir. Bu nəqliyyat vasitələri də kifayət qədər ucuz olmalıdır. Yəni həmin nəqliyyat vasitələri dövlət tərəfindən təşkil olunmalıdır. Əgər belə olarsa, bəlkə o zaman bu ideya öz bəhrəsini verər», - deyə Azər Allahverənov əlavə edib.

Ekspertin sözlərinə görə, bu addım tıxacın azaldılmasına çox az şəkildə təsir edəcək: «Düşünürəm ki, bunu geniş şəkildə yox, sadəcə pilot layihə kimi həyata keçirtmək olar. Yəni şəhərin girişərində dayanacaqlar qurmaq olar. Yəni bunu məcburi etmək olmaz».

Qeyd edək ki, bəzən sürücü rayondan Bakıya xəstə gətirir. Onu təcili şəhərdə xəstəxanaya çatdırmaq lazımdır. Lakin onu paytaxta buraxmırlar. Həmin şəxs maşınını dayanacaqda saxlayır. Sonra xəstəni düşürüb, əlavə nəqliyyat tapır. Buna qədər həmin şəxs vaxt itirir. Bu itiriləcək vaxt ərzində isə xəstənin vəziyyəti daha da pisləşə bilər. Bundan əlavə, kəndli məhsulunu paytaxta gətirir. Meyvə dolu maşın şəhərə buraxılmır. Bu zaman vətəndaş nə edə bilər? Gətirdiyi məhsulun dəyərindən ikiqat artıq pul xərcləyib, məhsulunu əlavə nəqliyyatla aparmalıdır. Bir sözlə bu qərarı verməklə özümüzə əlavə problemlər yaratmış olacağıq. Allah axırını xeyir eləsin!

 





03.07.2014    çap et  çap et