Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada yaşayan müsəlmanlar üçün «Ramazan çadırı» qurulub.
APA-nın verdiyi məlumata görə, Rusiya paytaxtının «Poklonnaya qora» adlanan hissəsində yerləşən «Memorial» məscidin həyətində təşkil olunan iftar süfrəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çadırın girişində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətini əks etdirən fotosərgi təşkil olunub.
Ramazan çadırına gələn qonaqlara «Baku», «AMOR» jurnalları və Fondun nəşrləri paylanıb. Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb.
O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu söyləyib. Daha sonra çıxış edən Rusiyanın Müftilər Şurasının sədr müavini Şamil Həzrət Alyautdinov Rusiyada yaşayan bütün müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edərək tədbirin təşkilatçılığına görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkürünü bildirib.
700 nəfərdən çox qonağın iştirak etdiyi tədbirdə «Qurani-Kərim»dən surələr və iftar duası oxunub, qonqalara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.
***
Qeyd edək ki, bu gün prezidentin İlham Əliyevin qızının 28 yaşı tamam olur. L.Əliyeva 1986-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Həmçinin Moskvada rus dilində nəşr olunan «Baku» jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.
2006-cı il aprel ayının 30-da Rusiyanın
tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1
dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib.
L.Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə «Tərəqqi»
medalı ilə təltif olunub.
Modern.az-ın məlumatına görə, ötənlərdə «RİA-Novosti» agentliyinə verdiyi müsahibələrinin birində L.Əliyeva bir sıra maraqlı məqamlara toxunub, o cümlədən fəal ictimai həyatını ailə həyatı ilə necə uzlaşdıra bilməsindən də danışmışdı.
«Əslində, məhz işlərimi çatdırmaq çətindir. Mən tez-tez təyyarə ilə uçuram, amma özümə söz vermişəm ki, hara getsəm uşaqlarımı da özümlə götürəcəyəm. Buna görə də indi onlar həmişə mənim yanımda olur. Hətta 5 günlüyə və ya bir həftəliyə uçub gedəndə də mən istəyirəm ki, uşaqlar özlərinə diqqət hiss etsinlər, bu, onlar üçün çox vacibdir. Yəqin ki, həmişə ən başlıca məsələ hər şeyin uğurlu olacağına, hər şeyin yaxşı olacağına inanmaqdır. Nədənsə mən hər bir işi görəndə həmişə inanıram ki, hər şey yaxşı olacaq, əla olacaqdır. Bu, hər bir insan üçün vacibdir. Onda həqiqətən hər işə vaxt çatacaq və hər şey yaxşı olacaqdır».
Müsahibəsində L.Əliyeva vaxtın sürətlə ötüb keçməsindən də şikayətlənmişdi...
«... vaxt sürətlə keçir. Amma digər tərəfdən heç vaxt bilmirsən ki, haraya gedib çıxacaqsan... ...İşimdə də irəli getmək istəyirəm. Layihələr, ideyalar çoxdur. Həqiqətən hər şeyə vaxt çatmır. Amma yenə də hər şeyin uğurlu olacağına inansaq, zənnimcə, gələcəkdə xeyli maraqlı işlər görmək olar».