«Yanlış yanaşmadır. Onun Elçibəyin xidmətlərini danmağa haqqı yoxdur. Belə fikirləri Fəzail Ağamalıdan heç gözləməzdim. Çünki Fəzail Ağamalı da Elçibəyin tələbəsi olub. Elçibəyin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu qiymətləndirib. Təbii ki, tənqidi yanaşma, hansısa məqamları qəbul etməmək olar. Amma bütövlükdə ona qarşı «heç bir xidməti olmayıb» demək doğru deyil. Əbülfəz Elçibəyin Azərbaycan cəmiyyətinin demokratikləşməsində, milli şüurun oyanmasında müstəsna rolu olub».
Fazil Mustafa seçilmiş prezidentlərin adlarının əbədiləşdirilməməsinə də toxunaraq deyib ki, Əbülfəz Elçibəy hər şeydən əvvəl Azərbaycanın seçilmiş prezidenti olub: «Ona görə də onun adının əbədiləşdirilməməsi ayıbdır. Bunu Nuru Paşaya münasibətdə də görürük. Azərbaycanı xilas etmiş Nuru Paşaya, həm də ermənilərin Andronikə olan münasibətinə baxın. Deməli, erməni özünə qiymət verməkdə bir addım bizdən irəlidədir. Nuru Paşaya dəyər verilmirsə, Əbülfəz Elçibəyə nə umac ovulacaq ki?! Məncə bu məsələdə sovet düşüncələrini qaldırıb Azərbaycanı bütövləşdirmək naminə xidməti olan hər kəsə dəyər verilməlidir. Azərbaycan tarixində rolu olan insanlara bir dalan adı verilməsi belə, çox görünürsə, bu utandırıcı bir şeydir. Ona görə də buna başqa bəhanə gətirmək istəmirəm. Məncə, Azərbaycanda bir çox adamlar var ki, onlara xüsusi dəyər verilməlidir. Onların başında Əbülfəz Elçibəy, Nuru Paşa kimi şəxsiyyətlər gəlir. Bu addım atılmasa, dövlətin varisliyi prinsipi pozulur. Yəni sən keçmişinə sahib çıxmırsan, sayğısız yanaşırsan, sonra da deyirsən ki, niyə mənim tariximə hörmət etmirlər? Ona görə də ciddi addım atılmalıdır».
Qeyd edək ki, deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında dövlət xadimlərinin adlarının əbədiləşdirilməsi məsələsinə fərqli münasibət bildirib. Mərhum prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsini vacib məsələ hesab etməyən deputat Elçibəyin heç bir xidmətinin olmadığını da dilə gətirib.