Vaxt.Az

Moskvadan qorxulu sürpriz?


 

Güclənən Qərb-Rusiya qarşıdurması və ya Bakıda qəbul olunan sənəd Azərbaycan üçün nə qədər təhlükəlidir?

Moskvadan qorxulu sürpriz? «Azərbaycan son 10 gün ərzində çox ciddi bir sınaq qarşısında idi. Mən həm AŞ PA-nın, həm də ATƏT-in keçirilən toplantılarını nəzərdə tuturam». Politoloq Zəfər Quliyev ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən toplantısı, burdakı müzakirələr və Rusiya əleyhinə qəbul olunan yekun qətnaməni şərh edərkən bunları söylədi.


Ekspert rəsmi Bakının üzləşdiyi situasiyanı kifayət qədər ciddi sayır: «Strasburqda keçirilən AŞPA-nın sessiyasında bəlli idi ki, Azərbaycana demokratiya sahəsində ciddi təzyiqlər olacaq. Nəzərə alsaq ki, prezident özü də orda iştirak edib çıxış etmişdi və ciddi suallarla qarşılaşmışdı, Azərbaycan bu sınaqdan nisbətən uğurlu çıxdı. Çünki bütün suallara standart cavab verilmişdi ki, Azərbaycanın heç bir sahədə problemi yoxdur və öz öhdəliklərini yerinə yetirir. Lakin bundan sonra növbəti sessiya - ATƏT-in Parlament Assambleyasının sessiyası - Bakıda keçirildiyinə görə və əvvəlcədən də bəlli idi ki, burada Ukrayna məsələləri ilə bağlı Rusiyaya qarşı ciddi qətnamə qəbul oluna bilər. Bu, Azərbaycan üçün daha ciddi sınaq idi. Gözlənilirdi ki, Azərbaycan bu məsələdə hansısa formada öz mövqeyini pərdələməyə, gizlətməyə çalışacaq. Ona görə ki, BMT Baş Məclisindəki səsvermədən sonra Bakı Moskvanın çox ciddi sərt və neqativ reaksiyası ilə üzləşdi».

Z.Quliyevin fikrincə, indiki mərhələdə yenidən açıq formada Qərbi bu məsələdə dəstəkləmək rəsmi Bakı üçün çox riskli olardı: «Bu mənada faktiki olaraq çox uğurlu bəhanə tapıldı. Belə ki, ABŞ-ın təklif etdiyi qətnamədə əsas diqqət Ukrayna-Rusiya münasibətlərinə, Krım məsələsinə verildi. Lakin Qarabağ məsələsi, ümumiyyətlə, bu qətnamədə əksini tapmadı. Bu da Bakıya imkan verdi ki, əsas bu məsələni bəhanə gətirərək «Qarabağda da Azərbaycanın suverenliyi, ərazi bütövlüyü pozulub, bu məsələyə ikili standartlarla yanaşmaq olmaz» desin. Ona görə də Azərbaycan öz etirazını bildirdi və bu qətnaməni fəal formada dəstəkləmədi. Beləliklə, risklər nisbətən azaldı. Lakin hər halda, Bakı Bəyannaməsi qəbul olunub və tarixə düşüb. Bu bəyannamə Rusiyaya qarşı sərt mövqe əksini tapıb və sammitin yekunu kimi Bakı qrupu da yaradılıb. Bakı qrupunun əsas məqsədi isə Ukraynadakı vəziyyətə nəzarət etmək və Rusiya-Ukrayna münasibətlərindəki problemlərin və Krım məsələsinin hansısa formada həllinə nail olmaqdır. Bu, özü də istər-istəməz Bakını bu hadisələrin içərisində saxlayır, yəni kənarlaşmağa, risklərdən, təhlükələrdən tam canını qurtarmağa imkan vermir. İndiki mərhələdə bu proseslərdən kənarda durmaq rəsmi Bakı üçün çox çətin olacaq. Ona görə ki, Qərblə Rusiya arasında güclənən bu qarşıdurma istər-istəməz Bakını daim seçim qarşısında qoyur».

Xatırladaq ki, Bakının ev sahibliyi etdiyi ATƏT PA-nın sammitində anti-Rusiya qətnaməsinin qəbul edilməsinə şimal qonşumuzdan sərt təpkilərin veriləcəyi və Moskvanın sürprizlər edəcəyi barədə iddialar səslənir. Düzdür, bu, beynəlxalq tədbirdir və sammitdəki səsvermədə də Bakının ən azı bitərəf qaldığı deyilir. Lakin yenə də Rusiyanın Azərbaycanı bağışlamayacağı barədə fikirlər var. Yeri gəlmişkən, səsvermənin nəticələrinin məxfi saxlanılması da söz-söhbətə səbəb olub.

Sammitdə qəbul olunan Bakı Bəyannaməsində isə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır. Göründüyü kimi, açıq mətnlə göstərilməsə də, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına ciddi işarələr var. Ancaq bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılır və burada kifayət qədər konkret mövqe ifadə olunur.

«ATƏT Parlament Asambleyasının Rusiyada, Azərbaycan, Gürcüstanda, Baltikyanı ölkələrdə, yaxud Ermənistanda keçirilməsinin fərqi yoxdur. Yəni bu, ATƏT-in toplantısıdır, Azərbaycanın yox. Odur ki, məkanın burda heç bir əhəmiyyəti yoxdur».

Bu fikirləri isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi: «Yekun qətnamə layihəsi də amerikanlar tərəfindən təqdim olunmuşdu. 5 ölkə əleyhinə, qalanlarsa lehinə olmaqla sənəd qəbul edildi. Bu sənədin qəbulu Azərbaycanla Rusiya arasında heç bir gərginliyə, yaxud münasibətlərin dəyişməsinə səbəb ola bilməz. Rusiya parlamentinin sədri iştirakçılar qarşısında çıxış edib fikirlərini bildirdi, nümayəndə heyəti orda iştirak edirdi. Onların hər biri şahidi oldular ki, hansı dövlətlər Rusiyaya qarşı bu qətnaməni qəbul edib».

S.Novruzov qeyd etdi ki, NATO PA-nın üzvü olduğundan rəsmi Bakının yekun sənədin lehinə, yoxsa əleyhinə olması ona məlum deyil: «Bu barədə ATƏT PA-nın üzvlərindən soruşun».

Milli Məclisin deputatı, ATƏT PA-nın təmsilçisi Eldar İbrahimovun sözlərinə görə,  toplantıda Qarabağla bağlı konkret məsələ müzakirə olunmasa da, bura gələn deputatlar Qarabağ məsələsi ilə bağlı məlumatlandırılmışdılar: «Əgər bura gələnədək onlarda müəyyən tərəddüdlər var idisə, gələndən sonra hər şeyi burada öz gözləri ilə gördülər və mövqelərində ciddi dəyişiklik yarandı. Onlar eyni zamanda Azərbaycanda gedən inkişaf prosesinin də əyani şahidi oldular». Qarabağ məsələsinin bu sessiyada ciddi qaldırılmamasının səbəbini açıqlayan deputat bildirib ki, bu məsələyə bir az avropasayağı yanaşıblar: «Buna baxmayaraq, Bakıdakı sessiyada ATƏT regionundakı münaqişələr müzakirə olundu və biz də bu münaqişələr kontekstində Qarabağ problemini qaldırdıq. Amma buna baxmayaraq,  ATƏT regionundakı münaqişələrə ikili standart siyasəti özünü bariz formada göstərdi».

Eldar İbrahimov «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, iqtisadiyyat komitəsinin üzvü olduğundan Rusiya əleyhinə amerikan təmsilçinin hazırladığı qətnamə layihəsinə münasibətdə Azərbaycanın hansı mövqedə olmasından dəqiq məlumatlı deyil: «Amma bildiyimə görə, Azərbaycan Rusiya əleyhinə səsvermədə iştirak etməyib. Bakı Bəyannaməsinə isə Azərbaycan da səs verib». E.İbrahimov Bakı ilə Moskva arasında problemlərin yaşanacağına inanmır: «Azərbaycan və Rusiya arasında nə problem olacaq ki?»

 





04.07.2014    çap et  çap et