Şərq tərəfdaşlığı mövzusundan danışan Van Rompuy Ukrayna, Moldova və Gürcüstanla tərəfdaşlıq sazişinin bağlanması ilə əlaqədar sevincini ifadə edib. Eyni zamanda o, Rusiya-Ukrayna məsələsinə də toxunub. Cənab Rompuy qeyd edib ki, Rusiyanın məqsədi zəif, qeyri-stabil Ukraynadır.
Corc Soros isə «Avropa Ukraynanı xilas etməklə özünü xilas etmiş olar», - deyə Rusiya təhlükəsini önə çəkib. Cənab Rompuyun «Avropa İttifaqı (Aİ) olmasa, Ukrayna Rusiya üçün şikardır» fikirləri ilə razılaşsa da, Corc Soros bildirib ki, Aİ-nin köməyinə baxmayaraq, Rusiyaya qarşı müqavimət çətindir.
İştirakçılar avrofobik və avroskeptik yanaşmalar məsələsinə də toxunublar. Qeyd edilib ki, bu cür yanaşmalar çoxluq təşkil etməsə də, geniş yayılıb.
Bundan əlavə, görüş zamanı Böyük Britaniyanın Aİ-ni tərk etməsi məsələsi də müzakirə edilib. Van Rompuy tarixi səbəbləri əsas gətirərək bildirib ki, Britaniya Avropanın bir hissəsidir. Avropanın Britaniyaya ehtiyacı var. Lakin Britaniyanın Aİ-də qalması və ya onu tərk etməsi Britaniya xalqının azad seçimidir.
Cənab Moskovisi Avropanın birliyini təbliğ edən çıxışı ilə yadda qalıb. O bildirib ki, Aİ-də əhəmiyyət baxımından böyük və ya kiçik dövlət yoxdur. Aİ dövlətlərin federativ birliyidir. O, üzünü Fransadakı avroskeptiklərə tutaraq «Avropanın bir problem yox, arxa olduğunu» deyib.
«Ukraynadan çox danışılır, amma Türkiyəni də unutmaq olmaz», - deyə Moskovisi bildirib. O, Aİ-də anti-Türkiyə hərəkatını pisləyib və vurğulayıb ki, Türkiyə ölkədəki demokratiyanın vəziyyəti baxımından həssas dövr yaşayır.
Görüşün sual-cavab mərhələsində cənab Soros «Avropanın gələcəyini necə görürsünüz?» sualına «Avropanı sözün həqiqi mənasında funksional, qanunun aliliyi ilə idarə olunan, dünyanın ehtiyac duyduğu bir qurum kimi görmək istəyirəm», - deyə cavab verib. O, diqqəti Suriyada, İraqda, Nigeriyada baş verən arzuolunmaz hadisələrə çəkib və bildirib ki, bunlar onu göstərir ki, Aİ əslində bir meyar kimi işləmir.