Vaxt.Az
Müsavatdan İbrahimbəyova xəbərdarlıq
“Çıxışlarında ehtiyatlı olmalıdır”
“Rüstəm bəyə məsləhət vermək kimi olmasın, ancaq mən istəyərdim ki, həm Rüstəm bəy özü, həm də onun yanındakı adamlar müəyyən məsələləri nəzərə almalıdır. Onlar bilməlidir ki, bundan sonra danışdıqları hər sözdə ehtiyatlı olmalı, sözləri diqqətlə seçərək istifadə etməlidirlər”.Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun dünən Azadlıq Radiosunda səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirib.
Qeyd edək ki, R.İbrahimbəyov dünən “İşdən sonra” proqramına müsahibəsində onun Bakıya gəlməsini tələb edən şəxslərin ya provokator, ya da siyasətdən başı çıxmayan adamlar olduğunu demişdi: “Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır. Mən bu barədə çirkin məqalələr oxuyuram. Hamısı satqın adamlardır. Yeri gəlsə, o adamların ağzından özüm vuraram”.
G.Aslanlı bildirib ki, R.İbrahimbəyov bundan sonra elə çıxışlar etməlidir ki, heç kim onun sözlərindən istifadə edərək, hansısa mənfi mənalar axtarmasın.
Müsavat funksionerinin sözlərinə görə, R.İbrahimbəyov artıq sadəcə “Oskar” mükafatlı yazıçı yox, həm də Milli Şuranın vahid namizədidir, bu baxımdan seçki prosesini nəzərə alıb, çıxışlarında sözləri daha diqqətlə seçməlidir: “Mən Rüstəm müəllimin ədəbi üsulları çox yaxşı bildiyinə əminəm. O, “ağızlarından vurmaq lazımdır” ifadəsini də məhz ədəbi üsulda istifadə edib. Onu israrla Bakıya dəvət edən şəxslərin ağzından sözlə vurmağı nəzərdə tutur. Xoşniyyətli adamlar bu ifadəni məhz bu cür başa düşür”.
G.Aslanlı bildirib ki, Müsavat Partiyası heç vaxt Rüstəm İbrahimbəyovun Bakıya gəlməsini şərt kimi irəli sürməyib, bu baxımdan onun səsləndirdiyi bu fikirlər heç bir halda Müsavat Partiyasına və ya onun hansısa funksionerinə aid edilə bilməz: “Mən bundan əminəm. İstəsəniz, Rüstəm müəllimin özündən də soruşa bilərsiniz. Əminəm ki, o da bu ifadələrinin Müsavat Partiyasının hər hansı üzvünə aid olmağını deyəcək”.
03.07.2013 çap et