Vaxt.Az

Sərkisyanın qapıda saxlanmasının sirri


 

Putin Azərbaycanı Avrasiya İttifaqına Ermənistandan öncə qoşmaq istəyir

Sərkisyanın qapıda saxlanmasının sirri Ermənistanın bu ilin mayında Astanada Rusiya, Qazaxıstan və Belarus tərəfindən təsis olunan Avrasiya İqtisadi İttifaqına iyulun 2-də qoşulacağı elan edilsə də məsələ yenə reallaşmadı. Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bəyan edib ki, Ermənistanın Avrasiya İttifaqına qoşulması barədə müqavilə oktyabrda imzalana bilər. Nazir hətta oktyabrın da dəqiq tarix olmadığını dolayısı ilə ifadə edib.


Xatırladaq ki, may ayında Ermənistanın «Putin ittifaqı», yaxud «yeni SSRİ» kimi tanınan Avrasiya İqtisadi İttifaqına iyulun 2-də qoşulacağı elan edilmişdi. Astanada Serj Sərkisyan xahiş etmişdi ki, onun ölkəsinin ittifaqa daxil olacağı tarix dəqiqləşsin və rəsmən elan edilsin. Rusiya prezidenti Vladimir Putin də Ermənistanın ittifaqa üzvlüyünün tezliklə baş verəcəyinə ümid etdiyini vurğulamışdı. Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün nəzərdə tutulan vaxtda baş tutmamasının və bu işin payıza təxirə salınmasının səbəbləri rəsmən açıqlanmayıb. 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri isə hesab edir ki, Ermənistanın Avrasiya İttifaqının qapısı ağzında saxlanılması nə Qazaxıstanın, nə də Belarusun siyasi iradəsinin nəticəsi deyil. Bu, birbaşa Rusiyanın istəyinin nəticəsi olaraq ortalığa çıxıb. Bunun isə bilavasitə Azərbaycanla bağlılığı var: «Qazaxıstan prezidenti Nazarbayevin də Ermənistan qarşısında qoyduğu şərt əvvəlcədən Vladimir Putinlə razılaşdırılmış məsələ kimi görünürdü. Rusiyanın Ermənistanın Avrasiya İttifaqına qəbulunu gecikdirməsində çox ciddi məqsəd var. Rusiya bilir ki, Ermənistanı istənilən an bu quruma daxil etmək asandır. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiyaya hazırda Azərbaycanın Avrasiya İttifaqına daxil olması çox lazımdır. Ona görə də Ermənistandan öncə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasına nail olmaq hədəf götürülüb. Rusiya üçün Azərbaycan daha strateji ölkədir, ona görə də Putin Azərbaycana ən müxtəlif vasitələrlə təsir etməyə çalışır. 

Azərbaycanın Avrasiya İttifaqına girməsi Rusiyanın gələcəkdə regionda əhəmiyyətli şəkildə güclənməsinə gətirib çıxarda bilər. Eyni zamanda digər Orta Asiya respublikalarının Avrasiya İttifaqına məmnuniyyətlə qoşulmasına rəvac verər. Putin Azərbaycanın strateji əhəmiyyətini çox gözəl anlayır. Digər tərəfdən, Putin Ukrayna itkisini də Azərbaycanla kompensasiya etmək istəyir. Ukraynanın itirildiyi məqamda Azərbaycan Putinə hava-su kimi lazımdır. İndiki şəraitdə Putin Ermənistanı ləngitməklə Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyir. Avrasiya İttifaqına daxil olmamaq üçün Azərbaycanın əlində ən ciddi arqument Ermənistanla bir ittifaqda təmsil olunmağın mümkünsüzlüyüdür. Kreml Ermənistanın Avrasiya İttifaqına daxil olmasını ləngitməklə Azərbaycanın əlindən bu arqumenti almağa çalışır».

Ekspertin qənaətincə, Kreml Azərbaycanın razılığını almaq üçün Qarabağ kartından və digər təsiredici vasitələrdən yararlanmağa səy edir. Artıq Rusiya mediasında Azərbaycan barədə heç vaxt müşahidə olunmayan dəbdəbəli, tərifli yazılar dərc olunmaqdadır. Rusiya telekanallarında da Azərbaycanla bağlı xoş verilişlər yayınlanmağa başlayıb: «Hiss olunur ki, Azərbaycan üçün çox ciddi, incə siyasi tələ qurulur. Rusiyanın şirnikləndirici vədlərindən biri Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonlardan bir neçəsinin Azərbaycana qaytarılması və bölgədə sülhməramlı adı altında rus qoşunlarını yerləşdirməkdir. Bu, əslində Qarabağın birdəfəlik itirilməsi deməkdir. Bir həqiqəti anlamaq lazımdır ki, Qarabağda hansı ölkənin qoşunları olacaqsa, Qarabağ o ölkənin olacaq. Odur ki, Avrasiya İttifaqına girmək və rus qoşunlarının Qarabağda yerləşdirilməsi ölkəmizə heç nə qazandırmayacaq». (musavat.com)

 





04.07.2014    çap et  çap et