Vaxt.Az

«Bütün günahlar Yanukoviçdə deyil»


 

Elxan Şahinoğlu: «Cəmiloğlu Putinin «Rusiyanın tərəfinə keç» təklifinə «Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparacam» cavabını verib»

«Bütün günahlar Yanukoviçdə deyil» Rusiya ilə Ukrayna arasında faktiki olaraq genişmiqyaslı hərbi əməliyyatlar gedir. Ölkənin doğusunda hər gün hər iki düşərgəni təmsil edən onlarla, bəzən yüzlərlə insanın ölümü haqqında xəbərlər gəlir. Bu günlər Petro Poroşenkonun prezident kürsüsündə 1 ayı tamam olur. Seçkilərdən bu yana ölkədəki proseslər haqqında suallarımızı «Atlas» araşdırmalar mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu cavablandırıb.

 

- Elxan bəy, Poroşenkonun prezident seçilməsindən təxminən bir ay keçib. Ukraynanın yeni prezidentinin bir ayını necə qiymətləndirirsiniz? 

- Keçmiş müsahibələrimdə də söyləmişəm ki, Poroşenkoya nəinki bir ay, bütün prezident olduğu müddətin tamamında da çətin olacaq. Gəlin Ukraynanın problemlərini bir daha xatırlayaq: Krım işğal olunub, Donetsk və Luqanskda separatçılarla müharibə gedir, 23 illik müstəqillikdən sonra ordu indi-indi formalaşmağa başlayıb, Rusiya ilə münasibətlər gərginləşdiyindən bu ölkədən qaz ixracı dayandırıla bilər, korrupsiya varlığını sürdürür, iqtisadiyyat oliqarxların əlindədir, büdcədə vəsait azdır, kənar maliyyə dəstəyi isə yetərli deyil. Poroşenko bütün bu problemlərin öhdəsindən gələ biləcəkmi, bu sual hələlik açıqdır. Buna baxmayaraq, Poroşenko bir aylıq müddətdə özünü qətiyyətli dövlət başçısı kimi göstərib. O, separatçıları darmadağın etmək taktikasını seçməklə doğru yol seçib. Onun başqa alternativi yoxdur. 

 

- Başqa alternativ separatçılarla danışıqlar deməkdir? 

- Əgər Poroşenko separatçılarla rəsmən danışığa getsə, bu Kiyevin separatçıları rəsmən tanıması anlamına gələcək. Doğrudur, Poroşenko Donetskə keçmiş prezident Kuçmanı göndərib, ancaq bu rəsmi nümayəndə heyəti deyil, sadəcə fikir mübadiləsi üçün platformadır. Bir necə həftə əvvəl Kiyevdə olanda Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ilə görüşdüm. O, maraqlı və doğru saydığım fikir söylədi. Yuşşenko dedi ki, Kreml Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Dnestr, Gürcüstanda Abxaziya və Cənubi Osetiya problemləri yaratdığı kimi bənzər anklavı Ukraynanın şərqində yaratmaq istəyir. Yəni Moskva Ukraynanın şərqində qondarma Donetsk və Luqansk respublikaları yaratmaqla daima Ukraynaya təzyiq etmək, Kiyevin problem məngənəsində sıxılmasına çalışır.

 

- Kremlin bu istəyinə nail olmaq potensialı nə qədərdir?

- Moskvanın Ukrayna ilə bağlı planı daha miqyaslı idi. Kreml özü üçün birinci mərhələni uğurla başa çatdırdı, Krımı işğal etdi, ancaq ikinci mərhələ də var idi ki, Ukraynanı tən yarıya bölmək istəyirdi. Bu plan isə alınmadı. Xatırlayın, Kırmdan sonra Ukraynada separatçılığa Xarkov, Dnepropetrovsk və Odessadan başlamaq istədilər, bu məqsədlə ruspərəstlər mitinqlər keçirdilər. Bu gün adı çəkilən hər 3 bölgədə sakitlikdir. Bunda oliqarx Kolomoyskinin əməyi var. O, öz xahişi ilə Kiyevə müraciət edərək, Dnepropetrovskinin qubernatoru ola biləcəyini və separatçıların kökünü kəsə biləcəyini vəd etdi və vədini yerinə yetirdi. Ukraynanın mərkəzində indi nisbi sakitlikdir. Buna baxmayaraq, Moskva bu bölgələrin yenidən «fəallaşdırmaq» planlarından əl çəkməyib. İndi yaydır, qızınmağa ehtiyac yoxdur. Payız və qış aylarında isə Ukrayna enerji qıtlığı yaşayacaq. Belə durumda Kreml birinci növbədə Odessanı qarışdırmaq istəyəcək. Çünki Odessa Rusiya üçün Krım qədər vacib məntəqədir. Qara dənizin əsas limanlarından olan Odessa vacib keçid məntəqəsidir, Rusiya buranı Ukraynadan qoparmaqla separatçı Dnestr bölgəsinə, o cümlədən Şərqi Avropaya birbaşa çıxış imkanı qazanır. 

 

- Poroşenko andiçmə mərasimində Krımı geri qaytaracaqlarını vəd etdi. Bunu yeni təyin olunan müdafiə naziri də bu həftə təkrarladı. Bu mümkündürmü? 

- Ukraynanın prezidenti və müdafiə naziri fərqli bir fikir söyləyə bilməzlər. Ukrayna rəsmiləri daima Krım haqqında danışmasalar, bu həmin yarımadanın Ukrayna üçün itirilməsi mənasını verərdi. Ancaq reallığa gəldikdə, Ukraynanın Krımı geri qaytaracağını ehtimal etmirəm. Kiyev ilk səhvini elə Krım uğrunda mübarizə aparmamaqla göstərdi. Rusiya Krımı bir güllə atmadan işğal etdi. Ukrayna rəsmiləri bunu belə əsaslandırırlar ki, Krım işğal olunarkən, dövlət aparatı çökmüşdü, ordu dağılmışdı, buna görə də Krım uğrunda mübarizə aparmaq imkanları yox idi. Digər bir səbəb kimi Ukrayna ordusunun regional əsasda formalaşması göstərilir. Yəni gənc doğulduğu bölgədə xidmət edirdi. Aydındır ki, Krımda xidmət edən rus əsilli ukraynalı əsgər Rusiya əsgərlərinə atəş açmayacaqdı.

 

- Bu keçmiş prezident Viktor Yanukoviçin bilərəkdən apardığı ruspərəst siyasətin nəticə deyil ki? 

- Ukraynadakı siyasi qüvvələr də bütün günahları keçmiş prezident Viktor Yanukovicin siyasətində görürlər. Razıyam, o yaxşı prezident deyildi, ölkəni faktiki dağıtdı. Ancaq məgər Ukraynanın 23 illik müstəqillik tarixində başqa prezidentlər olmayıb? Yanukovic ordunu və kəşfiyyat xidmətini Kremlə peşkəş edəndə digər siyasi qüvvələr hara baxırdı? Və ya Kiyevin illər uzunu Krım tatarlarına münasibətini götürək. Krım tatarlarının əfsanəvi lideri Mustafa Cəmiloğlu ilə görüşmüşəm. Putin ona telefonda deyib ki, Ukraynanın 23 ildə tatarlara verdiyi puldan 10 dəfə çoxunu ona və tatarlara verəcək. Putinin bircə şərti olub, o, Cəmiloğluna deyib ki, keçsin Rusiyanın tərəfinə. Mustafa bəy bu təklifi mənliyinə və şəxsiyyətinə sığışdırmayıb və Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparacağını deyib. Mustafa bəy illərdir bu mübarizəsini apararkən Kiyevin tatarlara ciddi siyasi və maliyyə dəstəyindən danışmaq olarmı? Çətin. Kiyev vaxtilə Krıma əlavə 200 min tatarın köçməsinə şərait yaratsaydı, Rusiya üçün bu yarımadanı işğal etmək çətin olardı. Kiyev tatarlara statusu Rusiya Krımı işğal etdikdən sonra verdi. Belə bir gecikmiş qərar tatarların nəyinə lazımdır? Yəni hadisələrin indiki nöqtəsinə gəlib çatmasında Ukraynadakı siyasi qüvvələrin də səhvləri az olmayıb. 

 

- Rusiya Krımı işğal etməklə nə qazandı? 

- Rusiya tarixi torpağı hesab etdiyi Krımı işğal etdi, ancaq qardaş adlandırdığı Ukrayna və ukraynalıları birdəfəlik itirdi. Heç bir ukraynalı Rusiyanın işğalçı siyasətini bağışlamayacaq. Krıma gəldikdə, isə Rusiya hakimiyyəti və ictimaiyyəti sevincini gizlətməsə də, gələcəkdə necə böyük problemlə üzləşəcəyini yaxın müddətdə anlayacaq. Rusiya Krımı asanlıqla həzm edə bilməyəcək. Rusiya təkcə Soçinin olimpiada mərkəzinə çevrilməsi üçün astronomik rəqəm - 50 milyard dollar xərcləmişdi. Krımın iqtisadi infrastruktunun dağılmaması, yenidən qurulması və digər sosial problemlərinin həlli üçün isə bundan bəlkə də 5-10 dəfə çox maliyyə vəsaiti lazımdır. Krım Rusiyaya ağır bir yük olacaq. Misal üçün, bu il Krıma turist axını olmayıb, ukraynalılar və xarici ölkə vətəndaşları artıq dincəlmək üçün yarımadaya getmirlər, ruslar isə daha yaxşı servisi və qiymətləri olan Türkiyənin turistik məkanlarını Krıma dəyişmək istəmirlər. Krımın əsas gəlir mənbəyi isə turizmdir. Əgər turist Krıma getməyəcəksə, demək, yarımadanın durumu getdikdə ağırlaşacaq. 

 

- Poroşenkonun ərazi bütövlüyü ilə yanaşı digər problemlərlə də üzləşəcəyini deyirsiz. Bu problemlərdən ən ciddisi, sizcə, hansıdır? 

- Məncə, Poroşenko korrupsiyanın üzərinə qətiyyətlə gedəcək, hakimiyyət strukturları rüşvətxor məmurlardan təmizlənəcək, ordunun və təhlükəsizlik qüvvələrinin yenidən formalaşmasına da gərəkən dəstək veriləcək. Ancaq oliqarxlarla mübarizə çətin olacaq. Çünki oliqarxlar Ukrayna dövlətinin və idarəetməsinin sütununu təşkil edir. Ukraynalı oliqarxlar rus və azərbaycanlı oliqarxlardan fərqlənirlər. Rus və azərbaycanlı oliqarxlar siyasətdə olmamağa çalışır, ancaq vəsaitlərini qorumaq və artırmaq haqqında düşünürlər. Ukraynalı oliqarxlar isə siyasətdə və parlamentdə də fəal olmağa çalışır, siyasi qrup, partiya və media strukturlarını idarə edirlər. Ordunun olmadığı Ukraynada əsas silahlı birlikləri məhz oliqarxlar formalaşdırıblar. Məsələn, haqqında danışdığım Kolomoyskinin «Dnepr» silahlı briqadası var ki, onlara maaşı özü verir və bu briqada şərqdə separatçılarla savaşır. «Azov», «Donbas» və digər adlar altında da oliqarxların maliyyələşdirdiyi silahlı birləşmələr var. Mən ehtiyat edirəm ki, bir gün həmin silahlı birləşmələr və onlara maliyyə ayıran oliqarxların maraqları hakimiyyətin maraqları ilə kəsişsin. Onda Ukrayanın problemlərinə daha biri əlavə olunacaq və bu dövlət yeni bir xaos yaşaya bilər. Məsələn, Kolomoyski qubernatoru olduğu bölgəni separatçılardan qoruduğu və şərqdə savaşmaq üçün silahlı briqada yaratdığı üçün gələcəkdə hakimiyyətdən şirkətləri üçün münasib müqavilələr və tenderlər tələb edə bilər. Bunu əldə etmədikdə isə hakimiyyətlə maraq toqquşması yaşanacaq. Bir sözlə, Poroşenko vahid ordu və idarəetmə mərkəzi yaratmayana qədər oliqarxların təzyiqi ilə üzləşəcək. Qarşıdakı aylar Ukrayna üçün yetərincə çətin keçəcək. (musavat.com)

 





04.07.2014    çap et  çap et