Vaxt.Az
«Tehran bizdən nə istəyir?»
İrandakı dairələr Azərbaycana nota verməkdən, Tehrandakı səfirimizi Xarici İşlər Nazirliyinə çağırmaqdan yorulmurlar. Tehran indi də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin SEPAH-a çalışan 22 Azərbaycan vətəndaşının həbsindən narahat olub və XİN-ə çağrılan səfir vasitəsilə Bakının məsələyə münasibət bildirməsini istəyib.Buna nə münasibət bildirmək olar ki? İranın kəşfiyyat orqanları açıq-aşkar Azərbaycanda məxfi əməliyyatlar keçirməyə və bu əməliyyatların miqyasını ildən-ilə, aydan-aya genişləndirməyə çalışırlar. Onlar Azərbaycanda xarici vətəndaşları hədəf götürür, Bakıdakı səfirlikləri və iqtisadi obyektləri partlatmaq istəyirlər. Ortaya konkret faktlar və görüntülər qoyulub. Həbs edilənlər açıq etiraf ediblər ki, İranda təlim keçiblər, geri qayıtdıqdan sonra isə silah və gərəkli maliyyə vəsaitləri ilə təhciz olunublar.
Göründüyü kimi, Tehran Azərbaycandan əl çəkmək istəmir. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bugünlərdə İrana səfər edərək, Tehranı bir daha inandırmağa çalışdı ki, Azərbaycan ərazisindən İrana təhlükə olmaz və olmayacaq. Bu açıqlama illərdir səslənir. Çünki, Tehrandakı siyasi və hərbi dairələr çox ehtiyat edirlər ki, Qərb İrana qarşı mümkün zərbələrdə Azərbaycan torpaqlarından istifadə edə bilər. Səfər Əbiyevin iranlı həmkarının diqqətinı çatdırdığı ikinci mesaj isə ondan ibarət olub ki, Azərbaycanın İsraildən aldığı silahlar İrana qarşı yönəlməyib.
Deyəsən bu açıqlamalar Tehranı yenə razı salmayıb. Yoxsa əks halda Səfər Əbiyevlə müzakirə aparan İranın müdafiə naziri deyə bilərdi ki, “biz Azərbaycanın səmimiyyətinə və qonşu dövlətdən İrana qarşı təhlükə olmayacağı vədlərinə inanırıq”. İranın başqa rəsmilərinin dilindən də heç zaman bu kimi ifadələr eşitmədim.
Əslində İrandakı dairələri Azərbaycanın bölgədə gərginlikdə maraqlı olmadığını yaxşı anlayırlar. Bizim Dağlıq Qarabağ problemimiz var və onu həll etməyə çalışırıq. Qonşuluqda bir başqa, daha qlobal problem bizim maraqlara cavab vermir. İranda onu da yaxşı anlayırlar ki, bölgədəki mümkün müharibənin qəlpələrinin tək elə Azərbaycana çata biləcəyi səbəbindən də biz özümüzü odun içinə atmarıq.
Buna baxmayaraq, Tehran Azərbaycanı hədələməkdən çəkinmir, ölkəmiz əleyhinə kəşfiyyat işlərinə ara vermir. Demək Tehranın Azərbaycanla bağlı dərdi fərqlidir.
Görünür, İrandakı dairələri Azərbaycanın müasirləşməsi, gələcək inkişafı çəkindirir. Düşünürlər ki, bu inkişaf və müasirləşmə İranda yaşayan azərbaycanlıların tədricən şimala marağını artıracaq, soydaşlarımızın doğma köklərinə, dillərinə, soyköklərinə qaydışını sürətləndirəcək. Ancaq bu proses bizsiz də başlayıb. Əksinə, Tehran Azərbaycanı daha çox hədələdikcə, şantajlarının miqyasını genişləndirdikcə, özünün gələcək daxili problemlərini artırır. Azərbaycana qarşı sərtlik İrana bumeranq effekti verə bilər. Təəssüf ki, bunu İranın hakim dairələrində ya anlamaq istəmirlər, anlasalar da məntiqə üstünlük vermək istəmirlər.
Məntiqə və özlərinin elan etdikləri İslami birliyə, həmrəyliyə üstünlük versəydilər, Ermənistanın yanında yer almaz, müsəlman torpaqlarını işğal edən dövlətlə siyasi, iqtisadi və hərbi əməkdaşlıqlarını genişləndirməzdilər...
21.03.2012 çap et