İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirdi ki, əhalinin sələmçilərə, lombardlara müraciət etməsinin bir neçə səbəbi var: «Onlar maliyyə mənbəyi kimi çıxış etdiyinə görə bəzi vətəndaşlar girov qoymaqla asan şəkildə vəsait əldə etməyə çalışır. Həmçinin sələmçidə, lombardda proseslər asandır. Eyni zamanda son dövrlər Mərkəzi Bankın arayışsız kreditlərin verilməsinin aradan qaldırılması ilə əlaqədar olaraq lombardlara, sələmçilərə müraciət artıb. Nəticədə lombardlarda, sələmçilərdə yüksək olan faiz dərəcələri bir az da çoxaldı. Yəni, bu gün müəyyən vətəndaşlar daha yüksək faiz dərəcələrinə girərək borclanır. Belə şəxslər arayışsız kredit ala bilməyənlər, ödəmə qabiliyyəti zəif olan insanlardır. Onlar da sonda lombard «tələsi»nə düşürlər. Beləliklə, onların sosial vəziyyəti daha da pisləşir».
İqtisadçı bildirdi ki, insan borc götürərkən ilk öncə onun qaytarılmasını fikirləşməlidir: «Bu gün sahibkarlıq fəaliyyəti üçün lombardlara, sələmçilərə müraciət etmək düzgün deyil. Sosial problemin həlli üçün onlara müraciət etmək sonradan vəziyyəti daha da ağırlaşdırır. Bundan çıxış yolu üçün dövlət səviyyəsində bu istiqamətdə müəyyən işlər aparmalıdır. Lombardların fəaliyyətinə nəzarət olunmalıdır. Bir sıra ölkələrdə xəstəliklə, evlənmə, təhsillə bağlı müxtəlif borcalma alətləri mövcuddur. Onların Azərbaycanda da tətbiqi genişləndirilməlidir. Alternativ maliyyə mənbələrinin formalaşması insanları lombard, sələmçi «bataqlığı»ndan çıxara bilər. Yəni, Azərbaycanda maliyyə alətlərinin artırılmasına geniş ehtiyac var».
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd edir ki, ötən ildən başlayaraq bankların istehlak kreditləşməsi ilə bağlı şərtlərində yumşalma hiss olundu: «Bununla insanların lombardlara, sələmçilərə marağı getdikcə azaldı. Hətta lombardlar krediti aylıq 10 faizlə verirdilərsə, sonradan bu, 4 faizə qədər düşməyə başladı. Ancaq bu ilin əvvəlində Mərkəzi Bank istehlak kreditləşməsinə dair şərtləri ağırlaşdırdı. Bu addım banklara zərbə vurmaqla yanaşı, həm də müştərilər üçün böyük problem yaratdı. Vaxtı ilə işləməyən insanlar banklardan kredit götürə bilirdilər. Ancaq indi onların vəziyyəti ağırlaşıb və lombardlara, sələmçilərə üz tutmağa başlayıblar. Eyni zamanda lombardların sayında və faiz dərəcələrində artım var. Lombarda, sələmçilərə meyllənmənin digər səbəbi isə banklarla müqayisədə onlardan pul götürülməsinin çox rahat olması ilə bağlıdır. Kifayətdir ki, girov olsun. Əsas bu iki səbəb görə lombardların sayının artmasını müşahidə edirik. Lakin digər tərəfdən lombardların, sələmçilərin şərtləri ağırdır. Girovların qiymətləndirilməsi lombardlarda, sələmçilərdə real dəyərindən çox aşağı olur. Bu da insanların haqlarının pozulması deməkdir».