«Dönər satışı ilə bağlı ciddi problemlər var. Baxmayaraq ki, toyuq dönərinin satışı qadağan olunub, yenə də davam edir. Amma səlahiyyətimiz çərçivəsində mübarizə tədbirləri davam etdirilir. Əsas problem dönərin satışı ilə bağlı deyil, problem iaşə sistemində dönərin qida rasionunda bu qədər yer almasıdır. Bu çox ciddi təhlükədir. Çünki dönərin hazırlanması üçün istifadə olunun ətin mənşəyi məlum deyil».
İmran Abdullayev deyir ki, inzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 manata, vəzifəli şəxslər 100 -200, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunmalıdırlar: «Bəlkə də, cərimə məbləğinin azlığına görə sahibkarlar qaydanı tez-tez pozurlar. Əgər cərimə məbləği yüksək olsa, həmin dönər satıcıları risk edib qaydanı pozmazlar». İmran Abdullayev deyir ki, yay aylarında dönərin satışı xüsusi diqqət tələb edir. Amma buna nə ət , nə toyuq dönər satışında riayət olunmur.
«Mal əti adı ilə dönər satırlar, amma bu da tərkibi təmiz ətdən deyil . Çünki mənşəyi məlum olmayan ətlərlə qarışdırılır. Ötən il bununla bağlı keçirdiyimiz reydlər kifayət qədər acınacaqlı oldu. Məlum oldu ki, bu at və eşşək ətindən hazırlanır. Əgər dönər satışı ilə məşğul olanlar ətin mənşəyi ilə bağlı sertifikat təqdim edirlərsə demək olar ki, qidalanma üçün ciddi təhlükə yoxdur. Amma təəssüf olsun ki, belə hallara nadir rast gəlinir».
İmran Abdullayev vurğulayıb ki, bu cür neqativ halların təkrarlanmaması üçün qanunvericilik bazası möhkəmləndirilməlidir.