Vaxt.Az

Metropoliten yeraltı imperiya oldu


 

QSC-nin tabeçiliyində 10 idarə və 11 təşkilat var

Metropoliten yeraltı imperiya oldu Nazirlər Kabineti «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edib.


Vaxt.az Media forum-a istinadən xəbər verir ki, həmin qərar, eyni zamanda «Bakı Metropoliteni»nin nizamnamə və strukturu Nazirlər Kabinetinin rəsmi internet səhifəsində yerləşdirilib. «Bakı Metropoliteni» QSC bu il fevralın 27-də prezident İlham Əliyevin sərəncamı əsasında, Bakı Metropoliteninin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Bakı Metropolitenin və «Azərtunelmetrotikinti»nin bütün hüquq və öhdəlikləri, habelə əmlakı «Bakı Metropoliteni» QSC-yə keçib.

«Bakı Metropoliteni» QSC-nin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 770 milyon 950 min manatdan çoxdur, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 14 manat 14 qəpik olan 125 milyon 244 mindən çox adi səhmdən ibarətdir.

«Bakı Metropoliteni» QSC-nin kollegial icra orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - «Bakı Metropoliteni»nin sədrindən və 4 sədr müavinindən ibarətdir. İdarə Heyətinin işinə «Bakı Metropoliteni» QSC-nin sədri rəhbərlik edir.

«Bakı Metropoliteni» QSC-nin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsini Azərbaycan prezidenti həyata keçirir.

«Bakı Metropoliteni» QSC-nin strukturu QSC-nin aparatından, törəmə müəssisələrindən və QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardan ibarətdir.

«Bakı Metropoliteni»nin törəmə müəssisələri bunlardır: 1 saylı Tunel Tikinti İdarəsi; 2 saylı Tunel Tikinti İdarəsi; 3 saylı Tunel Tikinti İdarəsi; Xüsusi Tamamlama İşlər İdarəsi; Xüsusi Hidrotexniki İşlər İdarəsi; Dəmir Beton Konstruksiyalar Zavodu; Mexanikləşdirmə İdarəsi; Avtonəqliyyat Müəssisəsi; «Bakımetrolayihə» İnstitutu; Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi; İstehsalat Texniki Komplektləşdirmə İdarəsi.

«Bakı Metropoliteni» QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar bunlardır: Hərəkət Xidməti; Yol Xidməti; Tunel Qurğuları Xidməti; Elektrik Təchizatı Xidməti; İşarəvermə və Rabitə Xidməti; Elektromexanika Xidməti; Əsaslı Təmir Xidməti; Depolar üzrə iş Departamenti; Birləşmiş emalatxanalar; Avtomotonəqliyyat Xidməti; «Bakı Metropoliteni»nin Sağlamlıq Mərkəzi.

 





05.07.2014    çap et  çap et