Vaxt.Az

Ermənistan qapıda qalıb


 

İşğalçı ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlük sazişi yenə təxirə salınıb

Ermənistan qapıda qalıb Ermənistanda ölkənin Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunması ilə bağlı narahatçılıq dolu müzakirələr davam edir. Gəlinən qənaət bundan ibarətdir ki, ölkənin quruma üzv qəbul olması belə getsə təxirə düşəcək. Ötən gün Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov da bəyan edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunması haqqında sazişin imzalanması tarixi növbəti dəfə təxirə salınır. «Müvafiq sənədlərin imzalanması cari ilin oktyabrında Avrasiya İqtisadi İttifaqına üzv olan dövlət başçılarının Minskdə keçirilən növbəti görüşü zamanı ehtimal olunur» – deyə Twitter yayımı çərçivəsində istifadəçinin sualını cavablayan İdrisov yazıb. Dörd ilə yaxın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində danışıqlar aparan Ermənistan hələ ötən ilin ortalarında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa hazır olduğunu bəyan etmişdi.


Lakin sentyabrın 3-də Rusiya prezidenti ilə görüşdən sonra prezident Serj Sərkisyan Ermənistanın Rusiya, Belarus və Qazaxıstanla Gömrük İttifaqına qatılmaq və daha sonra Avrasiya İqtisadi Birliyinin təsis edilməsində iştirak etmək «arzusunda» olduğunu bəyan etmişdi. Bundan sonra isə Avropa İttifaqı assosiasiya sazişinin artıq danışıqlar masasından qaldırıldığını bəyan etmişdi. Müxalif «İrs» Partiyasının sədr müavini Armen Martirosyan hesab edir ki, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması haqqında sazişin imzalanmasını uzadaraq Azərbaycanın da bu birliyə cəlb edilməsinə çalışır. Bakını bu prosesə cəlb etmək üçün Kreml Qarabağ məsələsində güzəştlər vəd etməyə hazırdır. «Öz məqsədinə nail olduqdan sonra Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü Rusiyanı maraqlandırmır. Putinin məqsədi «Avropa Tərəfdaşlığı»nı dağıtmaq olub» – deyə Martirosyan Yerevanda jurnalistlərə deyib.

Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq üçün lazım olan sənədlərin hazırlanmasındakı əzmkarlığını hətta Rusiya rəsmiləri xüsusilə qeyd edib. Lakin rəsmi Yerevanın «yaxın zamanda» sazişi imzalamaq tarixi dəfələrlə təxirə salınıb. Avrasiya İqtisadi Birliyinə ölkə başçılarının 29 mayda Astana sammitində Ermənistanın təşkilata qəbul olunması sazişinin iyulun 1-dək hazırlanması qeyd olunsa da, sənədin imzalanma tarixi göstərilməmişdi. Lakin imzalanma tarixinin mütəmadi olaraq təxirə salınmasının səbəblərinə dair suala Ermənistan baş naziri də aydın cavab verməyib. «Bu, Avrasiya İqtisadi Birliyinə üzv ölkə rəhbərlərinin görüşündən sonra aydın olar. Hər halda, mən hesab edirəm ki, bu proses baş tutacaq. Müddət məsələsində dəyişiklik ola bilər» – deyə Ovik Abramyan deyib.

Öz növbəsində Ermənistanın sabiq xarici işlər naziri Armen Arzumanyan hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı proseslər Yerevandan asılı olmayaraq inkişaf edir. O hesab edir ki, Ermənistan hökumət nümayəndələrinin bu prosesdən xəbəri yoxdur. Onun sözlərinə görə, Gömrük İttifaqının təsisçi olan üç ölkə arasında da tənzimlənməyə ehtiyac olan ziddiyyətlər az deyil. «Hər necə olsa da, mən Ermənistanın Avrasiya İttifaqına daxil olmayacağına ümid edirəm» – deyə Arzumanyan deyib.

Xatırladaq ki, Ermənistan prezidenti bəyan edib ki, ölkə Gömrük İttifaqına öz sərhədləri hüdudunda daxil olacaq və Dağlıq Qarabağın özü ilə bu quruma qatılmasına iddia etmir.

Mayın 29-da Astanada Avrasiya Ali İqtisadi Şurasının (AAİŞ) toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bəyanatını şərh edən Serj Sərkisyan bunun 10 nəfərdən ibarət Ermənistan nümayəndə heyəti üçün gözlənilməz olmadığını bildirib. Nursultan Nazarbayev Azərbaycan prezidentinin məktubuna istinadən Ermənistanın Gömrük İttifaqına BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində daxil ola biləcəyini bəyan edib. Sərkisyan «Nazarbayeva yerində cavab vermədiyinə görə onu təhqiranə vəziyyətə düşməkdə» suçlayanlara izah edib ki, «diplomatiya kişilik nümayiş etdirmək yeri deyil».

Özü də Ermənistanda Qazaxıstan prezidentinin Avrasiya İttifaqına üzv olmayan Azərbaycan prezidentinin «Ermənistan üçün yol xəritəsini» təklif etməsi və Ermənistan nümayəndə heyətinin yerində öz münasibətini bildirməməsi neqativ reaksiyalar doğurub. Sərkisyanın opponentləri Nazarbayevin bəyanatını «qardaş müsəlman dövləti Azərbaycanla həmrəylik və İlham Əliyevin sifarişini yerinə yetirmək» kimi şərh ediblər. Başlıcası isə onlar Ermənistan Gömrük İttifaqına üzv olduqdan sonra, faktiki vahid iqtisadi məkan kimi fəaliyyət göstərən Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi qoyulacağından və əslində Qarabağın Ermənistandan sərhədlə ayrılacağından ehtiyatlanırlar.

Gəlinən qənaət bundan ibarətdir ki, Avrasiya İqtisadi Birliyinə qoşulmaq üçün Ermənistan ya işğalçılıqdan imtina etməli, ya da Rusiyanın tərkibinə girməlidir. Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsində Ermənistan üçün həm iqtisadi, həm də siyasi xarakterli ciddi problemlər yaranıb. Rusiya problemlərin əsas qaynağı kimi Qazaxıstanı təqdim etsə də, Belarusun da Ermənistanın AİB-yə üzvlüyündə maraqlı olmadığı aydındır. Çünki rəsmi Astana və Minskin bu mövzuda əsas maraqları iqtisadiyyat üzərində qurulub. Ermənistan külli-miqdarda xarici borcu olan, iqtisadi inkişaf perspektivi olmayan dövlətdir. Qazaxıstan və Belarus «Ermənistan adlı borc yükünü öz üzərilərinə götürmək istəmirlər. Bundan əlavə, hər iki dövlətin sözügedən üzvlüklə bağlı siyasi iradları da var. Ermənistan qonşusu Azərbaycanın torpağını işğal edib və bu zaman müxtəlif dövlətlərin imkanlarından yararlanıb. Ermənistanın indi işğalçılığını davam etməsi Rusiyanın hesabınadır. Ermənistanı dəstəkləməklə Qazaxıstan və Belarus Rusiyanın MDB məkanındakı separatizm və işğalçılıq siyasətinə dəstək vermiş olurlar. Bu isə gələcəkdə bu iki dövlətin özünə qarşı çevrilə bilər. (kaspi.az)

 





05.07.2014    çap et  çap et